Pasinyanla Əliyevin görüşü baş tuta bilər
Qabil Hüseynli: "Azərbaycan üçün Qarabağda yaşayan ermənilərə statusun verilməsi qəbuledilməzdi"
Paralel.az-ın məlumatına görə, Paşinyan bildirib ki, Azərbaycan prezidenti ilə görüşməyə onun üçün heç bir vaxt və yer məhdudiyyəti yoxdur. Bundan əvvəl isə prezident İlham Əliyev demişdi ki, Ermənistan baş naziri ilə görüş Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti ilə mümkündür.
Maraqlıdır, belə bir şəraitdə iki ölkə liderlərinin görüşü prosesə hər hansı bir töhfəni vera bilər? Bu sualla politoloq Qabil Hüseynliyə müraciət etdik. Politoloq bildirdi ki, əsas diqqət çəkən məsələ Paşinyanın şərt irəli sürmədən birbaşa görüşə hazır olmasıdır: "Baş nazir sözündə səmimidirsə, elə bu özü prosesə bir töhfədir. Azərbaycan üçün Qarabağda yaşayan ermənilərə statusun verilməsi qəbuledilməzdir. Bu şərt daxilində həm Minsk Qrupu cərçıvəsində, həm də ikitərəfli görüşlər formatında sülh sazişinin müzakirəsi və hazırlanması mümkündür. Bakı birbaşa danışıqlar başlayacağı təqdirdə müəyyən məsələlərdə razılaşmaya da gedə bilər. Məsələn, onlar həqiqi mina xəritələrinin bizə təqdim etsə, yəqin ki, bizimkilər də erməni diversantlarını bağışlaya bilər. Amma Pasinyanın açıqlamasından belə çıxır ki, heç onların özlərində də dəqiq mina xəritəsi yoxdur. Çünki Ağdam, Laçın və Kəlbəcərdən ermənilər çıxarkən yalnız ev yandırmaqla və kortəbii şəkildə mina bastırmaqla məşğul olublar. Onlar belə edir ki, azərbaycanlı məcburi köçkünlər mina qorxularından dədə-baba yurdlarına qayıtmasınlar, böyük köç mümkün qədər ləngisin. Əgər məcburi köçkünlər Ağdama, Laçına və Kəlbəcərə köçüb yaşasalar, Qarabağda bir nəfər də mülki erməni qalmayacaq. Onlar bizim əhalinin arasında yaşamaqdan qorxub qaçacaq. Amerikada yaşayan bir erməni generalı deyirdi ki, biz çıxdığımız ərazilərə 18 yük maşını minanı xəritə tərtib etmədən döşədik. Bu erməni barbarlığının bariz nümunəsidir.
İndiki mərhələdə sülh danışıqlarına başlamaq mümkündür. Məsələn, sərhədlərin dəqiqləşdirilməsi üçün Rusiya sovetlər dövrünün xəritələrinin verməyə hazır olduğunu deyir. Rusiya bu məsələdə səmimidirsə Azərbaycan 30 dekabr 1922-ci ildə SSRİ-nin tərkibinə 114 min kvadratkilometr ərazi ilə daxil olub. O zaman Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında heç bir erməni torpağı yox idi. Sovet hakimiyyəti Zəngəzuru, Laçında Qaragölü və Kəlbəcərdə Söyüdlü qızıl yatağının bir hissəsinin Ermənistana verilməsini təmin etmişdi. Biz SSRİ-nin tərkibinə 114 min kvadratkilometr ərazi ilə daxil olub, orada 86,6 min kvadrat kilometrə çıxmışıq. Bununla belə, biz kəsilərək Ermənistana verilmiş torpaqları geri tələb etmirik. Biz SSRİ dağılarkən oradan ayrılıb, müstəqilliyimizi elan etdiyimiz ərazilərin bütövlüyünü istəyirik. Bu isə bizim suveren hüququmuz dur.
Akif Nəsirli