Gələcəyimiz olan uşaqları
necə tərbiyə edək?

 

Gələcəyimiz olan uşaqlarınecə tərbiyə edək? 
 

Azərbaycanda uşaq əməyindən istifadə genişlənməkdədir

 Azərbaycanda uşaqların Vətənə layiqli vətəndaş kimi yetişdirilməsində birinci - ibtidai institut ailədir. Bu dünyanın əksər ölkələrində, o cümlədən əhalisi müsəlman və türk soylu olan dövlətlərdə belədir. Lakin bəzi hallarda ailənin müəyyən problemləri üzündən o bu işin öhtəsindən gəlmək iqtidarında olmur. Bəzən valideynlərin sağlamlığının yerində olmaması, bəzən isə onların zərərli vərdişləri üzündən uşaqlar ailə tərbiyəsindən məhrum olurlar. Belə hallarda dövlət mütləq ailəyə və uşaqlara dəstək olmalıdır ki, gələcək vətəndaşlarımız olan uşaqların təlim və tərbiyəsində qüsurlar yer almasın.

Valideyn zərərli vərdişlərə malikdirsə, bu ailədə böyüyən uşaqların da gələcək həyatı, çox böyük ehtimalla, valideynin həyatına bənzər istiqamətdə inkişaf edəcək.

Orta statistik Azərbaycan ailəsi dörd nəfərdən ibarətdir. Belə olan halda hər zərərli vərdişlərə malik valideyin öz ailəsində cəmiyyətə iki naqis tərbiyəli üşaq verir. Bu isə zaman axarında naqis tərbiyəli gənclərimizin, o cümlədən də ailələrimizin artmasına səbəb olur. Ona görə də, fikrimizcə, dövlət ailənin sütunu sayılan valideynlərin həyat tərzi ilə maraqlanan, onların problemləri ilə ən azı ictimai qaydada məşğul ola bilən bir institutun yaradılmasına nail olmalıdır. Bir qədər kobud ifadə etsək, dövlət və cəmiyyət imkan verməməlidir ki, narkomanıya, alkaqol aludəçiliyi və s. zərərli vərdişə malik olan insanların övladları da valideynlərinin vərdişlərinə uyurlar. Uşaqları bu orbitdən çıxarmağın yolunu dövlət, yalniz vətəndaş cəmiyyətinin dəstəyinə arxalanaraq tapa bilər.

Fikrimizcə, bu işdə hüquq-mühafizə orqanlarının dəstəyinə güvənmək, ailə problemlərini polis gücünə yoluna qoymaq, hər hansı bir uğura aparıb çıxara bilməz. Ona görə də, bu məsələdə dövlət daha çox vətəndaş cəmiyyəti və hibrid institutlara üstünlük verməlidir. Polisin xidmətindən isə bu işdə informasiya xarakterli vasitə kimi istifadə etmək olar. Nəzərə alsaq ki, bu gün ölkədə narkomaniya sürətlə yayılmaqdadır, sözügedən istiqamətin nə qədər vacib olduğu aydın görünür. Elə gün olur ki, ölkə üzrə 15-20 nəfər "patı" satan narkoticarətçisi yaxalanır. Lakin bunlar, yalnız satıcılardır. Hər bir satıcının da yəqin ki, yüzlərlə, bəlkə də minlərlə müştərisi var. Bu müştərilərin hər biri bir ailənin təmsilçisi və ya başçısıdır. Bu baxımdan hazırda ölkədə vəziyyət çox acınacaqlıdır. Narkotika indiki nəsli məhv edərək sıradan çıxarır, bu bir yana, proses gələcək nəslin normal yetişdirilməsinə də böyük əngəllər yaradır. Bela ailələrdə böyüyən uşaqlar narkotik vasitələrin qəbulunu bir həyat norması kimi qəbul edir. Beləliklə, bir narkoman ailədən orta hesabla iki narkoman çıxır ki, bu da gələcəyin iki bədbəxt ailəsi deməkdir.

Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, Vətənə layiq vətəndaş kimi yetişməsinə mənfi təsir edən amil, yalnız valideynlərin pis vərdişləri deyil. Narkomaniyanın təsirlərini aradan qaldırmaq dövlət və cəmiyyət üçün olduqca çətin məsələdir. Amma ailələrin Vətənə layiqli vətəndaş yetişdirməsinə bəzi hallarda maddi sıxıntılar da səbəb olur. Belə hallar ölkəmizdə əvvəllər də kifayət qədər olub. Son iki ildə isə pandemiyanın ailə büdcələrinə vurduğu ziyan, kasıb ailələrin sayını bir qədər də artırıb. İndiki kasıb ailələrinin əksəriyyəti o qədər imkansızdır ki, onların yeganə ümid yeri uşaq əməyidir.

