QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə naziri Samir Şərifovun Agentliyin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsinin Agentliyin müvafiq idarəetmə strukturlarının formalaşmasındakı ləngimələrlə bağlı olması barədə açıqlamasına münasibət bildiriblər.
Həmin münasbətləri təqdim edirik.
Zaur İBRAHİMOV: "Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.
Bu fikirləri açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib.
Zaur İbrahimov qeyd edib ki, qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır.
“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib və yeni qurum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Sözügedən Fərmanla Agentliyin Nizamnaməsi təsdiqlənib. Agentliyin hüquq və vəzifələri müvafiq normativ-hüquqi aktlarla müəyyənləşib. Nizamnaməsinə görə Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir. Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib.
Təəssüf hissi ilə qeyd edirəm ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilmədi. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrinin keçirə bilər.
Agentlik qrant müsabiqələrinin keçirilməsi üçün öz üzərinə düşən vəzifələrin icrasına çox məsuliyyətlə yanaşıb, QHT-lərə Dövlət Dəstəyi Şurasının praktikası təhlil edilib, təkmilləşdirilmələr aparılıb. Qrant müsabiqəsi elanı verilməsinə hazırlıqla bağlı qərar verib, bunu açıqlayıb. Qrant mövzularını QHT-lərlə məsləhətləşərək müəyyən edib. Elektron resurslarını yeniləyib. Yeni qrant siyasətinin layihəsini hazırlayıb. Yeri gəlmişkən yeni qrant siyasəti sənədinin son variantının hazır olması üçün də Nazirlər Kabinetinin qərarlarını gözləyirik. Agentliyin strukturu formalaşıb, işçi sənədlər qəbul olunub.
Agentlik bir çox hallarda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin, açıq qeyd etmək lazımdır ki, bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyəti izah edək.
Agentlik çalışır ki, qrant müsabiqələrinin keçirilməsi praktikası təkmilləşsin, QHT-lər üçün mümkün qədər əlverişli şərtlər müəyyən edilsin. Agentliyin yanaşması bundan ibarətdir ki, qrant müsabiqələrinin keçirilməsi zamanı ən yaxşı yerli təcrübələr, qabaqcıl standartlar nəzərə alınsın, formal, bürokratiya yaradan amillərin qarşısı alınsın. Mövcud ehtiyac və poetnsialı nəzərə alan Azərbaycanın hazırkı milli prioritetlərini nəzərə alan səmərəli, çevik qrant siyasəti yürüdülsün.
Ümid edirik ki, bütün dövlət qurumları bu istiqamətdə Agentliyə dəstək verəcəklər, nəzərə almaq lazımdır ki, Azərbaycanın parlaq qələbə qazandığı 44 günülük Vətən Müharibəsindən sonbra yaranmış yeni reallıqlar vətəndaş cəmiyyəti üçün yeni çağırışlar meydana çıxarıb. Bu çağırışlar Azərbaycanın milli maraqlarının beynəlxalq arenada müdafiəsi, erməni işğalı nəticəsində dəymiş ziyan, ermənilərin törədikləri talançılıq, ekoloji cinayətlər, flora və faunanın yox edilməsi, tarixi abidələrin məhv edilməsi ilə bağlı əməllərin beynəlxalq müstəvidə tanıdılması, bu cinayətlərə görə cavabdeh saxlanılması ilə bağlıdır.
Bu məsələlər Prezident İlham Əliyev tərəfindən də vacib vəzifələr kimi qeyd edilib. Bu kontekstdə vətəndaş cəmiyyətinin də üzərinə düşənləri etməsi üçün müvafiq dəstək göstərilməlidir. Vətəndaş cəmiyyəti ilə bağlı bir çox hallarda obyektivlikdən uzaq olan stereotiplər, yanaşmalar kənara qoyulmalıdır. Vətəndaş cəmiyyəti də öz fəaliyyətini yeni dövrün tələblərini nəzərə alaraq qurmalıdır.”
Əvəz HƏSƏNOV: "Sənədi olmayan pulu biz QHT-yə necə verə bilərik"?
