Bəqərə surəsinin mesajları 

Bəqərə surəsinin mesajları 
 

Siracəddin Hacı yazır:

III yazı

(əvvəli ötən sayımızda)

Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları

Bəqərə surəsində hz.İbrahimin oğlu hz.İsmayılla birgə Kəbəni yenidən inşasına yer verilir.

- uca Allahın əmri ilə qiblə Qüdüsdən Kəbəyə dəyişdirilir;
- hz.İbrahimlə oğlu hz.İsmayılın duası Bəqərə surəsində yer tutur;
- uca Allah hz.İbrahimlə bağlı buyurur ki, Biz onu bu dünyada seçmişdik, O, axirətdə də mütləq ərdəmlilər arasında yer alacaq;
- bunun səbəbi o idi ki, hz.İbrahim aləmlərin Rəbbinə təslim olmuşdu;
- hz.İbrahim övladlarına vəsiyyət edir: uca Allaha təslim olun!;
- uca Allah Bəqərə surəsində buyurur ki, indi o toplumlar keçmişdə qaldı, onların qazandıqları özlərinə, sizin qazandıqlarınız sizə aiddir, siz onların etdiklərinə görə əsla məsuliyyət daşımayacaqsınız;
- ən gözəl boya uca Allahın boyasıdır;
- şərq də, qərb də uca Allahındır;
- uca Allah sizin orta ümmət (dəngəli ümmət) olmağınızı istəyir;
- orta ümmət örnək ümmətdir, ən önəmli özəlliyi ədalətli olmaqdır;
- gerçək qiblə qəlbin uca Allaha dönməsidir;
- həqiqət Rəbbindən gələndir;
- bir-birinizlə xeyirdə yarışın;
- uca Allah Bəqərə surəsində elçisini tanıdır: “Bu yolla içinizdən sizə ayələrimizi oxuyacaq, sizi təmizləyəcək, sizə ilahi mesajı və hikməti öyrədəcək, bilmədiklərinizi sizə bildirəcək bir elçi göndərdik”;
- siz uca Allahı zikir edin ki, O da sizi zikir etsin;
- namaz və səbirlə Allahdan yardım istəyin;
- Allah yolunda öldürülənlərə “ölü” deməyin, onlar diridirlər, ancaq siz bunun fərqində deyilsiniz;
- hər kəs bu dünyada imtahandadır;
- Səfa ilə Mərvə uca Allahın simvollarındandır;
- uca Allahdan başqa ilah yoxdur;
- Allahın, mələklərin, bütün insanların lənəti küfründə dirənənlərin üzərinə olacaq;
- kainatdakı hər varlıq uca Allahın ayəsidir, bu ayələr Onun varlığına və təkliyinə işarə edir;
- iman edənlər ən çox uca Allahı sevərlər;
- ixlasın (şirksiz imanın) təməli tövhiddir;
- qidalar təmiz və halal olmalıdır;
- şeytan insanın açıq düşmənidir;
- leş, axan qan, donuz əti, Allahdan başqasının adına kəsilən heyvanın əti haramdır;
- ilahi kəlam həqiqəti ortaya çıxarmaq üçün nazil edildi;

Bəqərə surəsində gerçək ərdəmin nələr olduğu açıqlanır:

- gerçək ərdəm üzlərinizi şərqə və qərbə çevirməyiniz deyil;

- gerçək ərdəm Allaha inanmaqdır;

- axirət gününə inanmaqdır;

- mələklərə inanmaqdır;

- ilahi kəlama inanmaqdır;

- elçilərə inanmaqdır;

- malı – onu sevməsinə baxmayaraq – yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışlara, istəyənlərə, azadlığı əlindən alınanlara verməkdir;

- namazı istiqamətlə (dosdoğru, uca Allaha təslimiyyətlə) qılmaqdır;

- zəkatı sevə-sevə verməkdir;

- ərdəmli olanlar verdikləri sözü yerinə yetirərlər;

- şiddətli çətinlik və darlıqlara qarşı dirənərlər;

- sözlərinə sadiq olarlar;

