İran nədən narahatdır?
İran Azərbaycanı təhdid etməklə Fransaya can borcunu ödəyir
Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra Tehran hökuməti özünə yer tapa bilmir. Əhalisinin 70-80 faizi Azərbaycanın 44 günlük şanlı zəfər yürüşünü ürəkdən alqışlasa da, bu iş İran hökumətinin kefinə soğan doğrayıb. Hökumətin gecəsi-gündüzü yoxdur, gah xarici işlər naziri hədə dolu bəyanatla çıxış edir, gah dini liderlər xəbərdarlıq edir ki, "şirin" quyruğu ilə oynamayın və s. Sonda isə İran Azərbaycanın işğaldan azad edilmiş torpaqları ilə həmsərhəd olan ərazilərdə "Xeybəri fəth edənlər" adı altında genişmiqyaslı təlimlərə start verdi.
İran yetkililərinin Azərbaycanı hədələyən bəyanatlardan belə çıxır ki, İsrail Azərbaycan ərazisindən İranın nüvə obyektlərini vurmağa hazırlaşır və Azərbaycan da buna icazə verib. Hətta, ABŞ-ın Nümayəndələr Palatasının keçmiş üzvü, adətən kəşfiyyat xarakterli açıqlamaları ilə yadda qalan Eliot Engelin adından belə dezinformasiya da yayıldı. Dezinformasiyanın müəllifi və ya sifarişçisi əlbəttə, İrandan başqa heç bir dövlət ola bilməz.
O ki qaldı İsrailin Azərbaycanda varlığına, onların Bakıda səfirliyi və Zəngilanda camış ferması var. İran bunu özünə təhdid hesab edirsə, buyursun açıq şəkildə bəyan etsin, izah etsin, görək İsrail (əslində, həmin camışlar İtaliyadan gətirilib) camışları ona necə təhlükə yarada bilər.
Bəli, İsraillə bağlı İranın iddiaları tamamilə əsassızdır və bunu İran hökuməti hamıdan yaxşı bilir. Hər halda, İran hökuməti ortadoksal yahudilərlə geniş miqyaslı iş birliyi qurub. İranda bir neçə yahudi əsilli iş adamının fabrik və zavodları fəaliyyət göstərir. İranda yahudi dilində məktəblər fəaliyyət göstərir. İndi müqayisə edin, zavod, fabrik, yahudi dilində məktəblə müqayisədə camış ferməsi heç nədir. Bu gün İranın yahudilərlə heç bir problemi yoxdur, Tehranın problemi İsrail dövlətilədir. Bu düşmənçiliyin kökündə isə heç də Fələstin məsələsi deyil. Çünki birincisi, fələstinlilər sünə təriqətinə mənsubdur, İran isə yer üzündə sünələri müdafiə etmir. Yəni burada dini və ya milli heç bir münaqişə yoxdur, bu toqquşma, sadəcə olaraq dövləti maraqlarının üst-üstə düşməməsindən qaynaqlanır. İran isə bunu Qurani-Kərimdə israil oğlanlarının lənətlənməsi ilə əlaqələndirir. Elə isə İran nədən yahudilərlə iş birliyi yapır, onlara məktəb açır?
Əslində isə İran 30 il bizim işğal altında olan torpaqlarımızdan yararlandığının kürlüyünü edir. İşğal dövründə ərazilərimizin 90 faizini iranlı iş adamları talan edib.
Bununla yanaşı, bölgədə münaqişəyə son qoyulmaqla bütün istiqamətlərdə nəqliyyat dəhlizləri açılacaq ki, bu da İranın bölgədə əhəmiyyətini bir dövlət kimi azaldacaq. Əsas da Zəngəzur dəhlizi İranın kürkünə birə salıb. Belə ki, bu dəhlizin açılması ilə İrandan yan keçən Naxçıvana, Türkiyəyə və bütün Avropaya yeni və daha səmərəli nəqliyyat xətti açılmış olur. Bu isə İranın dövlət maraqlarına uyğun gəlmir.
İranın Azərbaycana yönəlik siyasətində bir Fransa qayğısı da var. Bəlli olduğu kimi, İranla Fransa dövləti arasında xüsusi əlaqələr var. Diqqətli oxucular yəqin bilir ki, İslam inqlabı İrana 1979-cu ildə Fransadan ixrac edilib. Ona görə də, bu günkü İran hökumətinin mövcudluğuna görə, Fransaya bir can borcu var və onlar buna həmişə sadiqdir. Deməli, İran Azərbaycanı təhdid etməklə, həm də Fransanın sifarişini yerinə yetirir. Qoy olsun, "sirkə nə qədər tünd olarsa, öz çanağını çatladar", atalar haqlıdır, İran Azərbaycana qarşı nə etsə, hamısı bumeranq olaraq özünə qayıdacaq. Amma, əslində İran normal bir rejimə malik olsaydı, ikiyə bölünmüş alman dövləti kimi, hər an birləşməyə, bir olmağa can atmalı idi.
Akif Nəsirli