Fransa palma yağının idxalına qadağa qoydu
Azərbaycanlılar isə hələ də palma yağını bəh-bəhlə yeyir
Paralel.az xəbər verir ki, bu həftənin əvvəlindən etibarən Fransa hökuməti palma yağının ölkəyə idxal edilməsini qadağan edib. Buna qədər Fransada və bütün Avropa ölkələrində palma yağından insan qidası kimi istifadə edilməsinə qadağa qoyulmuşdur. Lakin Fransa hökuməti hesab edir ki, sahibkarlar bu qadağaya məhəl qoymur, Fransa bazarlarında satılan yağların tərkibində insan orqanizminə zərərli olan palma yağı aşkarlanıb. Ona görə də hökumət bu yağın ölkəyə idxalına qadağa qoyub.
Yeri gəlmişkən, Azərbaycanda da bu yağ qida məhsulu kimi populyardır. Belə ki, bütün ucuz kərə yağlarının tərkibində palma yağlarının xüsusi çəkisi 90 faizə qədərdir. Hətta, ən bahalı - dünya brendlərindən olan kərə yağlarının belə tərkibində az da olsa palma yağı var.
Brend yağlara palma yağını heç də istehsalçı şirkət əlavə etmir. Yağ ölkəyə idxal edildikdən sonra idxalçi şirkət yağı yenidən emaldan keçirərək tərkibinə palma yağı əlavə edir. Burada məqsəd isə məhsulun qiymətini ucuzlaşdırmaqdır. Belədə isə insanların sağlamlığı zərbə altına düşür.
Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində palma yağından insan qidası kimi istifadə edilməsinə qadağa qoyulsa da, kasıb, "üçûncü dünya ölkələri" sayılan dövlətlərdə, o cümlədən də Azərbaycanda belə bir qadağa yoxdur. Ona görə də palma yağını insan qidası kimi emal edib satan sahibkarlar maddi məsuliyyət daşımır.
Azərbaycanın hazırkı durumundan belə bir qadağanın qoyulması ilə problemi aradan qaldırmaq mümkün deyil. Çünki yerli tələbatı belə bir şəraitdə başqa üsulla ödəmək qeyri-mümkündür. Yeganə çıxış yolu aqrar sahədə südlük heyvan sektorunu inkişaf etdirməkdir.
Hazırda ölkə daxilində yerli tələbatın 50 faizi qədər süd istehsal edilir ki, bu da ucuz kərə yağı istehsalına imkan vermir. Amma Azərbaycanda yerli tələbatı tam qarşılaya bilən təbii süd istehsalını təşkil etmək potensial.olaraq mümkündür. Lakin bunun üçün dövlət heyvandarlığa yetərli investisiya qoymalıdır. Hazırda, birincisi, kənd təsərrüfatına qoyulan dövlət investisiyası yetərli deyil. İkincisi isə yetərli olmayan investisiyanın yarıdan çoxu korrupsiyanın yeminə çevrilir. Ona görə də illərdir ki, milyardlarla manat investisiya qoyulan kənd təsərrüfatı yerində sayır, inkişaf etmir.
Akif Nəsirli