Erməni mətbuatı haray salıb: “Bu ssenari bizim maraqlarımıza uyğun deyil”
Paralel.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün Ukrayna və Türkiyənin Qara dənizdə təhlükəsizliyi təmin etmək və tərəfdaşlığı gücləndirmək üçün danışıqlar apardığını söyləyib. O, danışıqların aktiv bir mərhələdə olduğunu deyib: “Ukrayna NATO-ya qoşulmazdan əvvəl kiçik ittifaqlar yaratmaq taktikasından istifadə edəcək. Ukraynanın NATO-ya üzv olacağı Kiyevdə şübhə doğurmur və bu işdə Türkiyənin köməyinə arxalanırlar. Ukrayna ilə Türkiyə arasında Qara dənizdəki təhlükəsizlik məsələlərində əməkdaşlıq çox yaxındır. Ukrayna AB və NATO üzvü olmasa da, biz kiçik ittifaqlar yaratmaq siyasətinə başladıq. Ukrayna prezidentinin strateji təşəbbüsü var ki, NATO ölkələri, eləcə də Ukrayna,
Gürcüstan və Moldova Qara dəniz bölgəsi məsələsində səylərini birləşdirə bilər. Bu təşəbbüs hazırda NATO ilə birlikdə müxtəlif müstəvidə müzakirə olunur”.
Baş verənləri analiz edən erməni mətbuatında deyilib ki, Türkiyənin Qara dənizdəki mövqeyini gücləndirməsi Rusiyanı narahat etməyə bilməz - xüsusilə rəsmi Ankaranın “Ukraynanın ərazi bütövlüyünün tanınması”yla bağlı dəfələrlə söylədiyi ifadələr nəzərə alınmaqla: “Kreml başa düşməlidir ki, Kiyev və Ankara Krımın qaytarılması üçün planlar qurur. Kreml nəhayət, Bakı ilə Ankaranın Artsaxa qarşı başlatdıqları müharibəyə müdaxilə etməməyinin qiymətinin necə olduğunu başa düşəcək. Bəli, ruslar bölgədə sülhməramlılar yerləşdirdikləri üçün özlərinə təsəlli verə bilərlər. Lakin bu, Türkiyənin mövqeyinin inanılmaz dərəcədə möhkəmlənməsi üçün ödəniləcək son dərəcə kiçik bir qiymətdir. Bu, bir çox türk və
müsəlman dövlətləri üçün nümunə oldu. Əslində bu, bütün bunları görən, başa düşən, təhdidləri özünə çəkən İranın mövqeyini də izah edir. Tehran başa düşür ki, Azərbaycan öz hərəkətlərində müstəqil deyil, tam imperiya ambisiyaları olan Türkiyənin göstərişi ilə hərəkət edir. Bu ambisiyaları təmin etmək naminə Rusiya ilə birbaşa hərbi qarşıdurmaya getməyə hazırdır. Əslində bu, artıq Suriyada baş verib. İndi Qara dənizdə, sonra da Artsaxda mümkündür. Heç şübhəsiz ki, Bakı Ankaranın tələbilə dörd ildən sonra rus sülhməramlılarının geri çəkilməsi məsələsini öz üzərinə götürəcək. Bu ssenari bizim maraqlarımıza uyğun deyil. Rusiya və İranın maraqlarına da cavab vermir. Bu səbəbdən, mövcud hökumət müttəfiqlərlə birlikdə Ankara və Bakının planlarına qarşı çıxsa, öz yoluyla gedə bilər. Ancaq biz tamamilə fərqli bir şey görürük. Biz baş nazir Nikol Paşinyanın Bakı və Ankaraya faydalı addımlar atmağa hazır olduğunu görürük! Daha da
qorxunc yeni nümunələrin olmayacağına heç bir zəmanət yoxdur. Böyük bir sülh sazişinin imzalanması üçün hazırlıq olan sərhədlərin delimitasiyası və demarkasiyasının zəruriliyindən bəhs edən bütün bu danışıqlar indiki şəraitdə çox təhlükəlidir. Ankara və Bakının istədiyini etdikləri bölgədə vəziyyət hazırkı hökumət tərəfindən təhlükəli hala gətirilir. Bu səbəbdən də, Türkiyə açıq şəkildə gərginləşir, Qara dənizdə Ukrayna ilə ittifaq bağlayır. Bu dünyada hər şey bir-birinə bağlıdır”.
Nigar