AMEA-ya ayrılan milyonlar hara xərclənir?
Akademiyada saxta nəşrlərə, maqnitofonlara, musiqi mərkəzlərinə (?!) milyonlar silinir, milli abidənin nəşrinə pul tapılmır, ölkə Prezidentinin sərəncamına uyğun fundamental iş ortaya qoyanlar gözüm-çıxdıya salınır, çörəklə imtahana çəkilir.
AMEA-nın Rəyasət Heyətində mənim aldığım maaşdan qat-qat artıq maaş alıb hansı yollarlasa milyonlara, mülk və malikanələrə yiyələnənləri, güc və səalahiyyət eşqi ilə mənə barmaq silkələyənləri, haqqımı yeyənləri, elmin inkişafı üçün ayrılan pulları göyə sovuranları, özlərinin saxta və plagiat əsərlərinə milyonlar sildikləri halda, əməyimin qarşılığını verməyərək uşaqlarımın haqqını mənimsəyənləri açıq debata, rəqabətə səsləyirəm.
Müftə yeməyi nəsibiniz sayırsınızsa, mən də ömür boyu çəkdiyim zəhməti, akademik mühitdə heç birinizin edə bilmədiyini - Ana dili abidəmizi min bir zəhmətlə dirçəltməyi öz nəsibim sayıram. Niyə qısqanırsınız, ey AMEA rəhbərliyi və bu işə məsul olanlar? Niyə özünüz milyonları suya axıtdığınız halda mənim halal haqqımı vermirsiniz, üstəlik, sizin şəbəkəyə qoşulmaq üçün məni və uşaqlarımı çörəklə imtahana çəkirsiniz?
Gəlin, övladlarınızla mənim və övladlarımın yaşadığı həyatı bircə ay yaşayın görək, dözərsinizmi? Başqa ehtiyacları bir tərəfə, gül balalarınızı doğma şəhərimizdə belə, həkimə aparmaq imkanınız olmasa, zəruri dava-dərmanları ala bilməsəniz, evdə ayrı yataq yeri olmadığı üçün 16 yaşlı övladınız başqa yerdə qalmalı olsa, nə edərsiniz? Zatən etdiyiniz qəddarlıqlar, haqsızlıqlar, qanunsuzluqlar və ədalətsizliklərin sayəsində bu günə qalmışıq. Sizin ucbatınızdan mənim kimi xalqın övladlarının düçar olduğu bu acı mənzərəyə yalnız sevinmək qabiliyyətiniz çatar!
Özünüz də etiraf edirsiniz ki, sizin heç vaxt bacarmadığınız iki milli-mənəvi sərvətimizi -dünya arxivlərində az qala unudulmuş Ana dilimizin 400 illik və 200 illik möhtəşəm abidəsini dirçəltmişəm. (Azərbaycan dilinin ilk elmi qrammatikası, 1007 səh. və Azərbaycan dilinin orijinal qrammatikası, 1096 səh.). Siz bunları görməzdən gəldiniz, sildiyiniz milyonlardan bu milli abidələrə 1 manat da xərcləmədiniz. Millilik içdən gələn bir şeydir!
Doğrudanmı, sanırsınız ki, tarix sizi əfv edəcək? Nə edəcəksiniz yığdığınız o qədər var-dövləti, pulları? İnsanlığı dünya həyatının zinətinə dəyişmək olarmı?! Sonra da utanmadan Ana dilinə, milli-mənəvi dəyərlərimizə sevgidən, məhəbbətdən dəm vurursunuz?! Nə vaxatadək özünüzü aldadacaqsınız?
Var-dövlət və vəzifələrə sahib olmaqla elə bilirsiniz ki, istədiyinizi edə bilər, istədiyiniz şəxsi aradan götürə bilərsiniz? Məgər dövlətə xidmət, rəhbərə sədaqət və qanunlara hörmət vəzifəyə keçib dövlət büdcəsini talamaq, alıb-aladatmaqla var-dövlət yığmaq, yağmalamaq, xalqı öz dövlətindən narazı salmaqlamı ölçülür?
Gəlin, Azərbaycan dövlətinə və xalqına etdiyimiz xidmətləri, dövlətə və rəhbərin yürütdüyü siyasətə sədaqətimizin həqiqiliyini təhlil edək, xalqa və dövlətə olan fayda və ziyanımızın qədərini müəyyənləşdirək! O zaman hər kəsin həqiqi siması ortada olacaq və bir daha sübut olunacaq ki, əsl xidmət və sədaqət kələk gəlib çoxlu pul və mal-mülk oğurlamaqla ölçülmür!
Düzdür, mənim sizin kimi nəinki pulum, mülküm, villam yoxdur, hətta haqqımı mənimsədiyinizə görə heç yaşayacaq düz-əməlli evim də yoxdur, fəqət inandığım Allahım, fərd və kollektivin hüquqlarını qorumaq təəhhüdü olan dövlətim, dövlətimin başçısı və Konstitusiyam vardır. İnşallah, etdiyiniz əməllərə görə gec-tez mühakimə olunacağınız şəksizdir!
Paralel.az