Bəqərə surəsinin mesajları

Bəqərə surəsinin mesajları
 

Siracəddin Hacı yazır

(1-5-ci ayələr)

“Bəqərə” Sözünün mənası

“Bəqərə” sözü ərəbcədir, “inək” / “sığır” anlamını daşıyır. Surə adını 67-73-cü ayələrdə anladılan təmsili (rəmzi) qissədən alır:

“(Qatili məlum olmayan bir cinayət – fail-i məchul) işləndiyi zaman da Musa qövmünə: “Allah sizə bir inək qurban etməyinizi əmr edir”, - demişdi. Onlar bu əmrə qarşı çıxmışdılar: “Sən bizi ələ salırsanmı?” (Musa): “Cahillərdən olmaqdan Allaha sığınıram”, - demişdi.

Onlar: “Bizim üçün Rəbbinə yalvar ki, bizə onun (inəyin) əlamətini açıqlasın”, - dedilər. “O deyir ki, o nə çox yaşlı, nə çox cavan, bu ikisi arasında bir inək olmalıdır. Tez olun, artıq sizə verilən əmri yerinə yetirin!” – dedi.

Onlar: “Bizim üçün Rəbbinə yalvar ki, bizə onun rəngini bildirsin”, - dedilər. O: “Mütləq rəngi baxanın gözünü qamaşdıracaq parlaqlıqda sarı bir inək olmalıdır”, - dedi.

Onlar: “Bizim üçün Rəbbinə yalvar ki, bizə onun özəlliyini açıqlasın, çünki bizə görə bütün inəklər bir-birinə bənzəyir – inşallah, biz də doğru olanı taparıq”, - dedilər.

O deyir ki, o (inək), torpağı şumlamaq, əkin suvarmaq üçün kotana qoşulmamış, qüsursuz, alaca xəstəliyi olmayan bir inək olmalıdır”, - dedi.

Onlar: “Bax indi həqiqəti söylədin”, - dedilər və dərhal onu qurban etdilər, ancaq az qalmışdı ki, etməsinlər” (Bəqərə, 2/67-71).

Bu qissə rəmzi xarakter daşıyır, inək İsrail oğullarının qəlbində olan Misir tanrılarını təmsil edir. Hz.Musa onları Fironun zülmündən qurtarsa da, qəlbləri əski saxta inanclarından təmizlənməmişdi. Belə ki, misirlilər Apis öküzünə, Xotor adı verilən, torpaq tanrısını təmsil edən inəyə tapırdılar. O inək, o inəyin balası olan buzov İsrail oğullarının qəlbində taxt quran Misir tanrılarından bəziləri idi. İsrail

oğullarından qurban etmələri tələb olunan inək qəlblərində sevgisini daşıdıqları (qəlblərini, ağıl, iradə və vicdanlarını təslim etdikləri) düşmənlərinin saxta tanrıları idi.

Uca Allah onları köləlikdən azadlığa, saxta tanrılardan (şirkdən) tövhid inancına, qaranlıqlardan nura çağırır. İlahlıq özəlliyi verilən hər saxta tanrı (inək, məzar, insan, ağac, büt...) insanın ağlını, duyğusunu, vicdanını, iradəsini parçalayır, onu kölələşdirir, dəyərini yox edir. Uca Allah buyurur ki, öncə “la ilahə” (“ilah yoxdur”) deyin, içinizdəki inəyi öldürün, şirkdən təmizlənin, ilahlaşdırdığınız saxta tanrılardan imtina edin, sizi kölələşdirən uydurma inanclardan qurtulun, ağlınızı öldürən, bəsirətinizi kor edən, seçim (iradə) imkanınızı əlinizdən alan xurafatlardan xilas olun. Sonra da “illallah” – ibadətə, itaətə (itaət könüllü, şüurlu, iradəli təslimiyyətdir) layiq tək bir varlıq (məbud) var, O da Allahdır deyin.

Gerçək ilahla (uca Allah) saxta ilahların ən önəmli fərqi budur: gerçək ilaha (uca Allaha) itaət insanı azad qılır (özgürləşdirir), saxta ilahlara itaət insanı kölələşdirir, tək olan Allaha iman ağılı dirildir, o biriləri öldürür, tək olan düşün deyir, çox olanlar düşünmə deyir, tək olan imana, ədalətə, barışa, sevgiyə, mərhəmətə, çox olanlar isə şirkə, zülmə, savaşa, nifrətə, şiddətə çağırır...