- uca Allah bu özəllikləri daşıyanları təqva sahibi adlandırır;
- uca Allah Bəqərə surəsində ədalətli olmağı əmr edir;
- qisasa izin verilir, qisas ədaləti təmin, cinayətin qarşısını almaq üçündür;
- uca Allah qisas yerinə bağışlamanı, təzminat ödəməyi seçməyi təklif edir, onu Rəbbin asanlaşdırması, rəhməti adlandırır;
- qisasda həyat var, o, ədalətin təmin edilməsidir, cəmiyyətin həyatı (diriliyi) ədalətə bağlıdır;
- uca Allah vəsiyyəti fərz qılmışdır;
- Bəqərə surəsində oruc tutmaq fərz qılınmışdır;
- oruc tutmağın səbəbi Qurani-Kərimə şükürdür;
- Qurani-Kərimin ilk ayələri Ramazan ayında nazil olmağa başladı;
- uca Allah Bəqərə surəsində buyurur ki, O, qullarına çox yaxındır, bu ayə insanın uca Allahla arasına qoyduğu hər növ vasitəçini rədd edir;
- uca Allah insanın Ona tam (yüzdə yüz) güvənməsini istəyir;
- tam güvənən doğru yola yönələr;
- uca Allah buyurur ki, qadınla kişi (ər və arvad) bir-birinin paltarıdır, paltar örtür, qoruyur, gözəlləşdirir;
- uca Allah buyurur ki, bir-birinizin mallarını qeyri-qanuni yollarla yeməyin;
- aylar zamanın ölçü vahidləridir;
- gerçək ərdəm məsuliyyətli olmaqdır;
- uca Allah savaş əxlaqını öyrədir, sizinlə savaşanlarla siz də Allah yolunda savaşın, həddi aşmayın;
- inanca yönəlmiş zülm və basqı (təzyiq) ölümdən betərdir;
- uca Allah yolunda xərcləyin;
- uca Allah yolunda görülən işin kiçiyi olmaz, siz əlinizdən gələni edin;
- O, yaxşılıq edənləri sevər;
- həcc və ümrə ibadətini uca Allahın rizasını qazanmaq üçün yerinə yetirin;
- axirət üçün azuqə hazırlayın;
- azuqələrin ən xeyirlisi təqvadır;
- uca Allah Bəqərə surəsində dua etməyi öyrədir: “İnsanlardan bəzisi: “Ey Rəbbimiz! Bizə verəcəyini bu dünyada ver!” – deyirlər. Belələrinin axirət nemətlərindən payı yoxdur. Ancaq elələri də var ki, onlar: “Ey Rəbbimiz! Bizə bu dünyada da yaxşılıq, gözəllik ver, axirətdə də yaxşılıq, gözəllik ver, bizi atəşin əzabından qoru!” – deyə yalvarırlar. Məhz bunlar qazandıqlarına qarşılıq (axirət nemətlərindən) pay alacaq olanlardır...”;
- elə insanlar var ki, varlığını uca Allahın rizasını qazanmağa vəqf edər (həsr edər);
- şeytan insanın açıq düşmənidir;
- uca Allah istədiyinə saysız-hesabsız ruzi verər;
- elçilər insanları müjdələmək, xəbərdar etmək üçün göndərilmişlər;
- vəhylərin içində həqiqət var;
- vəhy hakimdir;
- uca Allah istəyən kimsənin doğru yola yönəlməsini istəyər;
- infaq edin;
- kim dinindən dönər, kafir olaraq ölərsə, onun bütün əməlləri dünyada da, axirətdə də boşa getmişdir, onlar atəşə məhkumdurlar, orada (cəhənnəmdə) əbədi qalacaqlar;
- O, çox bağışlayıcıdır;
- içki və qumar haramdır;
- yetimləri qoruyun, onlar sizin qardaşlarınızdır;
- müşrük (uca Allaha şərik qoşan) qadınlarla və kişilərlə onlar iman edənədək evlənməyin;
- qadınların ay halı var, o, sıxıntı və rahatsızlıq verir;
- qadınlar ay halında (aybaşı) olarkən onlarla cinsi əlaqədə olmayın;
- uca Allah tövbə edənləri, təmizlənənləri sevər;
- qadınlar sizin üçün tarladır;
- uca Allah adına içdiyiniz andları yerinə yetirin;
- boşanmış qadın üç təmizlənmə (aybaşıdan təmizlənmə) müddəti, əri ölmüş qadın dörd ay on gün, hamilə qadın övladını dünyaya gətirənədək gözləməlidir. Sonra yeni ailə qurmaqda azaddır;
- kişilərin qadınlar, qadınların da kişilər üzərində haqları var;
- uşaqlarınızı iki il əmizdirin;
- ailənin ehtiyaclarını təmin etmək kişinin vəzifəsidir;
- uca Allah heç kimə gücü çatmayan yükü yükləməz;
- övladınıza süd anası tuta bilərsiniz;
- uca Allaha gözəl borc verin;
- Bəqərə surəsində Talut və Calut qissəsi var;
- uca Allah elçilərinə fərqli özəlliklər verdi;
- hesab günü bazarlığın, dostluğun, şəfaətin olmadığı gündür;
- nankor olanlar zalımlardır;
- Bəqərə surəsində Ayətül-Kürsi var, mövzusu uca Allahdır, insanın doğru Allah təsəvvürünü inşa edir, buyurur ki, insanın Allah təsəvvürü yanlış olanda azma (sapma) qaçılmaz olur. Ayə uca Allahı bu ölçülərlə tanıdır:

