Fatihə surəsinin mesajları

Fatihə surəsinin mesajları
 

Siracəddin Hacı

X YAZI

(əvvəli ötən saylarımızda)

- qul “sadəcə Sənə itaət edirəm” desə idi, bu bir təkəbbür əlaməti sayıla bilər, “ibadət edən ancaq mənəm” anlamını daşıyardı. İnsan “Yalnız Sənə qulluq edərik” dediyi zaman isə “mən sənin qullarından biriyəm” demiş olur, təvazö göstərir, uca Allah təvazö göstərəni ucaldar, təkəbbürlünü də alçaldar;
- ibadət insanı aldadıcı dünya aləmindən rəhmət aləminə, məxluqat aləmindən uca Allahın hüzuruna aparar;
- qulluq ən uca, ən şərəfli məqamdır, hz. Məhəmməd ölüncəyədək ibadətlə əmr olunmuş, hz. İsa danışmağa başlayarkən ilk sözü “mən Allahın quluyam” olmuş, uca Allah hz. Musaya tövhiddən sonra qulluğu buyurmuşdur. Ona görə də hər şərəf və kamal, hər gözəllik və fəzilət, hər sevinc və iftixar vəsiləsi qul üçün ancaq qulluqla gerçəkləşər. Hz. Əli belə buyurmuşdur: “Sənin qulun olmağım iftixar üçün mənə yetər, Sənin mənim Rəbbim olmağın isə şərəf baxımından mənə kafidir. Ya Rəbb, Sən mənim istədiyim kimi bir ilahsan. O halda, Sən də məni Sənin iradə etdiyin kimi bir qul et!”;
- bu ayədən öncəki ayələr üçüncü şəxsin təki ilə gəlmiş, bu ayədə isə ikinci şəxsin təki (Sənə) seçilmişdir. Bu yolla uca Allah Onu öyən qulundan razı olmuş, onu özünə yaxınlaşdırmış, “Sənə” deməsinə izin vermişdir. İstəməyin ən gözəl şəkli qarşılıqlı danışma ilə olanıdır, ibadət xidmətdir, xidmət xidmət edilənin hüzurunda edilsə, daha üstün olar. Surənin əvvəlindən bu ayəyədək olan hissə öygüdür, öygü öyülənin qiyabında olsa, daha gözəldir. Bu ayədən sonadək olan hissə isə duadır, dua da dua edilənin hüzurunda edilsə, daha üstün sayılar;
- qulun bir işə yönəlməsi ancaq uca Allahın yardımı ilə mümkündür, uca Allah buyurur: “Allahdan yardım istəyin”; (Bəqərə, 2/153; Fahruddin er-Razi, Tefsir-i kebir, cild, I, s. 338-354)

Bu bölməni Mustafa İslamoğlunun sözləri ilə bitirirəm: “... İbadət Allahın razı olduğunu etməkdir. Ubudiyyət (qulluq) isə Allahın etdiyindən razı olmaqdır. Allahın razı olduğunu edən Allahın etdiyindən də razı olar...” (Mustafa İslamoğlu, Kuran surelerinin kimliği, s. 24-25)

V

“BİZİ DOĞRU YOLA – NEMƏT VERDİKLƏRİNİN YOLUNA YÖNƏLT!”

Ayədə “biz” vurğusu var, dua edən bir insandır, o, “bizi doğru yola yönəlt” deyir. Biz əvəzliyi birlik, ümmət şüuru verir, inananlar qardaşdır ölçüsünü həyatınızdan çıxarmayın deyir. Ayə dua etməyi öyrədir, deyir ki, Onun bizim üçün istədikləri xeyirdir, biz dəOnun bizim üçün istədiyini Ondan istəyirik. Ayə uca Allahın ən dəyərli nemətini tanıdır, buyurur ki, uca Allahdan tək bir nemət istəsəniz, o, hidayət olsun, hidayətin varsa, nəyin yoxdur, ey insan, hidayətin yoxdursa, nəyin var, ey insan!

Uca Allah buyurur ki, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Uca Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, əgər elə olsa idi, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, hesaba, yenidən dirilişə, cənnət və cəhənnəmə ehtiyac olmazdı. Uca Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, diləyənin azmasına izin verər.

