Kamran Əsədov yazır...

Kamran Əsədov yazır...
 

 

Artıq ölkədə payız fəslidir, amma payız Səttar Bəhlulzadənin "Qızıl axşam” və ya İngilis rəssam Riçard Mak Neylin “Şəhərdə payız” əsərindəki kimi gözəl, Norveç yazıçısı Knut Hamsunun "Payız ulduzları altında" əsərindəki kimi romantik deyil. Bu payız rejissor Yuri Kuşnerevin çəkdiyi "Payız marafonu" filmindəki kimi  hüznü, soyuq, dumanlı, çiskinkidir. 

Günlərdir ki, valideynlər, müəllimlər, şagirdlər sosial şəbəkələrdə və digər elektron resurslarda soyuqdan kütləvi halda şikayətlənirlər. XXI əsrdə, ordusu qısa müddətdə düşməni məhv edən, şagirdləri beynəlxalq olimpiadalarda öndə olan, beynəlxalq qiymətləndirmələrdə irəliləyiş əldə edən, məktəbləri ağıllı lövhələr ilə təmin olunan sistemin məktəbində istilik verilməsi təmin edilmir. Yəni məktəbə qiymətli və paslanmayan metaldan zibilqabı verən orqan, ona yandırmaq üçün oduncaq verə bilmir.

Mövcud vəziyyəti yaxından öyrənmək üçün sosial şəbəkə hesablarımda sorğu keçirtdim. Bu problemin əsasən kənd rayonlarında olduğunu təxmin etsəm də sonradan yanıldım. Məlum oldu ki, ölkənin paytaxtında – Bakı şəhərinin əksər məktəblərində hələ də istilik sistemi işə salınmayıb.

Əvvəllər məktəbləri oduncaq və dizel yanacağı ilə yerli icra hakimiyyəti orqanlarına tabe olan təhsil qurumu təmin edirdi. Lakin hazırda bunu birbaşa Təhsil Nazirliyinə tabe olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri həyata keçirdir. Demək bu məsələdə bütün məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür.

Keçən ilin qışında pandemiya dövründə təhsilin əyani təşkili əsasən mümkün olmayıb. Bu o deməkdir ki, keçən il oduncaq və ayrılan yanacağ pulundan cüzi istifadə edilib, onlar ehtiyatda qalıb. Bununla belə bu il artıq qar yağan rayonların məktəblərində oduncağın verilməməsi çox qəribə hadisədir.

Bu ilin may ayında Təhsil naziri ƏMHM-lərin məhz yanacaq və oduncaq məsələsinə görə yoxlanması barədə əmr imzalamışdı. Son günlərdə bu yoxlamanın nəticəsi barədə nazir yenidən əmr imzalayıb, onlarla ƏMHM və RTŞ əməkdaşına, məktəb rəhbərlərinə xəbərdarlıq və inzibati tənbeh  tətbiq edib. Verilən əmrin icrasının 6 aydan artıq vaxt aparması və növbəti qış rejiminin başlanmasına qədər təkrar eyni problemin yaşanmasına heç cür bir izah vermək olmur. Belə çıxır ki, əgər bu qış eyni problem olmasaydı keçən ilin vəziyyətinə görə heç kim cəzalanmazdı və ya onlar bu yoxlamalardan nəticə çıxartmayıblar. Əgər doğrudan da bu yoxlamalar növbəti ildə problemin həlli üçün atılmışdısa niyə bu il qış rejiminin daxil olmasından əvvəl Təhsil Nazirliyi buna ciddi hazırlaşmayıb? Nazirin əmrində yoxlama aparılan 14 mərkəzin 7-nin fəaliyyətinin qeyri-qənaətbəxş olması qeyd edilib. Maliyyə yeyintisi kimi ciddi nöqsanlara yol verən, hələ də məktəbləri soyuq saxlanmaqla şagirdlərin kütləvi sürətdə dərsdən yayınmasına günahkar olan məsul şəxslərin xəbərdarlıq və töhmətlə məsuliyyətdən yayınması təəssüf hissi doğurur. Təhsil Nazirliyinin heç bir maliyyə problemi olmamasına rəğmən belə kiçik məsələni belə operativ həll edə bilməməsi mövcud kadrların yerində olmadığını, yarasız və məsuliyyətsiz olduğunu göstərən amildir.

 

Paralel.az

0.01252007484436