Firuz Mustafa "Gündəlik"dən bir parçanı təqdim edir...
Şair Nüsrət Kəsəmənli iki gün əvvəl Təbrizdə vəfat edib, rəhmətliyi Bakıya gətiriblər, bu gün dəfnidir. Cəhazəni AYB-dən götürdülər. Mən də onun qələm dostlarından biri kimi, Fəxri qaravulda dayandım...
Və bu anlarda gözümün önündə 70-ci illər- Nüsrətlə ilk tanışlığımız canlandı... O vaxt mən Yasamalda- Respublika xəstəxanasının yaxınlığındakı fəhlə yataqxanasında qalırdım. Həmin gün işdən yorğun gəlimişdim, özümə çay dəmləmək üçün ümumi mətbəxə keçdim. Bu zaman qapıdan iki nəfərin boylandığını gördüm. Onlardan birini tanıdım- bu, Nüsrət kəsəmənli idi. O, soruşdu:
-Cavan oğlan, bağışla, Firuz Mustafayev adlı bir adamı axtarırıq, tanımırsız ki?
-Firuz mənəm- deyə, cavab verdim.
Əl verib təzədən tanış olduq. Demə onun yanındakı qaraşın, şivərək, gülərüz oğlan da şair imiş- Əbülfəz Naxçıvanlı.
Mənim yaşadığım otağa keçib söhbət etməyə başladıq. Belə məlum oldu ki, mənim “Bakı” qəzetinə göndərdiyim yazıları redaksiyada çox bəyəniblər. Redaktor Nəsir İmanquliyev qəzetin şöbə müdiri Fazil Rəhmanzadəyə tapşırıq verib ki, bu yazıların müəllifini tapın, bizim fəhlə işləyən yazı-pozu adamlarına ehtiyacımız çoxdur. Fazil də “müəllifi axtarıb tapmağı” Nüsrətə həvalə edib... Söhbət əsnasında Nüsrət dedi ki, redaksiyadakılar məni yaşlı adam hesab edirlərmiş, sən isə lap gənc imişsən... O vaxt mənim 17 yaşım vardı.
Onlar mənim dayım Nahid Hacızadənin də yazıçı olduğunu biləndə gülüşdülər. Əbülfəz dedi:
-Ay sağolmuş, elə biz özümüz belə bir dayı axtarırıq...
Mən dedim ki, əslində dayım heç mənim yazı-pozu ilə məşöul olduğumu bilmir...
...Az sonra “Bakı” qəzetində haqqımda geniş təqdimat və ilk yazılarım dərc olundu.
Həmin vaxtdan etibarən yazılarım “Bakı”da çap olunmağa başladı. Arada qonorar sevinci də olurdu.
Sonrakı dövrlərdə də redaksiya əməkdaşları və eləcə də Nüsrətlə əlaqələrimiz yaxşı, münasibətlərimiz səmimi olub. Şüvəlan Yaradıcılıq evində, Qazaxda, Moskvada səfər yoldaşlığımız olub... Emosional, cəsarətli adam idi rəhmətlik. Amma bəzən elədiklərinin “üstünə qoymağı” da vardı və xasıyyətindəki bu cəhətinə görə zarafatyana mübahisələrimiz də olurdu. Xatırlayıram, hətta, sonluğu məyusluqla başa çatan və (mənim özümün iştirak etdiyim) bir hadisəni improvizə edərək dost-tanışlara öz uğuru kimi təqdim etməyə çalışarkən mən təsadüfən, necə deyərlər, söhbətin üstünə çıxdım və əhvalatı olduğu kimi danışdım. Əvvəlcə pərt olub inciyən Nüsrət soralar mənimlə rastlaşanda gülüb dedi: ”Sənin də yanından köç ötürmək olmur... Niyə qoymursan öz işimizi öz bildiyimiz kimi danışaq. Bəs şair fantaziyası nə üçündür?” O vaxt susdum. Ta deyə bilmədim ki, ciddi (realist) nəsrlə məşqul olan, ən azı arabir gündəlik yazan kəs istər-istəməz hər şeyi olduğu kimi söyləməyə məcburdur. Cünki coxvariantlı söhbət və ya hər hansı hadisə ilə bağlı təhrif olunmuş uydurma təəssüratlar adamı (şəxsən mənim özümü) açmır, qane etmir.
...Natəvan klubunda quraşdırılmış səsucaldan şairin səsini ətrafa yayirdı; Kəsəmənli şeir deyirdi. Bir zamanlar- 70-80-ci illərin gəncliyi bu seirlərin bir çoxunu əzbərdən bilirdi...
Belə hesab edirəm ki, Nüsrət öz yaşıdları arasında ən populyar şair idi. Gəncliyin çox az nümayəndəsini tapmaq olar ki, ondan bir neçə şeir əzbər bilməsin... O, anadan şair doğulmuşdu.
Paralel.az