“Bunlar nazirin öz fikirləridir. Ancaq cənab nazir bunu bilməmiş olmaz, yəqin məlumatsızlıqdan irəli gələrək belə bir açıqlama ilə çıxış edib. Amma Agentliyin Müşahidə Şurasında təmsil olunan əməkdaşından bu məsələləri soruşa bilərdi”.
Bu fikirləri açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov maliyyə naziri Samir Şərifovun QHT-lərə qrant ayrılması məsələsinin gecikməsinin nazirlikdən qaynaqlanmaması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Agentliyin QHT-lərə qrant verməsi Nazirlər Kabinetinin müvafiq sənədi təsdiq etməsindən sonra mümkündür: “Ancaq Nazirlər Kabineti həmin qaydaları təsdiq etməyib. Biz agentlik olaraq həmin strukturlara qaydaların hazırlanmasında kömək etdik və bunlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Bu məsələdən Maliyyə Nazirliyinin də xəbəri var. Çünki Maliyyə Nazirliyinin bir nəfər əməkdaşı Agentliyin Müşahidə Şurasının üzvüdür. Qrant ayrıılmasının gecikməsində bizdən asılı olan heç bir şey yoxdur. Əlimizdə tutaq ki, vəsait var. Ancaq sənədi olmayan pulu biz QHT-yə necə verə bilərik? Nazirlik bunu məncə, daha yaxşı bilir. Pulun təyinatı üzrə xərclənməsi üçün bizim əlimizdə heç bir sənəd yoxdur. Belə bir vəziyyətdə Agentliyi günahlandırmaq məncə, düzgün deyil".
Əvəz Həsənov vurğulayıb ki, mövzular, qrant meyarları, qrant məbləğlərinin limiti hazırlanıb: "Biz agentliyə əməkdaşlar işə götürmüşük. Çalışmışıq ki, əməkdaşlar start vəziyyətində olsun ki, Nazirlər Kabineti sənədi təsdiq etdikdən sonra dərhal qrantı elan edə bilək. Qrantla bağlı sentyabrda bizim Agentliyin Müşahidə Şurasının qərarı da var idi. Ümid edirdik ki, sənədimiz sentyabrın sonunda təsdiqlənsə, biz artıq oktyabrın əvvəli və ortalarında qrant elan edə bilərdik”.
Xatırladaq ki, maliyyə naziri S. Şərifov bugünkü açıqlamasında qrant məsələsi ilə bağlı problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlərin əsassız olduğunu bildirib: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.
Azər ALLAHVERƏNOV: "Qaydalar yoxdursa, qrant elanı da oluna bilməz".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, bu məsələnin agentliyin Müşahidə Şurasının heyətinin formalaşıb-formalaşmamasına, eyni zamanda strukturun yaradılıb-yaradılmamasına heç bir aidiyyəti yoxdur.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov mediaya bildirib ki, bu məsələnin agentliyin Müşahidə Şurasının heyətinin formalaşıb-formalaşmamasına, eyni zamanda strukturun yaradılıb-yaradılmamasına heç bir aidiyyəti yoxdur.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında tərkib dəyişikliyi olmayıb, tamamilə yeni bir struktur yaradılıb. Bu strukturun heyəti müəyyənləşib və agentliyin nizamnaməsi təsdiq olunub: “Nizamnamənin 3.1.12-ci bəndində qeyd olunur ki, qrant müsabiqələr Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq olaraq elan olunur. Qaydalar yoxdursa, qrant müsabiqəsi birmənalı olaraq elan oluna bilməz. Bu, agentliyin Müşahidə Şurasının heyətinin gec və ya tez formalaşması ilə əlaqədar deyil. Vəsait həqiqətən də var. Əvvəlki qurumun da 2021-ci ilə dair təsdiq olunmuş büdcəsi var. Həmin vəsait də Şuranın hesabına ilin əvvəlində köçürülüb. Biz cənab Prezidentin fərmanı ilə həmin qurumun varisi hesab olunuruq. Bu, o demək deyil ki, onun vəsaitini istədiyimiz kimi xərcləyə bilərik. Bizim fəaliyyətimizi tənzimləyən hüquqi çərçivələr var”.
