Erməni politoloq: “Putinlə Paşinyan arasındakı görüş məzmun baxımından daha ciddi olacaq”
Paralel.az xəbər verir ki, erməni politoloq Emil Orduxanyan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında oktyabrın 12-də Kremldə keçiriləcək görüş barədə danışıb: “Moskvadakı bu görüş Rusiya Türkiyə, Rusiya-İran danışıqları da daxil olmaqla, Cənubi Qafqazdakı aktiv proseslərlə ən yüksək səviyyədə əlaqəlidir. İl ərzində keçirilən üç görüşlə müqayisədə, Putinlə Paşinyan arasında bu gün Moskvada keçirilən görüşün bir maraqlı xüsusiyyəti var. Yəni Putin və Paşinyan görüşü ilə paralel olaraq, bütün ermənilərin katolikosu II Qaregin də Moskvaya iki günlük səfər edəcək. O, Rusiya və Azərbaycanın mənəvi liderləri ilə görüşəcək. Ermənistanın müdafiə naziri Arşak Karapetyan da işgüzar səfərdə olduğundan, Putinlə Paşinyan arasında yeni görüş məzmun baxımından daha ciddi olacaq.
Əminəm ki, Ermənistana müəyyən suallar veriləcək. Mən son olaraq müzakirə olunan 3 + 3 təşəbbüsünü nəzərdə tuturam.
Putin-Paşinyan görüşünün gündəliyində duran digər əsas məsələ 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Putin-Paşinyan-Əliyev üçtərəfli bəyanatlarının müddəalarının həyata keçirilməsidir. İlin sonuna qədər bu müqavilələrdən irəli gələn müəyyən prosesləri başa çatdırmaq lazımdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası və ya bölgədə yeni əməkdaşlıq sahələrinin yaradılması məsələlərinə baxmağa başlamazdan əvvəl Nikol Paşinyan mütləq Azərbaycanın davranışı, sərhədlərimizdəki gərginlik və qətl məsələsini qaldırmalıdır.
Kremldə qaldırılması lazım olan digər prioritet məsələ, Rusiya sülhməramlılarının Artsaxdakı missiyası zamanı yaranan və Azərbaycanın da təhrik etdiyi problemlərlə bağlıdır.
Paşinyan-Putin görüşünün Ermənistan tərəfindən təyin edilməli olan üçüncü əsas məqam, Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmaması və orada qalmasıdır. Bu şərtlərdə, yuxarıdakı üç məqamı nəzərə alaraq, Ermənistan tərəfindən hər hansı bir danışıq sənədinin imzalanması sadəcə, məqsədəuyğun deyil.
3 + 3" formatına, yəni Ermənistan-Azərbaycan-Gürcüstan-Rusiya-İran-Türkiyə regional əməkdaşlıq platforması yaratmaq ideyasına gəlincə, Gürcüstan artıq
rəsmi olaraq iştirakdan imtina edib. Ermənistanın sözügedən təşəbbüsü rədd etmək arqumenti Türkiyənin “altı ölkə platforması” təklifindən sonra “3 + 3” təşəbbüsü ilə çıxış etməsi ola bilər”.
Nigar