Qurani-Kərimə görə, insan hidayət üçün bu addımları atmalıdır:

- məsuliyyətli varlıq olduğunu qəbul etməli,üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır” (Səbə, 34/50);
- iman etməlidir, iman etsə, uca Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar...” (Səbə, 34/50);
- uca Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...” (Ali-İmran, 3/103);
- kimsənin arxasınca kor-koranə düşməməlidir: “Onlara: “Allahın endirdiklərinə uyun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın ənənəsinə tabe olarıq”, - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?” (Bəqərə, 2/170);
- cihad etməlidir: “(Biz) davamız uğrunda var gücünü xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır” (Ənkəbut, 29/69);
- hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: “Bizi doğru yola yönəlt!” (Fatihə, 1/5);
- hidayətə tabe olmalıdır: “... Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusu yoxdur, keçmişdən dolayı hüznlü də olmayacaq”(Bəqərə, 2/38);
- azmamaq üçün çalışmalıdır: “... Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et...” (Ali-İmran, 3/8);
- bilməlidir ki, O, azmayanı azdırmaz: “Onlar nə zaman yoldan azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin verdi” (Saf, 61/5);

Qurani-Kərimə görə, bu işlər insanın azmasına yol açar:

- ənənəyə kor-koranə bağlılıq: “... Onlar: “Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik”, - deyirlər” (Zuxruf, 43/22);
- doğru yolda olduğunu zənn etmək: “Onlara: “Allahın endirdiyinə və peyğəmbərə gəlin!” - deyiləndə: “Atalarımızın ... inancı bizə yetər!” - deyirlər” (Maidə, 5/104);
- arzu və həvəsinin arxasınca getmək: “Ondan (Rəbbin ayələrindən) üz çevirən kimsədən daha zalım biri ola bilərmi?” (Kəhf, 18/57);
- zülm etmək: “Xeyr, (özlərinə) zülm edən kimsələr bilgisiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?” (Rum, 30/29);
- uca Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək (hökm vermək): “Onlara doğru yolun bilgisi gəldiyi zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür (belə) düşünməlidir: “Bu, necə ola bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?” (İsra, 17/94);
- şeytana uymaq: “... Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıb-yandıran bir əzaba yönləndirər” (Həcc, 22/4);
- axirətə inanmamaq: “... Doğrusu, Allahın hüzuruna çıxarılacaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar” (Yunus, 10/45);
- öncə iman edib, sonra inkara yönəlmək: “... Onu inkar edərsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aiddir”;
- ehtiyacsız olduğunu düşünmək: “Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə...” (Ələq, 96/6-7);

Qurani-Kərimə görə, uca Allah kimlərə hidayət verməz:

- uca Allaha üsyan edənlərə;
- həqiqətə arxa çevirənlərə;
- günaha gömülənlərə;
- zülm edənlərə;
- inkar edənlərə;
- nəfsinin istəklərinə tabe olanlara;
- israf edənlərə;
- şübhəçilərə;
- qəlbi sərtləşənlərə;
- yalan danışmağı təbiət halına gətirənlərə;
- doğru yoldan azan qövmə;
- inkarda israr edənlərə;
- ayələri inkar edənlərə;
- təqlidçilərə;
- imandan sonra inkara yönələnlərə;
- elçi ilə arasını ayıranlara;

Qurani-Kərimə görə, uca Allah bu qullarına hidayət verər:

- ağıl və beş duyğudan doğru istifadə edənlərə;
- iman edənlərə;
- saleh əməli olanlara;
- tövbə edənlərə;
- uca Allaha yönələnlərə;
- Qurani-Kərimə tabe olanlara;
- elçiyə tabe olanlara;
- uca Allaha (Onun kitabına) sarılanlara;
- cihad edənlərə;

Qurani-Kərimə görə, bu özəlliklər insanın hidayətinə mane olur:

- təkəbbür;
- yersiz inad, yanlışda israr;
- nəfsinə kölə olmaq;
- cəhalət;
- varlığın anlamını, məqsədini, hikmətini düşünməmək;

Qurani-Kərimə görə, hidayət insanı müsbətə, xeyirə doğru dəyişdirər, qəlbinə hüzur verər, onu yönəldər:

- uca Allaha qulluğa;
- başqa varlıqlara qulluqdan imtinaya;
- köləlikdən azadlığa;
- uca Allah qorxusuna (sevən sevdiyini itirməkdən qorxar);
- yalnız Ona təzimə;
- Ona sımsıx sarılmağa;
- Ona təslimiyyətə;
- Onu haqqı ilə anmağa;
- ilahi rizaya;
- xeyir işlərə;
- ədalətə;

Hidayət işıq, dəlalət (azma) qaranlıqdır. Uca Allah təkcə insana deyil, bütün varlıqlara hidayət vermişdir: Günəşin, Ayın, hər planetin, suyun, küləyin... öz yolu var...

Qurani-Kərim hidayət kitabıdır. İnsanın hidayətə qovuşması uca Allahın əl-Hadi adının təcəllisidir. O, hidayətin qaynağıdır.

