Brejnevin “adyutantka”sı və karyerası...

 

Brejnevin “adyutantka”sı və karyerası... 
 

 

(“Qısa hekayələr” silsiləsindən) 

 

Dostlar, istəyirəm SSRİ-nin məlum rəhbəri mərhum Leonid Brejnevi yada salım, böyük kişidən danışım. Axı, bu gün onun ad günüdür. Deməli, II Dünya müharibəsində general rütbəsinə qədər yüksəlib. Moskvada 1945-ci ilin qələbə paradında qəhrəman kimi iştirak edib, sonra Ukraynaya qaqyıdıb. Cavanlıqda boy-buxunlu, çox görkəmli kişi olub - şəkil kimi. Deyirlər küçədə nəinki qadınlar, hətta kişilər də dönüb baxırmış... Təsəvvür edirsiz, 40 yaşında general, 27 yaşlı cavan “adyutantka”sını da özü ilə evlərinə gətirib... 

Amma evdə onu 37 yaşlı arvadı Viktoriya və 17 yaşlı qızı Qalina gözləyib. Ana-bala cəld qaçıblar Şəhər-rayon Partiya komitəsinə. Deyirlər Kommunist partiyası bu məsələlərə çox ciddi baxırmış. Hətta hər katib evdə yalnız bir arvad saxlayırmış. Qərəz, həmin gün gənc general Leonid Brejnevi çağırıblar Şəhər-rayon Partiya komitəsinə və birmənalı deyiblər: ya partbileti qoyursan stolun üstünə, ya da “adyutantka”nı göndərirsən dədəsinin evinə... Sən bizdən artıq-zadsan, nə olsun generalsan...

Gənc general, doğrudur, çətin seçim qarşısında qalıb, amma özünü, ən əsası isə partbiletini itirməyib. Cəld Partiya komitəsindən çıxıb, çaparaq gedib aerokassaya – gənc “adyutantka”ya bilet almağa. Burda Leonid Brejnevin eşq macərası qırılsa da, vəzifə karyerası başlayıb... Amma nəyin bahasına - elə həmin ildəcə kişi ağır ürək infarktı keçirib... Amma təzə infarktla, köhnə arvadla düz 36 il yaşayıb-yaradıb, əvvəl Moldaviyaya, sonra Qazaxıstana, sonda SSRİ-yə rəhbərlik edib...

 

Qalib Arif

Paralel.az

0.013801097869873