İdris Abbasov yazır...
İSA HƏBİBBƏYLİ: “AKADEMİYANIN PREZİDENTİ RAMİZ MEHDİYEV MƏNDƏN NADİR MƏMMƏDLİ HAQQINDA SORUŞDU”
Bu gün işçilər işdən çıxandan sonra saat 18.00 radələrində akademik İsa Həbibbəyli AMEA-nın Dilçilik İnstitutunun yeni direktoru professor Nadir Məmmədlini tələsik kollektivin bir neçə üzvünə təqdim edib. Bir neçə vəzifəni çiyninə götürmüş İ.Həbibbəyli vaxtının olmadığını, bir həftədə 18 iclas keçirdiyini vurğulayıb (72 yaşlı bir şəxsin eyni zamanda bir neçə vəzifəni tələs-tələslə, ala-yarımçıq və keyfiyyətsiz icra etməsi şübhəsizdir)...
Akademik İsa Həbibbəylinin dediyinə görə, cəmiyyətin yaxşı tanıdığı professor Nadir Məmmədlini, sən demə, akademik Ramiz Mehdiyev tanımırmış. Qəflətən qabağına çıxan bir məqaləni oxuyan akademikdə ciddi fikir təbəddülatı yaranıb. Baş akademik deyib ki, o şəxslə görüşmək istəyir. İsa Həbibbəyli tərəddüd etmədən söz verib ki, mütləq o şəxsi tapıb akademiki arzusuna çatdıracaq.
Bu haqda akademik İsa Həbibbəyli çıxışında belə deyir:
"Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev məndən Nadir Məmmədli haqqında soruşdu. Dedi ki, qəzetlərin birində Rüstəmov familiyalı bir nəfərin Nadir Məmmədli haqqında məqaləsini oxudum. Bu məqalədə Nadir Məmmədlinin dilçilik sahəsindəki xidmətlərinə dair məni cəlb edən məsələlər görmüşəm, amma bu adamı tanımıram. Sonra Ramiz müəllim internet vasitəsilə və öz kanalları ilə Nadir müəllimin tərcümeyi-halına aid CV-sini (?!) mənə verdi. Haradansa əldən etmişdi. Gördüm internet CV-si idi, 5-6 səhifəlik. Deməli, Ramiz müəllim onun göstəricilərini, fəaliyyətini, xidmətlərini diqqətlə öyrəndikdən sonra mənə tapşırdı ki, Nadir Məmmədli ilə görüşmək istəyirəm. Mən dəvət etdim 2 gün qabaq, Nadir Məmmədli Ramiz müəllimlə görüşdülər. İlk dəfə idi görüşürdülər. Görüşməyib Nadir müəllim. Orada da dedi. Məqaləni oxuyuib və bunun əsasında fikir yürüdüb. Nadir Məmmədlini Dilçilik İnstitutunun direktoru vəzifəsinə irəli sürülməsini akademiyanın prezidenti məqsədəuyğun hesab elədi..." Bütün hallarda XEYİRLİ OLSUN!
PS. İ.Həbibbəylinin bu çıxışı məzmun cəhətdən təzadlı görünə bilər, amma akademikanə təhkiyəni folklor nümunəsi kimi də qiymətləndirmək olar.
Şəkildə: Akad. İsa Həbibbəyli baş redaktoru olduğu biabırçı plagiarizm abidəsini - “İzahlı dilçilik terminləri lüğəti”ni əlinə alıb təqdim və tərif edərkən... Allah onun belə təqdim və təriflərindən qorusun!
Paralel.az