Cəmiyyətdə "siçovullaşma" prosesi...

Cəmiyyətdə
 

İdris müəllim yazır:"Çox qəribə taleyimiz var. Vəzifəyə yüksəlir, əl çalırıq; rüşvətə qurşanır, alqışlayırıq; illərlə çapıb-talayır, susuruq; hələ deyirik ki, ay elli, beş-on manat da bizə ver, xərcləyək. Beləcə, cəmiyyətdə siçovullaşma prosesi başlayır.
Ölkədə suların durulmağa başladığı bir vaxtda xaos yaratmağa çalışanların və onları altdan-altdan stimullaşdıranların məramı aydındır. Özləri də bilirlər faydasızdır, amma missiya yerinə yetirirlər. Onların hakimiyyətin yuxarı eşalonunda təmsil olunan və milyonçuya çevrilmiş havadarları, ümid edək ki, ifşa olunmuş sələflərinin taleyini yaşayacaqlar və sonda müdrik davranan xalqın iradəsi qalib gələcək. Əlbəttə, islahatların olması mal-mülklə xəstələnmiş beyinlərə sərf etmir və bu zaman onlar qurduqları şəbəkəni işə salırlar.
1917-ci ilin Lenin bolşevik inqilabına ümid edənlərə isə demək istəyirəm ki, XXI əsr dünyamızda az qala hər ay, hər il bir elmi inqilab - beyin inqilabları baş verir. Bəşər zəkası, Allahdan aşağı, hər şeyə qadirdir.
Bir həqiqəti unutmayaq ki, başda alimizm-akademizmin qlzğın tərəfdarları olmaqla məmur, nazir və bu kateqoriyadan olan digərlərinin hədlərini aşmasında xalq kimi bizim də az günahımız olmayıb. Müti davranışımızla onları daha da şirnikləşdirmişik.
Özümüzün bu böyüklükdə günahını görə bilmədiyimiz halda vəziyyətin bu qədər pik həddə çatdığını gördükdə günah keçisi axtarırlq. Tarix bizə yenə şans verib. Dinc islahat şansı! Elə bilirik ki, tərpənişsiz qara zəncir qırııacaq, ağ günə çıxacağıq...
Hər şey özümüzdən asılıdır!
Təəssüf ki, bu gün alim-akademik-ziyalı zümrəsi XIX əsrin cəhalətpərəst molla təbəqəsindən daha qorxulu qüvvəyə çevrilib və sayları sürətlə artır.
Bu gün altdan-altdan iğtişaşlara dəstək verənlərin məqsədi oğurladıqları milyon və milyardları xilas etməkdir. Belə olan təqdirdə, qətiyyən, provokasiyalara getmək yox, mənəviyyatsızları ifşa etmək lazımdır. Susmaq - şərə xidmətdir! Alimin tamamilə susması, “ov” etməklə başını qatması - xəyanətdir!
Məgər razılaşmalıyıq ki, bizim xalq olaraq fəaliyyətsizliyimizdən bəhrələnib dövlət büdcəsinə ziyan vurmaqla milyarderə çevrilən, çoxlu pul xərcləyərək beynəlxalq sosial internet layihəsi ilə əlaqəyə girib öz mənfur planlarını reallaşdırmaq üçün dezinformasiya yayan, xalqın böyük kəsimini narazı salan, yüksək vəzifələrdə təmsil olunan xain və satqınlar sonadək cəzasız qalsınlar? Onların illər uzunu harınlıq məqamına gəlib çatmasında biz müəllimlərin, həkimlərin, alimlərin, ziyalıların rolu, məgər azdır?!
Beləlikə, ayıq-sayıq, fəal olmalı, hadisələri düzgün qiymətləndirməli, nöqsanları deməkdən çəkinməməliyik. Susmaqla, boş verməklə, xaricə qaçmaqla, yaxud mənəvi cəhətdən sınıb kölə və yaltağa çevrilməklə heç nəyə nail olmaq olmaz.
Nöqsanı görüb demək doğru yolun başlanğıcıdır. Gizlində şikayətlənib, aşkarda yaltaqlanmaq çıxış yolu deyil.
Deməli, azad, hüquqi, demokratik və rifah cəmiyyətinin qurulması özümüzdən asılıdır. Sadəcə, ləyaqətli insan olmalı, nəfsimizə "Dur!" deməyi bacarmalı, çalışdığımız müəssisələrdə əyintiləri ifşa etməkdən çəkinməməli, oğrularla əlbir olmamalıyıq. Bu, çox vacibdir!"

Paralel.az

0.044448852539062