Güney azərbaycanlı milli fəalın məhkəməsi keçirilib
Paralel.az xəbər verir ki, oktyabrın 27-də Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsində hakim Rza Furuğinin sədrliyi ilə təbrizli milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun məhkəmə iclası keçirilib.
Yusif Sələhşur “hökumətə qarşı təbliğat aparmaq" və “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittihamlar olunur.
Milli fəala qarşı irəli sürülən “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamına isə Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılıb və hələlik bu ittihamla bağlı qərar çıxarılmayıb.
Yusif Sələhşur 25 iyul tarixində İranın hüquq-mühafizə orqanları tərəfindən Təbrizdə tutulub.
O, dindirilmə prosesi başa çatdıqdan sonra avqustun 11-də Təbriz şəhər zindanına salınıb və avqustun 14-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.
Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə tutulub və basqılarla üzləşib.
Akif Nəsirli