Kiber cinayətkar həbs edilib
Paralel.az xəbər verir ki, İnternetdə vətəndaşların elektron və bank kartlarındakı məlumatlarını oğurlayan, özünü Arseniks kimi təqdim edən kibercinayətkar tutulub.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti Əlizamin İslamov adlandırılan şəxs kibercinayətkarlıq üsullarından istifadə etməklə “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.
İstintaq son 5 ay ərzində onunla əlaqə saxlayan 300-ə yaxın adamı müəyyən edib. Bu müddət ərzində Əlizamin İslamov vətəndaşların hesablarından 100.000 manata yaxın pul xüsusi proqramlar köməyi ilə çıxarıb.
Həbs edildikdən sonra onun mənzilinə baxış zamanı elektron məlumatlar, istifadə olunmuş mobil telefonlar, eləcə də digər kütləvi informasiya vasitələrindən internet vasitəsilə vətəndaşlara göndərilən mesajlar və digər sübutlar aşkar edilərək götürülüb.
Akif Nəsirli