A.Allahverənov qeyd edib ki, QHT-lər üçün qrant müsabiqələrin elan olunması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesini müəyyən edəcək digər aidiyyəti dövlət orqanları ilə birbaşa əlaqədardır ki, bu da Nazirlər Kabinetinin 29 aprel 2021-ci il sərəncamının 3-cü bəndində öz əksini tapıb: “3.1-ci bənddə isə bildirilir ki, həmin qurumlar agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzəratin həyata keçirilməsi icra olunan layihələrin monitorinqi və qiymətləndirilməsinin aparılması qaydası layihəsini iki ay müddətinə Nazirlər Kabinetinə təqdim etsin. Müşahidə Şurası gözləmirdi ki, adıçəkilən qurumlar Nazirlər Kabinetinə öz təkliflərini irəli sürsünlər.
Şura tərəfindən üzvlərimizdən ibarət İşçi Qrupları formalaşdı. Bununla bağlı çox ciddi sənədlər toplusu qəbul olundu. Biz o sənədləri hazırladıq, müəyyən müzakirələr apardıq. Nəticə etibarilə son sənədləri müvafiq olaraq aidiyyəti qurumlara təqdim etdik. Gözləmədik ki, o strukturlar hansısa qaydaları tərtib edəcəklər. Biz sadəcə prosesi bir qədər sürətləndirmək məqsədilə öz tərəfimizdən müəyyən tövsiyələr verdik. Məsələn, layihələrin yuxarı-aşağı həddi, qiymətləndirilməsi, monitorinqi və digər ciddi məqamlarla bağlı öz tərəfimizdən müəyyən tövsiyyələr irəli sürdük. Qrant müsabiqəyə hazırlıqla bağlı sentyabrın 16-da Müşahidə Şurasının iclasını keçirdik və mühüm qərarlar qəbul etdik. Ümid edirdik ki, həmin qaydalar tez bir zamanda təsdiq olunacaq ki, bundan sonra biz qrant müsabiqələri elan edə bilərik”.
Azər Allahverənov əlavə edib ki, qrant elanı yalnız müəyyən olunmuş qaydalar çərçivəsində baş verir. Əgər qaydalar varsa, o çərçivədə elan oluna bilər. Qaydalar yoxdursa, elan da oluna bilməz:
“İqtisadiyyat Nazirliyi başda olmaqla, aidiyyəti strukturlar, həmin qaydalarla bağlı işçi qrupu yaradıblar. Əsasən hazır sənədlər üzərindən yenidən məsləhətləşmələrin aparılması planlaşdırılır. Biz də öz tərəfimizdən Müşahidə Şurasının üzvünü o iclasa tövsiyə etmişik. Yəni işçi qrupu öz fəaliyyətini hazırda təşkil etmək mərhələsindədir. Ola bilər ki, hansısa instansiyada hansısa tövsiyə ilişib qalsın. Amma bu istiqamətdə də müəyyən işlər həyata keçirilir. Real vəziyyət belədir. Ancaq strukturun tez və ya gec təsdiq olunmasının qrant müsabiqənin elan olunması məsələsinə aidiyyətinə yoxdur. Hələlik əlimizdə təsdiq olunmuş qaydalar yoxdur, buna görə də biz təəssüf ki, qrant müsabiqələri elan edə bilmirik. Həqiqətən də həssas bir mövzudur. Hesab edirəm ki, qurumlar öz arasında əlaqələndirmə işlərini bir qədər də sürətləndirməlidir, hətta bu prosesdə Müşahidə Şurası yaxından dəstək olmağa hazırdır. Biz həmişə də dəstəyimizi əsirgəməmişik. Təklif və tövsiyələrimizlə aidiyyəti strukturların qarşısında çıxış etmişik. Bu proses nə qədər tez sürətlənsə, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT-lərin maraqlarına cavab verən hal olar. Bu, hamı üçün arzuolunandır, biz də səbirsizliklə qaydaların təsdiq olunmasını gözləyirik”.
Nurəddin MEHDİYEV: "Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nazirlər Kabinetinin qəbul edəcəyi qərarı gözləyir".
