Bütöv Azərbaycan Ocaqlarının bəyanatı
Azərbaycan Respublikasının 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində qələbəsi Azərbaycanın Güneyində yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə və sevinclə qarşılanıb.
Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər milli fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.
Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.
Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mostafa Pərvin, Morteza Pərvin, Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Çolani İran İslam Respublikası Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən təqsirli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərdikləri ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamı ilə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər. Həmçinin Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.
Sonrakı günlərdə də oxşar məqsədlə Azərbaycanın Güneyinin müxtəlif şəhərlərində aksiyalar keçirən milli fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıblar.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq son aksiyalar zamanı milli fəallara qarşı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranılmasını və həbs edilmələrini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edirik.
BAO-nun İnformasiya Xidməti.
Bakı, 15 oktyabr 2021-ci il.
Paralel.az