“Şərin ömrü əbədi deyil”

“Şərin ömrü əbədi deyil”
 

 

 

Nazilə Ağayeva yazır: 

Zorakılıq istənilən halda əxlaqsızlıqdır. Amma buna təəccüblənmək də sağlam düşüncə deyil. Nə gözləyirdik ki? Hər gün hansı şəkildəsə hər birimiz bu ölkədə hər hansı işgəncəyə məruz qalmırıqmı? Gözlərimiz qaralmaya bilər, amma ürəyimiz illərdir bu rejim üzündən qançır deyilmi? Üstümüzdən keçib bizi həşarat kimi əzənlər dünən əyani seans verdilər. Seyr edib üzülməkdən savayı əlindən heç nə gəlməyən xalqın ümummili rəsmidi bu tablo. Bir fərqlə ki, əsərin qəhrəmanı  Tofiq Yaqublu heç düşünmədən canını ortaya qoya bilir. Həm də sabah bu ağrı-acını asanlıqla unudub hər hansı şou-gündəmə köklənəcək toplum üçün. Amma nolur-olsun son nəfəsində anasının əlindən tutub onu qoxlamaq haqqı əlindən alınmış bir oğulun canını belə xəsarətlərlə qorxutmaq da mümkün deyil. Demək ki, zorakılıq həm də zəiflik əlamətidir.

Əzab insanı kamilləşdirir kimi təsəllini xoşlamıram, amma əzab insanı sərtləşdirir məntiqinı Tofiq qardaşımın simasında inkar etmək də olmur.

Hamımızın gözləri qaralanacanmı çəkəcək bu zülmət? Yoxsa elliklə qançır ürəklərimizi Qorkinin Dankosu kimi əlimizdə məşəl edənəcənmi? Pafosla bitirdi deməyin, hətta narkozlardan narkomana dönmüş mənim yaddaşımdan silinməyibsə bu sitat, demək ki şərin ömrü əbədi deyil.

Keçmiş olsun demirəm, haqqımız olan gələcək gəlsin. Biz gətirə bilməsək də ilahi bir güclə gələcək o günlərdə artıq başqa statuslar yazılacaq. Məsələn, rəhmətlik Nazlı Ağayeva demişkən-zadla başlanan...

P. S. Qüsura baxmayın, Pafos ölkəsində özünü reklamsız olmur.

Paralel.az

0.019082069396973