Molla rejiminə rəğbət
Təhlükə qonşudan gələndə
Paralel.az xəbər verir ki, son günlər İranın yüksək vəzifə sahiblərinin Azərbaycana yönəlik sərsəm fikir və iddiaları, Azərbaycan cəmiyyətində birmənalı mənfi qarışılansa da, aramızda molla rejiminə qahmar çıxanlar da tapılır. Ən acınacaqlısı odur ki, bu dəstəkçilər, əslində söhbətin nədən getdiyini belə, bilmirlər. Məhz bu səbəbdən də, bəziləri kimi onların cəmiyyətimiz üçün təhlükəli olduqlarını düşünmürəm. Onlar, sadəcə olaraq molla rejiminin ölkəmizdə apardığı təbliğatın qurbanlarıdırlar. Onları bu yoldan çəkindirmək üçün həmin rejimin ölkəmizdəki təbliğat maşınının fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Çünki təhlükə qonşudan gələndə, daha ağır və gözlənilməz olur.
Buna görə də, ölkəmiz üçün çox həssas məqam olan dini maarifləndirməyə xüsusi diqqət ayırmaq lazımdır. Maraqlıdır ki, ölkəmizdə bu sahəyə nəzarət edən iki qurum olduğu halda, onların heç birinin dolğun fəaliyyətini hiss etmirik. Onlar həm də fərqli formada fəaliyyət göstərirlər ki, insanlar da bunu anlaya bilmirlər. Məsələn, Qafqazda Azərbaycandan başqa heç kimin qəbul etmədiyi Qafqaz Müsəlmanları İdarəsinin funksiyalarl nədir- Həcc ziyarətini təşkil edib pul qazanmaq?
Yaxud da, dövlət təsisatı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkəmizdə dini məsələlərin tənzimlənməsi ilə məşğul olursa,QMİ kimi bir quruma nə ehtiyac var? Bu da heç kimə sirr deyil ki, QMİ-nin İranın dini qurumları ilə çox sıcaq
münasibətləri var. Məhz bu səbəbdən də, nə Şimali Qafqaz xalqları, nə də Gürcüstanda fəaliyyət göstərən müsəlman dini icmaları bu qurumu qəbul etmirlər. Elə ölkəmizdə də, bu quruma etimad yüksək deyil. Elə qurumun rəhbəri A, Paşazadənin bu yaxınlarda Qarabağa səfəri zamanı yol verdiyi (bilərəkdən, yaxud bilməyərəkdən) yanlışlığı da, bir daha sübut edir ki, A, Paşazadənin İrana rəğbəti çox böyükdür.
Mənə belə gəlir ki, sovet rejiminin məqsədyönlü şəkildə yaratdığı bu qurumun fəaliyyətinə son qoymalıdır. Şeyxin də, artıq yığdıqlarını yeyən vaxtıdır. 40 il şeyxülislam olub, 40 il də pensiya ilə dolansın, inşəallah! Amma maraqlıdır, şeyxin pensiyasi necə hesablanacaq, görəsən, KQB generalı kimi, yoxsa dövlət məmuru, bəlkə nəzir qutularından birini, çoxillik fəaliyyətinə görə, ömürlük ona bağışlayacaqlar?
Hər halda şeyxin dövlətimiz qarşısında xidmətləri olub, elə-belə, pulsuz-parasız küşəyə atmayacaqlar ki.
Yusif Seyid