İşbaz alim-professorların dava-qırğınlarının səbəbi

İşbaz alim-professorların dava-qırğınlarının səbəbi
 

İdris Abbasov yazır:
"Akademiya institutlarında standart maaş alıb elmi işdən başqa bir iş bacarmayanlara karantin nəinki sərf etdi, hətta qənaət oldu. “İşbilməz”, “əfəl” alim mövsümə uyğun pal-altar, ayaqqabı almaqdan, yol xərci və digər zəruri xərclərdən müvəqqəti xilas oldu.

Karantin işbaz alimlərə yaman pis təsir etdi. Bu müddət ərzində “ov” edə bilməyən, yaxud adda-budda, tək-tük “ov” ələ keçirən keyfiyyətsiz və həyasız məxluqlar “maya”dan yedilər. Onsuz da onlar heç vaxt maaşa baxan olmayıblar.
İndi sezon başlayıb, ac qurda dönüşüblər. Hələ opponent-rəyçi olmaq üstündə bir-birini qıran elmlər doktoru, professorları görəsiniz! Dəhşətdir! 20-30 gün əvvəl bir şöbə müdiri opponent-rəyçi olmaq üstündə Möhsün Nağısoylu ilə qırğına çıxıb və “qənimət”ə çata bilib.
Sən demə, bu yaxınlarda qərar çıxıb ki, fəlsəfə doktorluğu işinə opponent olanlar üçün əlavə 250 AZN, elmlər doktorluğu üçün isə 460 AZN ödəniş edilir. Vur-çatlasın da elə buradan başlayıb. İgid alim-professorlar (Mən həmən Rüstəməm ki, topdağlıtmaz Cümşüd bəyin evini viran qoydum...) cuşə gəliblər. Sanki torpaqlarlmızı azad etmək uğrunda düşmən üzərinə yürüş edirlər. Hədəf isə məlul-məlul növbə gözləyən dissertant və ya doktorantlar və ayrılmış pullardır.
Bu dəqiqə Dilçilik İnstitutunda 4 nəfər elmlər doktoru müdafiə növbəsindədirlər. Bəh-bəh... Deməli, 2000 manata yaxın hazır pul kütləsi durub gözləyir. Haydı, qoç igidlərim, döyüşkən professorlarım, irəli! O “qala”nı fəth etməlisiniz! Haydı, qoluzorlu, dilizorlularım!
Həə, bir gerçək yadımdan çıxdı. Hələ işbaz opponentlər dövlətin ödədiyi 460 manatdan savayl, dissertasiyanın arasında, deyilənə görə, 200-300 və s. məbləğində şabaş da qıbuli-ehtiram edirlər.
Deyirəm axı... bu “peşəkar” alim-opponent əkələr niyə həftə səkkiz, mən doqquz, hopstop, ya heyvagülü çaldırıb şıdırğı oynayırlar?! İndi anladınızmı, nəyə görə dövlətdən silinən pullarla Dilçilik İnstitutunun hər otağına bir musiqi mərkəzi -maqnitofonlar alınıb qoyulub?! Xımır-xımır yeməyin dadını musiqinin xoş sədaları altında çıxarmadınsa, at, getsin! Qəribə oynayışları var: gah yeriyir, gah yıxılır, gah dururlar, arada bir-birinə şillə də otuzdururlar...
PS. Dar mühitdəki “kiçik” maliyyə həqiqətlərini və fırıldaqlarını ifşa etməyim bir çox möhtərəm alimi-kəbirləri rahatsız edir. Hətta mənə irad tutub deyirlər ki, sən ciddi alimsən, belə pul məsələlərini açıb-ağartma!
Daşın haradan atıldığını təxmin edirəm. Yaxşı. Başqa birisi bu taleyüklü həqiqətləri açıqlayacaqsa, mən məmnuniyyətlə kənara çəkilib digər faydalı işlərlə məşğul olmağa hazıram. Zatən bu yolsuzluqların ifşası mənim üçün asan iş deyildir".

Paralel.az

0.042779922485352