Hər gün işıqforlarda dayanıb, maşınların ön şüşəsini silməklə ailəsinə çörək pulu qazanan Ruslan (həmsöhbətimin xahişi ilə ad şərtidir) deyir ki, altıncı sinfə qədər əlaçı şagird olub, bədii ədəbiyyat oxumaq onun xobbisidir: "Gecə saat 1-ə qədər bədii kitab oxuyuram. İşə gələndə hər an oxuduğum əsərin surətlərindən hansınınsa intizarında oluram. Məktəbi atıb bu işin dalınca gəlməyimin yeganə səbəbi ailəmin maddi vəziyyətidir. İki il əvvəl atam avtomobil qəzasında sağlamlığını itirib, işləyə bilmir. Qəzaya düşmüş avtomobilinizi belə, təmir etdirə bilmədik. Atam yataq xəstəsidir. Anam isə heç vaxt işləməyib, indi də atama qulluq edir. Bacım oxuyur, mən isə işləyirəm. Atam əlilliyə görə pensiya alır. Amma o pensiya ailəmizi dolandırmağa yetmir. Ona görə də mən işləyirəm. Anam istədi özü iş tapıb işləyə, amma iş tapa bilmədi.

Bir gün avtobusla gedəndə də, maşın şüşələrini silib pul qazanan bir uşaq gördüm. Səhəri gün vedrə və qubka götürüb özümü sınadım. Gördüm ki, alınır, birinci gün anama 17 manat pul verdim. İndi də Allah bərəkət versin, dolanırıq".

Ruslan deyir ki, yəqin bir daha məktəbə qayıtmayacaq, yaşı çatan kimi pul yığıb "prava" (sürücülük vəsiqəsi) alacaq və qonşuları Rəşid kişi kimi alver edəcək: "İndidən qazandığım pulların bir hissəsini "prava" almaq üçün yığıram. Gündə 3-5 manat evdəki daxilıma pul atıram".

Ruslan deyir ki, anası dövlətdən yardım da istəyib (çox güman ki, ünvanlı dövlət sosial yardım nəzərdə tutulur), lakin bizə yardım verməyiblər: "Deyiblər ki, gərək atam və anam işləsin. Maraqlıdır, işləməyən adama yardım düşmür bəyəm? Atam da deyir ki, mən qəzada ölsəm yaxşı olardı, heç olmasa sizə pul verərdilər, dolanardıniz. Amma mən çıxış yolunu tapdım, işləyirəm, hər şey yaxşıdı".

Ruslana deyəndə ki, səndən yazmaq istəyirəm, ailənizin problemini ictimayiləsdirək, dövlət sizə yardım eləsin. O, qəti etiraz etdi: "Əmi, istəmirəm, ayıbdır, topal deyiləm ki, işləyib ailəmi dolandıracam, yavaş-yavaş bütün çətinliklər geridə qalacaq".

Bəli, yaşından 10-15 yaş böyüklərin belə düşünə bilmədiklərini anlayan Ruslan gələcəyin görkəmli alimi ola bilərdi, bəlkə də olacaq da... Ancaq bu gün onun zərif, körpə çiyinlərinə bütöv bir ailəni dolandırmaq yükü düşüb. Ruslan dərin düşüncəyə və möhkəm iradayə şahıb bir uşaq olduğundan bu yükü çəkir. Lakin ölkədə minlərlə eyni problemlərlə üzləşən və öhdəsindən gələ bilməyən uşaqlar var. Həmin uşaqların taleyi necə olur, onlar cəmiyyətin hansı ünsürlərinin qurbanına çevrilir - bütün bu suallara bu gün dövlət cavab verməlidir. Bunun üçün isə problemli ailələr bir necə seqmentdə bölünməli, hər seqmentə yönəlik isə ayrıca dövlət proqramı həyata keçirilməlidir.

İlk növbədə, dövlət hər bir uşağa uşaq pulu verməlidir. Bununla yanaşı müxtəlif meyarlarla ailələrin maddi vəziyyəti qiymətləndirilməli və hər bir ailənin gəlirlərinə mütənasib yardımlar verilməlidir.

Bütün yuxarıda maddiyyətlə bağlı qeyd edilən problemlərin daha səmərəli həll edilməsi üçün ölkədə "kölgə iqtisadiyyatı" aradan qaldırılmalı, şəffaflıq, dürüstlük və hesabatlılıq təmin edilməlidir. Bu, dövlətin vətəndaşlarının gəlir və xərcləri barədə müfəssəl məlumat əldə etməsinə şərait yaradacaq. O halda isə dövlət əldə etdiyi məlumatlar əsasında hansı ailənin nəyə ehtiyacı olduğunu asanlıqla müəyyən edə və həmin ailəyə müvafiq yardım göstərə bilər.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.021078824996948