Bakı Bələdiyyə Teatrı “Nargin faciəsi”ndən “danışacaq”

Bakı Bələdiyyə Teatrı “Nargin faciəsi”ndən “danışacaq”
 

Paralel.az xəbər verir ki, 1992-ci ildə Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti, mərhum Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə yaradılan Bakı Bələdiyyə Teatrı “Nargin faciəsi” tamaşası ilə növbəti mövsümü açır. Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Tamaşanın bədii rəhbəri Amaliya Pənahova, rejissoru Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa edirlər.
Yarandığı gündən Azərbaycan və dünya klassiklərinin əsərlərini uğurla səhnələşdirmiş, Məhluqə Sadıqova, Sofa Bəsirzadə, Muxtar Avşarov, Firudin Mehdiyev, Mirvari Novruzova kimi görkəmli sənətkarların doğma evinə çevrilmiş Bakı Bələdiyyə Teatrı həm ölkəmizdə, həm də xarici ölkələrdə Azərbaycanı təmsil edib, öz tamaşaçı auditoriyasını formalaşdırıb. Kollektiv 2016-cı ildəki uğurlarına görə “İlin teatrı”, şəxsən Amaliya Pənahova isə türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatlarına layiq görülüb.
Müharibə şəraitində yaşadığımız illərdə teatrın kollektivi tez-tez cəbhə bölgələrinə səfər edib, çıxışları ilə ordumuza döyüş ruhu aşılayıb.
Akif Nəsirli

0.090402126312256