Açıq hücumlar əks-effekt verdi
İran Azərbaycana qarşı etdiyi təhdidlərdən özü ziyan çəkəcək
Azərbaycan düşmən Ermənistanın işğalı altında olan torpaqlarını azad etdikdən sonra İran ölkəmiz haqqında cızdığı mənfur planının puça çıxdığını görüb, daha da aqressivləşdi. Hətta həddini o qədər aşdı ki, ölkəni və prezidenti hədələməyə başladı.
İranın Azərbaycana qarşı qəzəblənib həddini aşmasının səbəbləri çoxdur. Bu səbəblərdən biri odur ki, İran bölgədə gedən proseslərdən kənarda qalıb. Üç dövlət arasında imzalanmış atəşkəs bəyanatına əsasən, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan arasında qurulacaq kommunikasiya qurğuları İranı pis vəziyyətə saldı. Xüsusən Türkiyənin bölgədə söz sahibinə çevrilməsi, Azərbaycanla İsrail arasında əlaqlərin dərinləşməsini bəhanə edən İran ağılsız ittihamlara əl atdı. Bu ittihamlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə xələl gətirdi. Ölkə prezidenti xarici mediaya verdiyi müsahibələrdə İranın Azərbaycana qarşı etdiyi düşmənçilik hərəkətləri üzərindən pərdəni götürdü və açdı sandığı, tökdü pambığı. İranın işğal altında olan torpaqlarımızda Ermənistanla bərabər etdiyi vəhşiliyi təsdiq edən faktları ortaya qoyub, İranı ifşa etdi.
Qeyd edim ki, İranın Azərbaycana qarşı təhdidə başlaması tək bununla bağlı deyil. İranın radikallaşmasında Ermənistanın arxasında dayanın Fransa və Rusiyanın barmağının olması da heç kimə sirr deyil. Çünki qardaş Türkiyənin Rusiyanın manopoliyasında olan Qafqaza Azərbaycan vasitəsilə daxil olması tək İranı yox, eyni zamanda Rusiyanı, Fransanı və Ermənistanı da ciddi narahat edir. Ona görə də, İran hər üç ölkənin rəyinə və razılığına əsasən, Azərbaycan üzərinə təhdidlərlə hərəkət etməyə cəhd edir.
Lakin Azərbaycanın İranın təhdidlərinə zamanında və artıqlaması ilə cavab verməsi İranı açıq hücumları davam etdirməkdən çəkinməyə məcbur edir. İranda yaşayan soydaşlarımız Təbrizdə, Ərdəbildə digər şəhərlərdə İran rəsmi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi düşmənçiliyə etiraz edir, izdihamlı aksiyalar keçirirlər. Bu da İran hökumətini düşünməyə və tutduğu yanlış yoldan çəkinməyə sövq edir.
Hazırda Azərbaycanla İran arasında soyuq küləklər əsir. Hər iki ölkədə xüsusi xidmət orqanları tədbirlər həyata keçirirlər. İran Azərbaycana qarşı etdiyi təhdidlərdən beynəlxalq dəstək qazanmır. Xüsusən, Rusiyanın Azərbaycanla münasibətlərə düzəliş edib, regionda kommunikasiya sistemlərinin açılmasını dəstəkləməsi, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur koridorunun açılması istiqamətində Ermənistana təsir üçün hərəkətə keçməsi və İranın Azərbaycana yönəlik təhdidlərinə qoşulmaması İranın düşmənçilik ehtirasının alovunu söndürüb.
Amma İranın Azərbaycana qarşı münasibətinin yaxşıya doğru dəyişəcəyinə ümid etmək olmaz. Çünki İran Azərbaycan dövlətinin güclənməsini özünün parçalanma təhlükəsinin reallaşması hesab edir. İranda yaşayan, lakin bütün milli dəyər və hüquqlarından məhrum olunmuş 40 milyon türkün öz azadlığı uğrunda mübarizəyə qalxmasından qorxan molla rejimi, dünya türklərinin dayağına çevrilən Azərbaycanın güclənməsindən qorxur.
İran və Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı heç bir iddiada bulunmadığını, bütün qonşu dövlətlərlə dostluq və mehriban qonşu kimi yaşamaq əzmində olduğunu daim ifadə edir...
Tapdıq Abbas