- Allahdan başqa ilah yoxdur;

- O, mütləq diridir;

- həyatın və varlığın qaynağı, dayanağıdır;

- qafil olmaz;

- yatmaz (yuxuya ehtiyacı yoxdur);

- göylərdə və yerdə olan hər bir şey Onundur;

- Onun izni olmadan kimsə şəfaət edə bilməz;

- O, qullarının önündə - açıqda olan şeyləri bilir;

- O, qullarının arxasında – gizli olan şeyləri də bilir;

- O diləmədikcə onlar Onun elmindən heç bir şey qavraya bilməzlər;

- Onun sonsuz qüdrət və hakimiyyəti göyləri və yeri əhatə etmişdir;

- göylərdə və yerdə olanlara nəzarət etmək Ona çətin deyil;

- uca və əzəmətli olan ancaq Odur;

- dində məcburiyyət yoxdur, bu ayə uca Allahın insan iradəsinə sayğısını ifadə edir;

- iman azad seçimə bağlıdır;

- iman edənlərin vəlisi (dostu) uca Allahdır – qaranlıqlardan nura çıxarar;

- küfr edənlərin vəlisi isə şeytandır – nurdan çıxarıb qaranlıqlara gömər;

- uca Allah zülmə gömülmüş bir topluma əsla hidayət bəxş etməz;

- ölümdən sonra diriliş haqdır;

- mallarını uca Allah yolunda xərcləyənlər yeddi sünbül verən, hər sünbüldə də yüz dənə olan toxuma bənzəyərlər.

Uca Allah yardımlaşmağın ədəbini öyrədir:

- halalından qazan;

- ehtiyacın olan qədər istifadə et;

- malının üzərində ehtiyac sahiblərinin haqqı olduğunu bil;

- Allah yolunda xərclə;

- infaq etdiyini başa qaxma;

- gözəl üslubla ver, bil ki: “Könül oxşayan xoş bir söz və rəhmət diləmə arxasından incitməyin gəldiyi yardımdan daha xeyirlidir”;

- göstəriş üçün mal xərcləmə;

- qazancın təmiz və halal olsun;

- şeytan sizi yoxsulluqla qorxudar, xəsisliyə yönəldər;

- Allah sizə bir bağışlama və daha çoxunu vəd edər. Onun rəhmət və bağışlaması sınırsızdır;

- yardımı açıq da, gizli də edə bilərsiniz, ancaq gizli vermək sizin üçün daha xeyirlidir, bu, günahlarınızın bir qisminə kəffarət olar;

- uca Allah yolunda xərclədikləriniz sizə geri veriləcək;

- kimə hikmət (doğru hökm vermə bacarığı) verilmişsə, ona tərifi mümkün olmayan bir sərvət verilmişdir;

- insanların hidayəti elçinin əlində deyil;

- Allah istəyənin hidayətini diləyər (insan hidayəti istəməli, onun üçün çalışmalıdır);

- faiz haramdır;

- uca Allah faizin bərəkətini yox etmişdir;

- faiz uca Allaha və elçisinə qarşı savaşmaqdır;

- Allah günahda israr edənləri sevməz;

- hər kəs əməlinin qarşılığını görəcək;

- borc verərkən onu yazın, şahidləriniz olsun (iki kişi, ya da bir kişi, iki qadın);

- şahid olduğunuz şeyi gizləməyin;

Bəqərə surəsində imanın şərtləri var (iman şərtlərini uca Allah qoyar):

1) Allaha inanmaq;

2) axirətə inanmaq;

3) mələklərə inanmaq;

4) kitablara inanmaq;

5) elçilərə inanmaq;

- hər kəsin qazandığı yaxşılıq öz lehinə, etdiyi pislik də öz əleyhinədir;

Bəqərə surəsi dualarla bitir:

- Rəbbimiz! Unutsaq, ya da yanılsaq, buna görə bizi sorğuya çəkmə!;

- Rəbbimiz! Bizdən öncəkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə!

- Rəbbimiz! Gücümüz çatmayan yükü bizə daşıtma!;

- günahlarımızı bağışla!;

- bizi əfv et!;

- bizə mərhəmət et!;

- Sən bizim Mövlamızsan, kafirlərə qarşı Sən bizə yardım et!;

Ardı var...

Paralel.az

 

0.043889999389648