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öhdəsinə düşən vəzifəni düzgün icra edir. Dövlət Agentliyi fəaliyyətini müvafiq qaydalara uyğun həyata keçirir”.
Bunu mətbuata açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib.
O xatırladıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılıb: “Fərmana əsasən, həm də QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edilib. Bu Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilmə qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öhdəsinə düşən vəzifəni düzgün icra edir. Dövlət Agentliyi fəaliyyətini müvafiq qaydalara uyğun həyata keçirir”.
Mediaya açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib.
O xatırladıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılıb: “Fərmana əsasən, həm də QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edilib. Bu Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilmə qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı təkliflər hazırlansın. Nazirlər Kabinetinin 29 aprel 2021-ci il tarixli sərəncamı, hər şeydən əvvəl dövlət başçısının müvafiq fərmanında nəzərdə tutulan məhz bu məsələlərin həlli ilə bağlıdır. Həmin sənədə əsasən, qrant müsabiqələrinin keçirilməsi qaydası İqtisadiyyat Nazirliyinə həvalə olunur. Artıq nazirlik müvafiq sənədləri hazırlayıb, Dövlət Agentliyi də öz növbəsində Ədliyyə və Maliyyə nazirlikləri ilə yanaşı, bu sənədlərə müvafiq rəy və təkliflərini təqdim edib. Nazirlər Kabineti tərəfindən bu qaydalar təsdiq edilməyənə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant maliyyələşməsi ilə bağlı müsabiqə keçirmək hüququ yoxdur”.
Şura üzvü qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin daha tez keçirilməsində və QHT-lərin müxtəlif layihə və təşəbbüslərinin dəstəklənməsində daha çox maraqlıdır: “Bu ilin sentyabrın 16-da Agentliyin Müşahidə Şurasının qrant müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı iclası keçirilib. İclasda müsabiqə mövzuları təsdiq olunub”.
“Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nazirlər Kabinetinin qəbul edəcəyi qərarı gözləyir”, – N.Mehdiyev vurğulayıb.
Günel SƏFƏROVA: "Nə üçün Maliyyə Nazirliyi tərəfindən hədəf olaraq Agentlik göstərilib"?
Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova mətbuata açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının davamı deyil:
“Şura ləğv olunub, Agentlik isə yeni yaranıb. Agentliyin də ancaq Müşahidə Şurası təsdiqlənmişdi. Qurum ləğv olunanda avtomatik onun işçiləri də işdən çıxarılır və Katiblik olmur. Yeni qurum formalaşanda bütün struktur yeniləşir, həm də onun hesabı yeni olur. Yəni yeni bir qurum üçün tələb olunan qaydalar buna şamil olunur.
Agentliyin ştat cədvəlinin təsdiqi sentyabr ayına qədər çəkdi. İşçi ştat heyəti 40 nəfərdən 20 nəfərə salındı. İşə götürmə prosesi, fərmandan da irəli gələrək Şuranın köhnə işçilərinin işə bərpası məsələsi və s. zaman alan prosesdir.
Digər tərəfdən, meyarlarla bağlı sənədlər də hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bunların hamısı təsdiqləndikdən sonra Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri qrant müsabiqəsi elan etməkdir. Bu proseslər hamısı başa çatandan sonra qrant müsabiqəsi elan edəcəyik. Biz də istəyirik ki, bu ilin büdcəsi geri qayıtmasın.
QHT-lər bir ilə yaxındır ki, dövlət dəstəyindən çox az faydalanır. Agentlik olaraq biz də maraqlıyıq ki, qrant müsabiqəsi elan edək və QHT-lər öz istiqamətlərinə uyğun fəaliyyət göstərsin. Burada Agentliyin hədəf göstərilməsi doğru deyil. Biz tələb olunan sənədləri vaxtından tez hazırlayaraq təqdim etmişik. Mənim özümə də təəccüblü oldu ki, nə üçün Maliyyə Nazirliyi tərəfindən hədəf olaraq Agentlik göstərilib”.
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov açıqlamasında bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirib. Maliyyə naziri deyib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.
Paralel.az