Nizami Gəncəvinin dövlət idarəçiliyi və ədalət anlayışının əsasları

Nizami Gəncəvinin dövlət idarəçiliyi və ədalət anlayışının əsasları
 

Siracəddin Hacı yazır...

“Yeddi gözəl” məsnəvisi, o sıradan “Bəhramın ədalət xütbəsi” adlı bölmə bu suallara cavab vermək üçün yazılmışdır: Allah hakimiyyəti kimə verər? Hakimiyyətin davamlı olması nəyə bağlıdır? Hakimiyyət nemətinin geri alınmasının səbəbi nədir? Hakimiyyət nemətinin şükrü necə yerinə yetirilər? Dövlət idarəçiliyinin əsasları hansılardır? Dövlət başçısının hansı özəllikləri olmalıdır?;   

- hakimiyyət ilahi nemətdir;  
-
gerçək hakimiyyətin sahibi Allahdır;

- O hər şeyin sahibidir;
- Allah mükəmməl idarəçidir;
- O, hakimiyyəti seçdiyinə verər;
- Allah hakimiyyətə gəliş qanununun tələblərini yerinə yetirəni seçər;
- hakimiyyət nemətinin davamlı olması ədalətə bağlıdır;
- hakimiyyət nemətinin şükrü hər kəsə ədalət, hər kəsə mərhəmət, hər insana xidmətdir;
- hakimiyyət zülm vasitəsinə çevrilsə, geri alınacaq;
- zəfəri özündən bilsən, bu, təkəbbürə, təkəbbür mənəvi korluğa, mənəvi korluq həqiqətdən məhrum qalmağa, həqiqətdən məhrumluq nemətin gerçək sahibini, ilahi təyinatını unutmağa, o da nemətin itirilməsinə səbəb olacaq;
- hakimiyyəti verən də, alan da Allahdır;
- hakimiyyət imtahan vasitələrindən biridir;
- ədalət neməti bərəkətləndirir, zülm bərəkəti yox edir;
- bərəkət sözü üç anlamı əhatə edir: xeyirli, çox, davamlı olsun;
- Allahı tanıyan ona şükür edər;
- şükür nemətin sahibinin Allah olduğunu bilmək, ondan ilahi təyinatına uyğun istifadə etməkdir;
- şükür dillə, qəlblə, əməllə olar;
- şükür neməti artırar;
- hər nemətin şükrü öz cinsindəndir;
- insan olmağın şükrü Allaha təslimiyyət, övladın şükrü gözəl tərbiyə, ağlın şükrü düşünmək, qəlbin şükrü iman, vicdanın şükrü mərhəmət, sərvətin şükrü paylaşmaq, sözün şükrü həqiqəti söyləmək, yazmaq, insanlığın şükrü xeyri, ədaləti, barışı, mərhəməti, əxlaqı çoxaltmaqdır;
- hökmdar xalqla arasına qılıncı deyil, ədaləti qoymalıdır;
- xalqı zorla, zülmlə, qorxu ilə deyil, ədalətlə özünə bağla;
- hakimiyyətlə xalqı bir-birinə bağlayan ən etibarlı körpü ədalətdir;
- zülmdən qorxulu – düşmən, ədalətdən xeyirli dost yoxdur;
- ədalət hər şeyi ilahi təyinatına uyğun yerdə tutmaq, zülm hər şeyi ilahi təyinatından uzaqlaşdırmaqdır;
- zülm günahkarları və günahları, oğruları və oğurluğu, qatilləri və qətlləri, yolkəsənləri və yol kəsməyi çoxaldar;
- zülm ağılın, iradənin, istedadın, elmin, inkişafın düşmənidir;
- zülmün varlıq səbəbi cəhalət, qorxu, yoxsulluqdur;
- zülm haramı, ədalət halalı çoxaldır;
- siyasətin əsası idarəçilikdir – siyasət idarəetmə sənətidir;
- harada nizam varsa, orada ədalət, harada qarışıqlıq varsa, orada zülm hakimdir;
- məmurlar pozulsa, dövlət idarəçiliyi pozular;
- məmurlar doğru seçilməli, iş işi bilənə verilməlidir;
- balıq başdan iylənər;
- məmurlara nəzarət şərtdir;
- əmr, qərar verə, nəzarət və tələb edə bilməyəndən başçı olmaz;
- başçı ölkəyə ailəsi kimi baxmalıdır;
- rəhmətin, barışın, hüzurun, sevginin, bolluğun, inkişafın əsası ədalətdir;
- düzlük iki dünyanın sərmayəsidir;
- hər xəstəlik ziddi ilə sağalar: cəhalətin ziddi elm, zülmün ziddi ədalət, nifrətin ziddi sevgidir...;
- ədalət iki dünyanın səadətinə yol açır;
- dövlətin mərkəzində insan olmalıdır, insan dövlət üçün deyil, dövlət insan üçündür;
- nəzarət və cəza olmasa, ədalət təmin olunmaz;
- əxlaqdan qopmuş siyasət fəlakət qaynağıdır;
- öncə siyasət əxlaqını öyrən, sonra siyasətlə məşğul ol;
- siyasi liderlik üçün gözəl nitq də şərtdir;
- zalımın ən güclü müxalifəti zülmdür, onu devirəcək;
- Bəhramın idarəçilik üsulu budur: ədalətli qanunlar qoy, işini bilən məmurlar seç, onları qorxu və ümid arasında tut, qəbul etdiyin qanunları tətbiq et, icraya nəzarət sistemi qur, hesabat tələb et, mütəxəssislərlə məsləhətləş, cəza, mükafat qurumunu çalışdır, işçilərinə örnək ol, sözünlə işin üst-üstə düşsün;
- ciddi islahatlar müqavimətlə qarşılaşacaq;
- böyük ağlı, elmi, insan sevgisi, siyasəti, cəsarəti, iradəsi olmayan ciddi islahatlar gerçəkləşdirə bilməz;
- cəsarət dosta ümid, düşmənə qorxu verir;
- ədalət dostları sevindirər, düşmənləri yasa batırar;
- diplomatiyanın arxasında siyasi, hərbi, iqtisadi güc, xalqın güvəni dayanmalıdır;
- Allahın rizasını qazanmağın yolu insanları razı salmaqdır, insanları məmnun etməyin yolu da ədalət və mərhəmətdir;
- lider ümid verən insandır;
- ümidin anası ədalət, meyvəsi sevgidir;
- dövlət idarəçiliyinin altı əsası var: həqiqət, ədalət, əhliyyət və ləyaqət, məşvərət, mərhəmət, ümid;
- lider bağışlama qapısını açıq tutmalıdır;
- ədaləti təmin etmək üçün ağıllı, elmli, arif, əxlaqlı, cəsur, iradəli, mərhəmətli insanlarla işləmək zərurətdir;
 
Paralel.az
0.097110986709595