Ermənistan hərbi istiqamətdə imitasiya edir
Paralel.az xəbər verir ki, erməni mətbuatı Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunlarının hökumətin fərmanlarına uyğun olaraq istifadə olunacağını yazıb: “Ermənistanda silahlı qüvvələrin müvafiq bölmələrinin istifadə etdiyi hava hücumundan müdafiə sistemləri hökumətin müəyyən etdiyi qaydada tətbiq edilməlidir.
“Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər barədə müzakirələr zamanı müdafiə nazirinin müavini Arman Sarkisyan bu barədə danışıb.
Onun sözlərinə görə, Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunları təhlükəsizliyə təhdid və ya respublikaya qarşı hər hansı digər düşmənçilik hərəkətləri baş verərsə, təyyarəni və ya qurğunu müşayiət etmək, hətta məcburi eniş etmək hüququna malikdir. Eniş ya hava limanında, ya da hər hansı digər uyğun yerdə həyata keçirilə bilər. Əgər təyyarə və ya hansısa uçan cihaz Hava Hücumundan Müdafiə Qüvvələrinin tələblərinə məhəl qoymadan uçmağa davam edərsə, hava hücumundan müdafiə bölmələri göstərilən uçan obyekti məhv etmək hüququnu özündə saxlayır.
Qanuna və hökumətin qərarına edilmiş dəyişikliklər sayəsində hakimiyyət orqanları dövlətin mühafizəsi zamanı hava hücumundan müdafiənin təmin edilməsi, hərbi aviasiya tərəfindən müvafiq silah və hərbi texnikanın tətbiqi qaydalarını tənzimləyir”.
Nigar