Ölkə vətəndaşı “Karaca”dan şikayət edir

Ölkə vətəndaşı “Karaca”dan şikayət edir
 

Nərimanov rayonu, Xan Şuşinski 21, mənzil 184 sakini İnarə Mirhəsənova problemlə üzləşdiyini söyləyib. Vətəndaşın AİB-ə ünvanladığı müraciətdə deyilir: “Sentyabrın 1-i Nəsimi rayonu, Azadlıq pr.99 ünvanında yerləşən “Karaca” mağazasından mənə Covid pasportum olmadığına görə, alış-verişi yalnız onlayn vasitəsilə etməyin mümkünlüyünü dedilər. Sentyabrın 2-si “Karaca”nın rəsmi instagram səhifəsində sifarişimi yerləşdirdim, sentyabrın 3-ü isə həmin sifarişi təhvil aldım. Bunun üçün 199.10 manat ödədim. Lakin sifariş etdiyim məhsul istədiyim kimi olmadığı üçün ikinci açılmamış dəsti başqasına dəyişmək istədim. İnstagram vasitəsilə məsələ ilə bağlı dərhal müraciət etdim. Cavab gəldi ki, bu, artıq qeyri-mümkündür. Səbəbinin də sifarişin onlayn qaydada olduğu üçün deyildi. Aldığım məhsulu götürüb mağazaya getdim. Bu dəfə məni içəri buraxdılar, lakin mal onlayn alındığı üçün mənə heç bir yardım edilmədi. Mağazanın meneceri isə dedi ki, mağaza onlayn sifarişlərə cavabdeh deyil. Belə çıxır ki, istehlakçının tələbatına uyğun olmayan malı istehlakçıya satıb pulunu almaq üçün onlayn satış bir fürsətdir! Sentyabrın 3-də “Karaca”nın elektron ünvanına, daha sonra “Votsap” nömrəsinə şikayət məktubu göndərdim. Heç yerdən cavab gəlməyəndən sonra İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng etdim. Şikayətim qeydə alındı və bir neçə gündən sonra, yəni

sentyabrın 8-də Antiinhisar departamentinin nümayəndəsi Nərmin Əhmədova mənimlə əlaqə saxladı və məhsula aid olan çekləri onun eleltron ünvanına göndərməyi xahiş etdi. Həmin gün bütün sənədlərin şəkilləri qeyd olunmuş ünvana göndərildi. Oktyabrın 1-də isə mənim adıma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məktub gəldi. Orada qeyd olunub ki, Evfemiya MMC (Karaca) Dövlət Xidmətinə məktub göndərərək bildirib ki, məhsulun əmtəə görünüşü pozulduğuna görə məhsul geri qaytarıla bilməz. Əlavə olaraq bildirilib ki, Evfemiya MMC-nın rəsmi cavabı ilə razı deyiləmsə, məhkəməyə müraciət hüququm var. Belə nəticəyə gəlinir ki, dövlət orqanı haqq-ədaləti, istehlakçı hüququnu yox, biznesin haqsız marağını qorumaqla məşğuldur!Dövlət məmuru ölkəmizdə məhkəmə olduğunu mənə xatırlatmaqla öz işini bitmiş hesab edir! Halbuki, nə şirkət, nə də Dövlət Xidməti məhsulun vəziyyətini nə araşdırıb, nə də yoxlayıb. Baxmayaraq ki, mən Dövlət Xidmətinin nümayəndəsinə ilkin müraciət edəndə bir neçə dəfə vurğuladım ki, malın qaytarılması ilə bağlı onlayn vasitəsilə imtinanı aldım. Bu isə o deməkdir ki, malın əmtəə görünüşünü görmədən mənə imtina cavabı göndərildi. Xahiş edirəm, istehlakçı hüququmu qoruyasınız, tələbatımı ödəməyən mal geri qaytarılsın, ödədiyim pul mənə verilsin, “Karaca” dükanının bu qanunazidd hərəkəti barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, əhali aldadılmasın”.

Nigar

0.063694000244141