Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Nizami Gəncəvi dünya ədəbiyyatına nə verdi?

II yazı

- Sizcə, Nizami irsi dünya mədəniyyətinə nə qazandırmışdır?
- Bu, çox geniş cavab tələb edən sualdır. İmkanımıza uyğun olaraq bunları deyə bilərəm. Nizami insanlığın şairidir, min ilə yaxın bir vaxt keçsə də, Nizaminin məsnəviləri dəyərini itirmədi. Bunun səbəbləri var: onun məsnəviləri içində həqiqət daşıyır, Nizami insanlara hər zaman doğru yol göstərən dəyərləri təbliğ etmişdir. İçində həqiqət olmayan, dəyər daşımayan heç bir əsər qalıcı olmaz, təsir göstərməz, sevilməz. Nizaminin təbliğ etdiyi dəyərləri – insanı insan edən dəyərləri belə sıralaya bilərəm: tövhid – şair deyir ki, bu ən böyük dəyərdir, insanlar tövhidi doğru anlasalar, bütün sıxıntılar həll olunar, Nizami tövhidi insan azadlığının əsası kimi tanıtmışdır. Ədalət – Nizami deyir ki, ədalət iki dünyanın sərmayəsidir, ədalət hər varlığı ilahi təyinatına uyğun yerdə tutmaq, hər kəsə, hər varlığa layiq olduğu haqqı verməkdir, tövhid insanla Allah, ədalət insanla insan münasibətlərinin əsasıdır. Mərhəmət – Nizami deyir ki, mərhəmət olmasa, insanlıq ölər, ilahi rizanı qazanmaq mərhəmətlə mümkündür. Elm – Nizami deyir ki, elm güc qaynağıdır, elmi olmayan Allahı tanımaz, inkişaf etməz, həlak olar, dəyərlərini itirər. Barış – bu, insanların bir arada yaşamasını təmin edən dəyərdir, şair deyir ki, fərqlilik ayədir, nemətdir, zənginlikdir, ona sayğı duyun ki, bir arada, hüzur içində yaşaya biləsiniz. Rifah – Nizami deyir ki, yoxsulluq parçalayır, zənginlik birləşdirir. Şair zənginliyin əsasına halallığı qoyur, deyir ki, halal yaşamaq igidlikdir. Sevgi – Nizami sevgini münasibətlərin mayası kimi tanıtmışdır.

Nizami Qurani-Kərimdən çıxış edərək dövlət idarəçiliyinin əsasına altı dəyər qoymuşdur: həqiqət – dövlət doğru dəyərlər üzərində qurulmalı, doğru olan işləri gerçəkləşdirməlidir; ədalət – dövlətin imanı ədalətdir, bir dövlət küfürlə deyil, zülmlə yıxılar; məşvərət – dövlət məsləhətlə idarə olunmalıdır; ləyaqət və əhliyyət – iş işi bilənə verilməlidir; mərhəmət – Nizami deyir ki, dövlət vətəndaşlarına mərhəmətlə yanaşmalı, onların sıxıntılarını həll etməli, bağışlama yolunu tutmalıdır;  ümid – dövlət vətəndaşına qorxu deyil, ümid verməlidir, ümidin anası ədalət, meyvəsi sevgidir. Nizaminin dövlət idarəçiliyi ilə bağlı ən gözəl ölçüsü budur: hakimiyyətin şükrü ədalətdir. Dünya dövlətlərinin əsasında Nizaminin təsbit etdiyi dəyərlər olsa, yer üzündə savaş, kin, nifrət, aclıq, yoxsulluq, zülm olarmı?

Ardı var...

Paralel.az

0.078675031661987