Qurani-Kərimdə surə adları vahid prinsiplə qoyulmamışdır. Çox zaman surədə olan qissədən, surədəki özəl bir isimdən, diqqəti surənin mövzusuna yönəldən sözdən... istifadə olunmuşdur. Bu surəyə Bəqərə (inək/sığır) adının verilməsinin səbəbi budur: hz.Musa dönəmində İsrail oğulları arasında öldürülən birinin qatilinin tapılması üçün uca Allah onlara bir inək kəsmələrini və onun bir parçası ilə öldürülənin cəsədinə vurulmasını əmr edir. Bu hadisə Qurani-Kərimin yalnız bir yerində - Bəqərə surəsinin 67-73-cü ayələrində yer tutur. Əslində, İsrail oğulları arasında qatilin kimliyini bilənlər var idi, ancaq onlar bildiklərini gizləyirdilər. İsrail oğulları bəhanələrlə inəyin kəsilməsinə etiraz etsələr də, sonda onu kəsməyə məcbur oldular. İnəyin bir parçası ilə vurulduqdan sonra ölü dirildi və qatilin kim olduğunu söylədi...

Əbul Ala Mövdudi yazır ki, Bəqərə adı surənin mövzusunu bildirmək məqsədi ilə verilməmişdir, ona görə də Vəli, Əli adları başqa dillərə tərcümə edilmədiyi kimi, Bəqərə adı da “inək”, “inəyin buzovu”, “sığır” kimi tərcümə olunmamalıdır. Tərcümə olunsa, surənin mövzusunun inək olduğu zənn edilər, halbuki mövzu inək deyil (Əbul Ala Mövdudi, Tefhimul-Kuran, Kuranın anlamı ve tefsiri, c.I, s. 43).

II

BƏQƏRƏ SURƏSİNİN ADLARI

- BƏQƏRƏ – Allah Rəsulunun bir hədisində “Bəqərə surəsi” adlandırılmışdır (Müslim, Musafirun, 212). Alimlərin fikrinə görə, surənin adını Allah Rəsulu vermişdir.

- QURANİ-KƏRİMİN ZİRVƏSİ (SƏNAMUL-QURAN) – Allah Rəsulu buyurur: “Hər şeyin bir zirvəsi var, Bəqərə surəsi də Qurani-Kərimin zirvəsidir”.

- QURANİ-KƏRİMİN OTAĞI (QURANİ-KƏRİMİN ÇADIRI, QURANIN ÇADIRININ QURULDUĞU YER – FUSTATUL-QURAN) – bu ad Bəqərə surəsinin ən uzun surə olması, mövzu çeşidliliyi, hökmlərinin çoxluğu, üslub gözəlliyi, bəlağəti ilə bağlıdır. Bu hadisə Bəqərə surəsinin bir sənət zirvəsi olduğunu ifadə edir: Ömər bin Xəttab bir gün Ləbid bin Rəbiədən yeni yazdığı şeirləri oxumasını istəyir (Ləbid bin Rəbiə cahiliyyə dövrü şairlərinin ən böyüklərindən biri idi. Şeirləri Kəbənin divarına asılırdı). Ləbid Bəqərə surəsini oxuyaraq hz.Ömərə cavab verir. Bu yolla da: “Niyə gözəl şeirlərini oxumursan?” – sualına: “Qurani-Kərim nazil olunca dilim tutuldu”, - deyən Həssən bin Sabit kimi acizliyini etiraf edir. 
SURƏTUL-KÜRSİ – Bəqərə surəsinin 255-ci - “Ayətəl-kürsi” adı ilə tanınan ayəsi bu adın verilməsinə səbəb olmuşdur. 
Əz-ZƏHRAVEYN (“İKİ ÇİÇƏK”, “ÇİÇƏYƏ DURMUŞ İKİ BİTKİ”) – Allah Rəsulu bu adla Bəqərə və Ali-İmran surələrini nəzərdə tutmuşdur. Bəqərə və Ali-İmran Qurani-Kərim adlı söz bağçasında çiçək açan, çiçəkləri heç vaxt solmayan iki bərəkətli gül ağacıdır.
Paralel.az

 

0.034296989440918