Jurnalistlər evinin damından su damır
"Jurnalistlər Evi" MMC isə bu işdə özünü günahkar saymır
Paralel.az xəbər verir ki, Yeni Salyan Yolu 20 ünvanında yerləşən, "Jurnalistlər binası" kimi tanınan çoxmərtəbəli binanın "C" girişi istiqamətində dam örtüyünun zədələnməsi nəticəsində sonuncu mərtəbədəki mənzillərə yağış suyu damır. Bu barədə bina sakinləri redaksiyamıza bildirib.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı onlar binaya kommunal xidmətlər göstərən "Jurnalistlər Evi" MMC-nin nümayəndəsinə məlumat versələr də, o cavabında deyib ki, kimin mənzilinə su danırsa, dam örtüyünü də o, təmir etməlidir. Halbuki, bina sakinləri mənzillərinin hər kvadratmetrinə görə 35 qəpikdən kommunal xidmət haqqı ödəyir ki, "Jurnalistlər Evi" MMC bütün ümumi sahələrdə gərəkən xidmətləri yerinə yetirsin.
Məsələ ilə bağlı "Jurnalistlər Evi" MMC-nin tabe olduğu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, sakinlərin xeyli hissəsi illərlə xidmət haqqını vermir, ona görə də binada heç bir iş görmək mümkün olmur: "Hazırda MMC-nin minlərlə manat işıq pulu borcu var. Sakinlər xidmət haqqını vaxtında ödəsələr heç bir problem yaranmaz".
Lakin onu da qeyd edək ki, sakinlərdən kimlərinsə xidmət haqqı borcunun olması MMC-ni məsuliyyətdən qurtarmır. Çünki xidmət haqqı toplamaq da, ümumi sahələrdə gərəkən xidmətlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi də "Jurnalistlər Evi" MMC-nin vəzifəsinə aid olan məsələdir.
Akif Nəsirli