Əhməd Seyidovun söylədiyi ibrətamiz pritça
Firuz Mustafa yazır:
Orada söhbət ali insani keyfiyyətdən gedir
Əhmər Seyidov görkəmli pedaqoq, istedadlı alim idi. Qazaxda doğulmuş, hələ çar Rusiyası dönəmində Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirmişdi. Uzun illər Pedaqoji Universitetdə müəllim, kafedra müdiri olmuşdur. Kommunsist Partiyasının üzvü olmasa da, İkinci Dünya müharibəsi zamanı o vaxtkı Maarif komissarı böyük yazıçımız Mirzə İbrahimovun təkidi və təklifi ilə Universitetin rektoru olmuş, on ilə yaxın bu vəzifədə çalışmışdır.
Doğulduğu kənddə onu adətən ya “uşitel Əhməd”, ya da “rus Əhməd” deyə çağırıblar. Yəqin ki, bu yerdə xatırladınız ki, Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanının qəhrəmanlarından birinin adı məhz “rus Əhməd”dir.
Əhmər müəllim mənə dərs deməmişdi. Amma yadımdadır ki, tələbə elmi cəmiyyətindəki bir çıxışım onun xoşuna gəlmiş, xoş sözlər demişdi. Ucaboy, iri cüssəli, qalın dodaqlı, beli azacıq irəliyə doğru əyilmiş Əhməd müəllim zahirən sərt təsiri bağışlayırdı. Lakin o, daxilən mülayım, kövrək bir insan idi.
Əhməd müəllimin tez-tez iclaslarda söylədiyi məşhur bir pritçası vardı. Bu folklor nümunəsinin məzmunu təxminən belədir: Od, Su və Vicdan dost olurlar. Dar ayaqda, çətin vaxtlarda onlar həm bir-birlərinə, həm də başqalarına əl tutur, kömək edirlər. Günlərin bir günü ayrılıq dəmi gəlir. Dostlar qüssəlidirlər.
Vicdan soruşur ki, yaxşı, bəs biz gələcəkdə bir-birimizi itirsək necə tapışacağıq? Su deyir ki, harada yaşıllıq görsəniz məni orada tapa bilərsiz. Od deyir ki, harada tüstü görsəniz məni orada taparsız. Vicdan isə deyir ki, məni itirməyin, çünki itirsəniz bir daha tapa bilməyəcəksiniz.
Həmin pritçada söylənilən bu ibrətamiz hadisə əsasında böyük yazıçımız İsmayıl Şıxlı sonralar dolğun, mənalı bir hekayə yazmışdır. Tanınmış şair Oqtay Rzanın da bu mövzuda bir şeiri var.
Əhməd Seyidovun oğlu Fikrət Seyidov bir müddət Pedaqoji Universitetin rektoru olmuşdur.
Yeri gəlmişkən, Dillər Universitetinin keçmiş rektoru və indiki millət vəkili Səməd Seyidov da Əhməd müəllimin nəvəsidir.
Mən vaxtilə təmasda olduğum müdrik insanları, onlardan eşitdiyim ibrətamiz söhbətləri xatırlayıram. Bəli, Əhməd müəllim düz deyirdi: vicdan insana xas olan yeganə keyfiyyətdir ki, onu bir dəfə itirənlər sonralar heç vaxt tapa bilmirlər.
Paralel.az