“Azergold” QSC məsələyə aydınlıq gətirdi

“Azergold” QSC məsələyə aydınlıq gətirdi
 

 

 

Paralel.az xəbər verir ki, Azergold” QSC sosial şəbəkələrdə qurumun keçirdiyi tenderdə qalib gəlmiş şəxsin şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu olması ilə bağlı gedən müzakirələrə münasibət bildirib.

QSC-dən bildirilib ki, son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır:

“Bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib və Cəmiyyətin rəhbərliyi, ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir. Onların həmin şirkətlərlə hansısa əlaqəsi yoxdur.

Rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər. 

Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur”.

Həmçinin məlumatlarda “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimov “AZCD Group” QSC və “Buta Construction” şirkətlərinə rəhbərlik etdiyi də bildirilir. Və qeyd edilir ki, rəhbərlik etdiyi şirkət Daşkəsən rayonunda Çovdar  filiz emalı sahəsi üzrə keçirilən müvafiq tenderin qalibi olub.  

Şahnaz, Paralel.az

 

0.015075206756592