Azərbaycanda jurnalistlərə qarşı məmur hücumları güclənib - araşdırma

Azərbaycanda jurnalistlərə qarşı məmur hücumları güclənib - araşdırma
 

Media hər zaman təqib olunur

Azərbaycan Ermənistanı məğlub edərək, işğal altında olan torpaqları azad etdikdən sonra vətən müharibəsində ordumuzun döyüş uğurlarını ictimailəşdirən jurnalistlərin əməyi xalq və ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib.

Hətta vəzifə borcunu yerinə yetirmək məqsədilə müharibənin ən qızğın döyüş nöqtələrinə girib hadisə yerindən qaynar teportaj aparan bir neçə jurnalistimizin şəhid olması bu peşə sahiblərinin vətənpərvərliyinin göstəricisidir.

Lakin müharibədən sonrakı dövrdə, yəni son bir ildə jurnalistlərə qarşı məmur hücumlarının güclənməsi, hətta onların döyülməsi, təqib olunması hallarının çoxalması hər yerdə müşahidə olunur.
Bu sahədə fəallıq göstərən məmurlar, xüsusən icra başçıları, polis rəisləri onların rüşvət və korrupsiya əməllərini ifşa edib, ictimailəşdirən jurnalistlərə qarşı təzyiq və təhdidi gücləndiriblər.

Ölkənin sərvətlərini rüşvət və korrupsiya ilə mənimsəyən, amma Vətən müharibəsində bir toyuğunu belə itirməyən, hətta övladlarını hərbi səfərbərlikdən və düşmənlə döyüşdən gizlədən məmurların bu hərəkəti haqlı olaraq cəmiyyəti qəzəbləndirir.

Jurnalustlərin təzyiq və təhdidə məruz qalmasında fəallıq göstərən bir neçə icra başçısının adı mediada çox tez-tez çəkilir. Bu adlar içində Yasamal icra başçısı Elşad Həsənovun, Beyləqanın icra başçısı Asif Ağayevin, Tərtərin icra başçısı Müstəqim Məmmədovun, Gədəbəyin icra başçısı Əhəd Abıyevin, Kürdəmirin icra başçısı  R. Camalovun, Göyçayın icra başçısı Mehdi Səlimzadənin, Füzulinin icra başçısı Alı Alıyevin adları daha çox çəkilir.

Dünən Kanal-13-ün jurnalisti Əvəz Hafizlinin Yasamal rayonunda yerləşən "Dəyirman" restoranının gizli açılış mərasimindən etdiyi çəkilişə görə, jurnalistin döyülməsi və qolunun sındırılması məmurların jurnalistlərə qarşı göstərdikləri şiddətin bariz nümunəsidir.

Ölkə prezidenti jurnalistlərin gərgin və çətin əməyinə daim yüksək qiymət verdiyi halda, onun tabeliyində olan məmurların jurnalistlərə qarşı hucumlarına adekvat reaksiya verilməsinə indi həmişəkindən ciddi ehtiyac olması aydın hiss olunur.

Görəsən, jurnalistlərə qarşı cinayət etməkdən çəkinməyən, onların peşə fəaliyyətinə imkan verməyən məmurları durdiran tapılacaqmı?!...

Şahnaz

0.015149116516113