Xzmalyan: “Ümid edirəm ki, rəsmi İrəvan manevr edir, vaxt udmağa çalışır, suveren dövlətçiliyimizə son qoyacaq “3+3” layihəsinə dəstək imitasiya edir”
Paralel.az xəbər verir ki, Ermənistan Avropa partiyasının lideri Tiqran Xzmalyan “3+3” layihəsinin həyata keçirilməsinin suveren dövlətçiliyə son qoyacağını söyləyib. O deyib ki, Rusiya XİN-in “3 + 3” təşəbbüsünün dövlətlərarası münasibətlərdə ziddiyyətləri həll etməyə kömək edəcəyi fikriylə razıdır: “Rusiya “3 + 3” platformasını dəstəkləyir. Ermənistanın, Artsaxın müstəmləkəçiliyi və işğalın qarşısını alan ABŞ-dır. ABŞ-ın, Avropa İttifaqının, indi də İranın, Hindistanın müqaviməti olmasaydı, biz bu sui-qəsdə tab gətirməzdik.
İki ölkə - Gürcüstan və İran “3+3”ə qarşı çıxıb. Tehran hətta bu layihəyə qarşı ciddi hərbi maneə də qoydu. Ermənistan hakimiyyətinə gəlincə, Rusiya əslində onların səmimiyyətinə inanmır və tamamilə haqlıdır. Mən hələ də ümid edirəm ki, rəsmi İrəvan manevr edir, vaxt udmağa çalışır, həyata keçirilməsi suveren
dövlətçiliyimizə son qoya biləcək fəlakətli “3+3” layihəsinə dəstək imitasiya edir.
Ermənistanın müdafiə naziri NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə bəyan edib ki, NATO üzvü olan Türkiyənin 44 günlük müharibədə iştirakı regionda alyansa inamı azaldıb. Prezident Armen Sarkisyan da bunu deyib və qeyd edib ki, NATO üzvünün bu proseslərdə fəal iştirakı aydın deyil. Ermənistan və Rusiya KTMT-nin üzvü olduğu kimi, Türkiyə də NATO-nun üzvüdür. Türkiyəni Aknada Rusiya-Türkiyə ortaq mərkəzin yaradılmasına aparan NATO deyil, Türkiyəyə strateji S400 kompleksləri satan NATO deyil. NATO buna qarşı çıxır və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Türkiyə ilə NATO arasındakı böhrandan ancaq cahillər xəbərsizdir. Çoxları deyir ki, Türkiyə artıq müttəfiq deyil və artıq NATO və ABŞ nöqteyi-nəzərindən düşmən statusuna yaxınlaşır. Amma əgər müdafiə naziri siyasi qiymət vermək qərarına gəlibsə, deməli, o, doğrudan da bizim strateji müttəfiqimiz adlandırılan Rusiyadan başlamalı idi. Bütün bu çaşqınlıq çoxdandır ki, baş verir. Amma Kremldə əsl çaxnaşma Pentaqonun rəhbəri Lloyd Ostinin regiona səfərindən sonra başlayıb. O, əslində Rusiyaya rəğmən, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağını bəyan edib. Üstəlik, Ukrayna və Gürcüstan hələ NATO-ya daxil olmasa da, NATO artıq
Gürcüstan və Ukraynadadır - onun Ukraynada 9-dan çox, Gürcüstanda isə 3-dən çox təlim bazası var. Bu, Ermənistan da daxil olmaqla tamamilə yeni geosiyasi vəziyyət yaradır. Çünki NATO artıq İrəvandan 2 saatlıq məsafədə, Gürcüstandadır. Bu, bizim üçün yeni imkanlar və perspektivlər açır”.
Nigar