Mirxəyalın Vətən sevgisindən yaranan əbədiyyət yolu
Ötən ilin 27 sentyabrda ulu yurd yerimiz cənnətməkan Qarabağımızı yağı düşmən tapdağından təmizləməsi uğrunda Vətənin qeyrətini hər şeydən üstün tutub canından keçən Mirxəyal Valeh oğlu Kazımzadə Lənkəran şəhərində dünyaya göz açmışdı. Saf, duru insanlardan götürə-götürə boy atır Mirxəyal. 2016-cı ildə orta məktəbi başa vuranda onda olan həyat eşqinə, qurub-yaratmaq həvəsinə insanlar heyran qalırlar. Ləyaqətli bir ömür yaşamaq üçün xeyirxah əməllərə tapınır. Kompüter kursunu bitirməkdə də məqsədi yalnız el-obaya gərəkli olmaqdan irəli gəlirdi. Amma ürəkdən bağlandığı doğma Azərbaycan torpaqlarına göz dikən düşmən onun gələcəyə olan məhəbbət soraqlı, sədaqət ünvanlı arzularını yarımçıq qoyur.
Mirxəyal 2017-ci həqiqi hərbi xidmətə yola düşəndə düşmənin işğal etdiyi Qarabağı düşünür. Əsgərliyi Naxçıvanda keçirir. Ağır artilleriya bölüyündə atıcı olur. İlk gündən nizam-intizamı, hərbi texnikaya sonsuz marağı komandirlərin diqqətindən yayınmır. Ən əsası isə təlim məşqlərində fərqlənir, Vətənin əsl müdafiəçisi kimi tanınır. Mrxəyalın bu fəallığı həm də əsgərlər arasında ruh yüksəkliyi yaradır, onlarda Vətənə, torpağa sevgi hissi aşılayır.
Əsgərlikdən sonra Mirxəyal Lənkəran şəhərində kompüter texnologiyaları mütəxəssisi işləyir. Gördüyü işə ürəklə yanaşır, insanları özündən razı salır. Bir müqəddəs amalın işığında yaxşılıq gözündə ucala-ucala həyatını yaşasa da, xəyalı gücə-gündüz erməni dığalarına əsir düşən Qarabağı dolaşır. Hər an əlinə silah alıb müharibə meydanında düşmənlə üz-üzə gəlib onu əzməyə hazır durur. Və 27 sentyabrda arzusu gerçəkləşir, müharibə başlanan günü qəlbində düşmənə nifrət döyüşə yollanır.
Mirxəyal Vətənsevər igidlərlə bərabər Murovdağ istiqamətində düşmənə sarsıdıcı zərbələr vurur. Torpaqlar azad edildikcə qürurlanır. Müqəddəs Vətən naminə düşmənlə haqq savaşımızda bir daha ölümün gözünə dik baxa-baxa mərdliklə vuruşur. Daha sonra Füzulidə , Xocavənddə hər qarış torpaq uğrunda ölüm-dirim mübarizəsi aparır, ürəkdən bağlandığı Vətənə sevgisini yağı düşməni məhv etməklə bildirir.
Noyabr ayının 3-də, səhər saatlarında Xocavənd uğrunda gedən ağır döyüşlərdə Mirxəyal yaralanmış komandirini və bir neçə yaralı silahdaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərir. Zirehli üst geyimini çıxararaq yaralı komandirinin üstünə atır, onun həyatını xilas edir və yenidən odun-alovun içinə girir. Bir neçə dəqiqə sonra düşmən tərəfindən açılan atəş Mirxəyalın qarın boşluğuna dəyir və qəhrəmancasına şəhid olur. Həmin ayın 9-da doğulub, boya-başa çatdığı Lənkəran şəhərinə gətirilir, burada böyük izdihamla torpağa tapşırılır.
Vətən yolunda ölümü ilə ölməzlik qazanan, xatirəsi rəşadət zirvəsindən boylanan Mirxəyalın adı indi Lənkəranlıların dilindən düşmür. Onun şərəfli həyat yolunu özlərinə örnək sayırlar. İgid döyüşçünün müharibədə göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində də öz layiqli qiymətini alıbdır. Belə ki, o, ölümündən sonra Füzulinin, Xocavəndin azad olmasına, eləcə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medallara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü