Əgər onu da itirməyiblərsə
Redaksiyamıza ünvanlanan saysız –hesabsız şikayət məktublarını oxuduqca, səslərini aydiyyatı orqanlara çatdırmağımızı istəyən insanları dinlədikcə adama elə gəlir ki, “Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından nə Təhsil Nazirliyinin, nə də digər səlahiyyət sahiblərinin xəbəri yoxdur. Təhsil Nazirliyini ona görə xüsusi vurğulayıram ki, şikayətlərin böyük əksəriyyəti bu sahədəndir.
Təxminən 2016-cı ildə Cənub bölgəsində müəllimlərin əksəriyyətinin diaqnostik qiymətləndirmə balı «0» idi. Bunun dəhşətli bir göstərici olduğunu rəhmətlik Məlahət xanım Mürşüdlü ilə həmin illərdəki söhbətimiz zamanı demişdi.
Bəli, «0» bal ondan xəbər verir ki, o müəllimlər nəinki unuversitetdə, heç orta məktəbdə belə, mükəmməl təhsil almayıblar. Əslində bunun özü geniş bir araşdırma mövzusudur. Çünki necə ola bilər ki, adam 4-5 il ali təhsil yolu keçir, müəllim diplomu alır, axırda da diaqnostik qiymətləndirmədən «0» bal alır? Özü də nədənsə «0» bal alanların əksəriyyəti ibtidai sinif müəllimləri olur. Hansı ki, ibtidai təhsil ümumilikdə təhsilin bünövrəsidir. Belə hallarla qarşılaşan fidanlarımızın gələcək taleyini, hər an uçqun vəziyyətində olan yer kimi təsəvvür etmək lazım gəlir. Təssüf ki, belə hallar hələ də davam edir. Ümid edirik mövcud vəziyyəti araşdırmadan üstündən ötüb keçməyəcək Təhsil Nazirliyi.
Canizadə Samir Rasim oğlu da bu sahədən şikayət edir. O, redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edir ki, 2020-ci il MİQ imtahanında 53 bal toplayaraq vakansiya seçimi ilə Yardımlı rayonu, Məlikli kəndinin ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətə başlayıb. Məlikli kəndi rayonun ucqar hissəsində yerləşsə də, Samir müəllim könüllü olaraq seçim zamanı ilk yerə həmin məktəbi qeyd edib. Lakin vakansiya siyasıhısında ixtisasından 1 yer, 17 saat dərs yükü qeyd edilib. Tədris dövründə Samir müəllimə aydın olur ki, məktəbdə Azərbaycan dili və ədəbiyyat üzrə 29 saat dərs yükü var. Yardımlı rayon Təhsil Şöbəsi yerdə qalan 12 saat dərs yükünü gizlədərək saxta yolla öz metodistinə müddətli müqavilə ilə verib. Samir müəllimin yazdıqlarından belə bəlli olur ki, Təhsil Şöbəsi saxta təqdimat hazırlayaraq qeyd edib ki, guya həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi çatışmazlığı var. Halbuki Samir müəllim özü həmin məktəbə daimi əsaslarla işə qəbul olunduğunu qeyd edir. O, qeyd edir ki, hələ tədris ili başlamamışdan Təhsil Şöbəsinə müraciət edərək xahiş edib ki, həmin dərs saatları ona verilsin. Çünki topladığı bala əsasən düstura uyğun 36 saata qədər dərs demək hüququ var. Həmçinin müddətli müqavilə əsasında işləyən müəllimin müqavilə müddəti bitib.
Şikayət məktubunu oxuduqca sual yaranır.
Heç bir müəllim çatışmazlığı olmadığı halda, Təhsil Şöbəsi belə bir təqdimatla Təhsil Nazirliyini aldadaraq dövlətin pulunu saxta yolla mənimsəyir?
Əgər müəllim çatışmazlığı varsa, niyə yerdə qalan dərs saatları vakansiyaya çıxarılmır?
Bu qədər işsiz müəllim olduğu halda niyə hansısa metodist ikinci iş yeri kimi saxta yolla işə təyin edilir?
Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etməsinə baxmayaraq, onun şikayətinə baxılmayıb. Hər müraciətində onun elə şikayətçi olduğu Təhsil Şöbəsinə tapşırarlar ki, məsələni araşdırsınlar. Bu lap oğrudan - oğruya şikayət kimidir. Sizcə, mümkündürmü şikayət olunan tərəf məsələyə ədalətli yanaşsın? Doğrudan da maraqlıdır. Necə olur ki, digər məktəblərdə müəllimlər 30 saatadək dərs deyə bildiyi halda, Samir müəllimə Yardımlı rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəb bu imkanı qanuni yolla yaratmır? Belə çıxır ki, Yardımlı rayon Təhsil Şöbəsi tabeliyində olduğu məktəblərə öz biznes mərkəzi kimi yanaşır və hər şeyi istəyinə uyğun edir?! Bəli, biz Samir müəllimin səsini ictimailəşdirdirk. Bundan sonrası qalır Yardımlı rayon Təhsil Şöbəsininin səlahiyyətli şəxslərinin vicdanına. Əgər onu da itirməyiblərsə.
Şahnaz Salehqızı