Putin 16 fevralda Ukraynaya hücum edəcək?

Putin 16 fevralda Ukraynaya hücum edəcək?
 

 

Baydenlə Putinin bir saat çəkən görüşü başa çatdı: Ağ Ev Kremlə Ukrayna məsələsi ilə bağlı xəbərdarlıq edib.

Bu xəbərdarlıq Baydenin Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyinə dair dedikləri fonunda diqqət çəkir və belə görünür ki, Vaşinqton atacağı cavab addımlarını Moskvanın diqqətinə çatdırmaqla onu hücumdan çəkindirmək niyyətindədir.

Hərçənd, “16 fevralda hücum” informasiyası suallar yaradır.

Bayden fevralın 11-də Avropa liderləri ilə Ukrayna məsələsini müzakirə etdi: məqsəd Rusiya təhlükəsinin ciddiliyini müttəfiqlərinə izah etmək və Avropanı, xüsusilə bu məsələdə Vaşinqtondan fərqli mövqe nümayiş etdirən Fransa və Almaniyanı Moskvaya qarşı cəbhədə birləşdirmək idi;

Bu görüşdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Rusiya Ukraynanın işğalına hər an başlaya bilər” açıqlamasını verdi. Daha sonra “Politico” nəşri “Bayden videokonfrans zamanı müttəfiqlərə bildirib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” xəbərini yaydı və geosiyasi təşviş yarandı.

Mümkündür ki, Bayden videokonfransda avropalı müttəfiqlərini anti-Rusiya cəbhəsində birləşməyə razı sala bilməyib və hücumun dəqiq tarixi ilə rus təhlükəsinin miqyasını nümayiş etdirmək istəyirlər. Çünki Fransa və Almaniya Rusiya təhlükəsinin ciddiliyi məsləsində ABŞ-la razılaşmır və Vaşinqton üçün onları inandırmağın yeganə yolu təhlükənin reallığını izah edə bilməkdir. İnformasiyanın yayılması da buna hesablanıb.

Birincisi, hücumun tarixi dəqiq göstərilir və bu, qlobal rəyi formalaşdırır;

İkincisi, qlobal rəy başqa ölkələrin Ukraynadan səfirliklərini və vətəndaşlarını çıxarmağına səbəb olur (artıq bir neçə ölkə bu prosesə başlayıb): bu, Avropaya rus təhlükəsinin və hücum planının reallığının əyani formada nümayiş etdirilməsinə imkan verən amildir;

Fransa ABŞ-la eyni fikirdə deyil. Bayden-Putin telefon söhbətindən öncə Makron Putinlə danışmışdı və bu müzakirədən sonra Yelisey sarayı hücumla bağlı informasiyanı təkzib etdi. Makron daha sonra Zelenski ilə danışıb və “Normand formatında” danışıqların davam etdirilməsini müzakirə edib: bunlar Baydenin müttəfiqlərini öz cəbhəsində birləşdirə bilmədiyi ehtimalını gücləndirir;

Rəsmi Kiyev də “16 fevral hücum” informasiyasını qəbul etmir, çünki belə xəbərlər ölkədə təşviş və iqtisadi itkilərlə nəticələnir. Və bu geosiyasi oyunda Ukrayna heç nə qazanmayan tərəf kimi qalmaqda davam edir.
Asif Nərimanlı

Paralel.az

0.0160231590271