Şəhid əmanətləri Şuşada ...
30 il işğal altında qalan ərazilərdə ağılasığmaz cinayətlər törədən vandal bir etnosun nümayəndələrini və onlarla ticari maraqlarına yenik düşüb əməkdaşlıq edən şirkətləri Beynəlxalq məhkəmə qarşısına çıxarmaq Azərbaycanın qanuni haqqıdır. Necə ki, işğaldan azad edilən ərazilərin bərpası, Qarabağın əvvəlki şöhrəti və simasının qaytarılması xalqımızın müqəddəs, mənəvi borcudur. Biz bu borcu layiqincə yerinə yetirir, qədim yaşayış yerlərimizin yenidən qurulmasını uğurla həyata keçiririk. Bütün bunlar həm də ona görədir ki, gələcək nəsillər Qarabağ yarasını əsla unutmasın, məkrli düşmənin torpaqlarımıza olan iddialarını yaddan çıxarmasın. Bu torpaqları geri almaq üçün qan tökən qəhrəmanlarımızı, şəhidlərimizi daim yaşatsın. Yeri gəlmişkən, “YAŞAT” fondu tərəfindən "Şəhid əmanətləri Şuşada" layihəsinə start verilib. Layihə çərçivəsində şəhid övladları Şuşanın tarixi, bu günü, mədəniyyət paytaxtımızın yenidən qurulması barədə ətraflı məlumat əldə ediblər.
Mədəniyyət beşiyimizin bu dəfəki qonaqları şəhidlərimizin övladları oldu. Səfər zamanı ilk dayandıqları yer Molla Pənah Vaqifin məqbərəsi oldu. Orda qonaqlara şairin həyat və yaradıcılığı barəsində məlumat verildi. Sonra Bülbülün yenidənqurmadan sonra istifadəyə verilən ev muzeyində oldular. Daha sonra Şuşa qalasına, Cıdır düzünə, Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya etdilər. Şəhid Ramil Yunisovun övladı Ramin Yunisov atasından danışdı: “Atam 1977-ci ildə anadan olub. Yaşasaydı 44 yaşı olacaqdı. Şuşada Daşaltıda şəhid olub. Gözəl hissdir mənim üçün bura gəlmək, alnı açıq, təmiz qəlblə gəlmişəm” dedi, şəhid əmanəti.
Bəli, şəhid əmanətləri Cıdır meydanından, atalarının döyüşdüyü bu ərazilərdən ətrafı seyr etdilər, atalarının necə bir ağır tapşırığın, sınağın öhdəsindən gəldiklərini hiss etmək üçün. Şəhid Paşa Mehdiyevin övladı Etibar Mehdiyev də hisslərini dilə gətirdi: “Atam Füzulidə ən məhşur tankçılardan biri idi, əfsanə kimi idi. Bilmədiyi bir şey yox idi tankla bağlı. Elə bil bizdən çox O, tankı sevirdi. Atam Cəbrayılda şəhid olub. Fəxr edirəm ki mən elə bir atanın oğluyam”.
Bəli, səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, muzeyləri, məscidləri, mədəni irsi quruculuq və bərpa işləri ilə yerindəcə tanış olublar. “YAŞAT” fondu həm də şəhid ailələrinin, qazilərin mənzil şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, təhsil xərcələri, borc öhdəlikləri və kreditlərin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirir. Orta məktəb öyrəncilərinə və ya universitetə daxil olan şəhid övladlarına müavinətlər ödənilir, xərcləri qarşılanır.
“ASAN” xidmətin rəhbəri Ülvi Mehdiyev də fikirlərini bölüşdü. O, qeyd etdi ki, bu il 1000-ə yaxın şəhid övladı olan şagirdimiz var. “YAŞAT” hər biri üçün onlara bir illik məktəb, dərs ləvazimatları hədiyyə edib. Eyni zamanda, bu il universitetə daxil olan şəhid övladlarımızın hər birinə birdəfəlik 2000 manat müavinət veriləcək. Eyni zamanda onlar təhsil haqqlarından azaddırlar. Bu 2000 manatlıq müavinət onların kirayə haqqları və digər ehtiyacları üçün, tələbə adını aldıqları üçün bir mükafatdır”.
Şuşanı gəzib görən şəhid əmanətlərinə səfərin ilk gününün sonunda "Qarabaq dirçəliş fondu" tərəfindən film təqdim olunub. Filmdə işğaldan azad olunan ərazilərimizdə indiyə qədər aparılan quruculuq və bundan sonra görüləcək işlər barədə məlumatlar yer alıb. Səfərin son günündə isə iştirakçıların hər biri atalarının əziz xatirəsinə ağac əkiblər. Şəhid əmanətləri 100-ə yaxın Şam ağacını öz əlləri ilə Şuşada torpağa basdırıblar.
Şahnaz