"Rusiya bilir ki,birtərəfli siyasət onu regionda çətin vəziyyətə sala bilər"

 

AMİP Xudat RT sədri Çingiz Şahbazi yazır: "Rusiya, xüsusilə regionda Azərbaycan və Ermənistan arasında, balanslaşdırılmış siyasət aparır. Rusiya, Ermənistanla müttəfiq olmasına baxmayaraq, Azərbaycanın da maraqlarına hörmət edir və bu maraqları görməzdən gəlmir. Bu siyasət, onların İrana qarşı münasibətlərində də dəyişməz olaraq qalır. Çünki, Rusiya bilir ki,birtərəfli siyasət onu regionda çətin vəziyyətə sala bilər. Azərbaycana qarşı kəskin mövqedə durmaq, onları Türkiyə ilə münasibətlərində çox çətin duruma sala bilər. Türkiyə ilə qurulan münasibətlər, heç də asan başa gəlməmişdir. Bu münasibətlər böyük zəhmət və siyasi iradə hesabına ərsəyə gəlib. Məhz bu münasibətlərin qurulması hesabına, Rusiya və Türkiyə arasında bilinən və bilinməyən çoxlu sayda böyük layihələr həyata keçirilir. İran faktoru, bu münasibətlərə heç bir halda ziyan vura bilməz. 44-günlük vətən müharibəsinin siyasi tərəfi belə, məhz Türkiyə və Rusiya arasında öncədən razılığın nəticəsində baş tutmuşdur. Cənubi Qafqaz ölkələri, çox keçmədən bu iki ölkənin razılığı əsasında bir tavan altına girə biləcəkdir. Regionda yürüdülən siyasət onu göstərir ki, iri layihələr həyata keçiriləcək və region ölkələr bu layihələrdə yer alması üçün,öncə ölkələr arasında normal əlaqələrin qurulması lazımdır və daha sonra təhlükəsizlik məsələləri qarşılıqlı şəkildə, bir-birinin sərhədlərini tanımaqla beynəlxalq hüquq sənədləri əsasında aparılmalıdır. İranın son vaxtlar Azərbaycana qarşı apardığı siyasətin məğzində, məhz bu kimi məsələlər durur. İran, Azərbaycanı zəif ölkə kimi görmək istəyir və güclü Azərbaycanı özünə təhlükə bilir.Ermənistan və Azərbaycan arasında illərlə uzanan münaqişə və zaman zaman gedən müharibələr İranın maraqlarına tam olaraq xidmət edirdi.Çünki, bütün dönəmlərdə, Azərbaycan torpaqlarında gözü olan İran,məqam gözləməkdə idi.İranın Azərbaycana qarşı torpaq iddiaları, onun bizə qarşı apardığı siyasətdə də görülməkdədir. Məhz bu maraqlardan çıxış edən İran, həm də Rusiyanın maraqlarına xidmət göstərmiş olur. Rusiya isə özünü regionun sahibi timsalında göstərmiş olur. Məsələlərə balanslaşdırılmış qaydada reaksiya verərək, öz nüfuzunun regionda nə qədər əvəzolunmaz olduğunu dünyaya sübut edir. Bütün bunlar həm də, regionda baş verən bu təlatümlər və çalxalanmalar, kimin nə imkana və hansı gücə sahib olmasını göstərmək üçün, hesablanmış addımlara daha çox oxşayır. Bizim ölkə başçısının, işğal altında olan ərazilərimizdən, İranlıların Ermənistana narkotik vasitələrin daşınmasında tranzit zona kimi istifadə etməsi bəyanatı da, həm möhtəşəm idi, həm də bizim heç kimdən çəkinmədiyimizi göstərirdi və güclü Azərbaycan olduğumuzu bir daha sübut etdirdi. Azərbaycan, meydanda qazandığı kimi,siyasətdə də,masada da öz sözünü deməlidir ki, sabah layiq olduğu bütün məsələlərdə haqqını heç kimə yedizdirməsin".

Paralel.az

0.019243955612183