Mən nəyə təəccüb edirəm ?! 

Mən nəyə təəccüb edirəm ?! 
 

 

Dostlar, mən artıq 6-cı onilliyi yola salmışam, az qala peyğəmbər yaşındayam. Heç nəyə və heç zaman təəccüb etmirəm, heyrətlənmirəm. Bilirəm ki, adama yarım əsr sədaqətlə xidmət edən ürəyi də birdən dayana bilər, adamla bir əsr çörək kəsən köhnə dostu da xəyanət edə bilər. Bəli, dünyanın işini bilmək və dünyanın işinə təəccüblənmək olmaz. Mən bütün bunları bilirəm, amma yenə nəyə isə təəccüb edirəm...

 

Məsələn, bizim xalqımız yayın istisində bizə müftə gələn suyun qiymətini iki dəfə qaldırdığına görə bizim hökumətə, “Tarif Şurası” adlanan həmin “dəhşətə” irad bildirmir. Məsələn, bizim xalqımız qışın soyuğunda bizə müftə gələn qazın qiymətini az qala, iki dəfə qaldırdığına görə bizim hökumətə, “Tarif Şurası” adlanan həmin “vəhşətə” irad bildirmir. Amma İran hökumətini Ermənistana dəstək verdiyinə, Rusiya hökumətini Dağlıq Qarabağı işğal etdiyinə görə ittiham edir, irad bildirir. Sizi bilmirəm, amma mən təəccüb edirəm, hətta heyrətlənirəm...

 

Yani bizim xalqımız bilmir ki, hökumətlərin qonşuları, qardaşları, hətta dostları olmur, hökumətin ancaq maraqları olur. Bəli, Dağlıq Qarabağı işğal etmək Rusiya hökumətinin marağındadır. Əks halda, Azərbaycanla Ermənistan Türkiyənin vasitəçiliyi ilə Dağlıq Qarabağ problemini həll edə və böyük sülh əldə edə bilər. Böyük sülhün bağlanması isə Rusiyanın Cənubi Qafqazdan getməsi deməkdir. Rusiya isə, buna yol vermək, getmək istəmir. Qonşu İran da oxşar səbəblərdən erməniyə dəstək verir, Şimali Azərbaycanın güclənməsini istəmir. Bu gün Iranda Cənubi Azərbaycan problemi aktualdır, 30 milyondan çox azərbaycanlı kompakt şəkildə yaşayır. Şimali Azərbaycanın güclənməsi Cənubi Azərbaycanın müstəqillik istəməsi ilə nəticələnə bilər. Odur ki, İran Rusiya kimi birbaşa müdaxilə edə bilməsə də, Azərbaycanın düşməninə dəstək verir, erməninin əli ilə zərbə vurmaq istəyir...

 

Nəhayət dostumuz, qardaşımız Türkiyə. Oxucu haqlı olaraq soruşa bilər ki, bəs Türkiyə hökumətinin maraqları yoxdurmu?! Təbii ki, var. Sadəcə olaraq, hazırkı məkanda və zamanda bu maraqlar Azərbaycanın maraqları ilə üst-üstə düşür. Ermənistan yalnız Azərbaycana qarşı yox, həm də Türkiyəyə qarşı torpaq, təzminat iddiasındadır. Bu gün Ermənistanı dəstəkləyənlər də yalnız Azərbaycana yox, həm də Türkiyəyə qarşı çıxanlardır. Yani bizim yalnız maraqlarımız yox, həm də düşmənlərimiz üst-üstə düşür. Odur ki, biz bir millət, iki dövlətik. Bu məqamda yəqin ki, bütün oxucular mənim opponentimə çevriləcək və üstümə gələcək. Amma əlahəzrət faktlar göz qabağındadır. XX əsrinə əvvəlinə və sonuna nəzər salmaq və araşdırmaq səlahiyyətlərini opponentlərimə verirəm. Özüm isə təəccüblənməkdə və heyrətlənməkdə davam edirəm... 

 

Qalib Arif

 

Paralel.az

0.030380010604858