Bizi doğru yola (hidayətə) yönəlt!” duasını edən insan hidayətə qovuşmuşdur, elədirsə, niyə hər gün namazlarında eyni duanı təkrar edir? Çünki doğru yolda qalmaq daha çətindir, dua edən Ondan səbat, səbir, yardım istəyir ki, ömrünü hidayət içində yaşasın.

Uca Allah insana hidayət rəhbərləri vermişdir:

- onu inanmaq, doğru yolu tapmaq özəlliyi ilə yaratmışdır;
- ağıl vermişdir;
- vəhy nazil etmişdir;
- elçilər göndərmişdir;

Kimə hidayət verilibsə, ona ən böyük nemət verilib. Qurani-Kərimə görə, nemət verilənlər bunlardır:

- ən-Nəbiyyun (elçilər); (Nisa, 4/69)
- əs-Siddiqun (həqiqətə sadiq olanlar); (Nisa, 4/69)
- əş-Şühəda – haqqa şahid olanlar; (Nisa, 4/69)
- əs-Salihin – inandığını həyatına daşıyanlar, islah edən əməlləri olanlar; (Nisa, 4/69)

Allah Rəsulunun son sözü “ər-Rəfiqul əla”dır, yəni seçkin, nemət verilmiş dostların yanına.

İbn Abbas deyir ki, nemət verilənlər möminlərdir.

Qurani-Kərim bir nemətdir. Nemətin verilməsi nəticədir, səbəb iman və saleh əməllərdir. Hidayət neməti onu haqq edənə verilər. İslam neməti (uca Allaha təslimiyyət) bütün nemətlərin təməlidir. Hidayət müsəlmanların yoludur.

Əbu Zəhra deyir ki, nemət insanın mənimsədiyi, xoşladığı hər gözəl şeydir. Ancaq ayədə istər bu anda, istərsə də gələcəkdə olsun, istər dünyaya, istərsə də axirətə aid olsun, istər maddi, istərsə də mənəvi olsun, qəlbin xoş qarşılayıb, içinə sindirdiyi hər növ yararlanma anlamında istifadə olunmuşdur.

İçində fayda olan hər şey nemətdir. Uca Allah buyurur ki, sizə verilən hər nemət Allahdandır. (Nəhl, 16/53)

İmam Razi deyir ki, nemətlər üç yerə ayrılır: yalnız Allahın verdiyi nemətlər – yaratmaq, həyat vermək, ruzilər bəxş etmək... İlk baxışda bizə uca Allahdan başqasından gələn nemətlər var, əslində, onlar da Ondandır, çünki bu neməti, nemət verəni, bu nemətə vəsilə olanın qəlbində bu neməti vermə arzusunu yaradan da Odur, üçüncüsü də, bizim itaətimiz səbəbi ilə bizə verilən nemətlərdir. O, bizə yardım etməmiş, itaətə yönəltməmiş, vəsilələr yaratmamış olsa idi, biz nemətlərə qovuşa bilməzdik. Dolayısı ilə bütün nemətlər Ondandır.

İmam Razi deyir ki, həyat vermək böyük nemətdir.

Uca Allah buyurur ki, heç şübhə yoxdur ki, yeganə rəhbərlik Allahın rəhbərliyidir, (Ənam, 6/71) O, doğru yola yönələnlərin hidayətini artırar. (Muhamməd, 47/17)

Hidayət ilahi rəhbərlikdir – Fatihə surəsində hidayət istəyənlərə ikinci sıradakı Bəqərə surəsinin ikinci ayəsində cavab verilmişdir: içində şübhə olmayan bu kitab müttəqilər üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət şüuru ilə yaşayan, günahlardan çəkinən, əzabdan qorunan kimsədir.

Hidayət yaradılış hədəfinə, ilahi rizaya, uca Allahın seçdiyi həyat tərzinə uyğun yaşamaqdır: “O, hər şeyə yaradılışdan bir ölçü və hədəf təqdir etdi, sonra (o ölçüyə uyaraq hədəfinə qovuşacaq) istiqamətə yönəltdi” (Duhan, 44/38-39).

Hər varlığın bir məqsədi var, hər varlıq mənalı və məqsədli yaradılıb: “... Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun olsun deyə yaratmadıq... gerçək bir hədəf üçün yaratdıq” (Möminun, 23/115). “İndi Bizim sizi boş yerə və hədəfsiz yaratdığımızı, (hesab vermək üçün) Bizə qaytarılmayacağınızı düşünürsünüz, eləmi?” (Ənkəbut, 29/2-3)

Qurani-Kərim buyurur ki, insan inandım deməklə canını qurtara bilməz: “Yoxsa o (inandıq deyib də) pislik etməyi davam etdirənlər Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər! Nə bərbad düşünürlər!” (Ənkəbut, 29/4)

Ardı var...

Paralel.az

0.036768913269043