Vətəndaşlarımızda elektron sistemə qarşı inamsızlıq yaranıb

 

Vətəndaşlarımızda elektron sistemə qarşı inamsızlıq yaranıb 
 

“Əlillik statusu almaq hüququ olan xeyli vətəndaşımız suni maneələr qarşıısında qalıb. Bu məqsədlə edilən elektron müraciətlərin əksəriyyətinə imtina cavabı verilib. Tibbi sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və kütləvi imtinanın hansı meyarlarla həyata keçirildiyi də bəlli deyil”.


Bu fikirləri Millət vəkili Vüqar Bayramov "Paralel.az"-a açıqlamasında deyib. O qeyd edib ki, son vaxtlar, xüsusilə də 2021- ci ildə əlilliyin təyin olunması ilə bağlı, vətəndaşlara mənfi cavablar verilir.


"Vətəndaşlarımız əlillik dərəcəsi üçün müraciət edən zaman 88 saylı formanı elektron olaraq doldururlar və elektron müraciətdən sonra aparılan manitorinqlər göstərir ki, əksər hallarda vətəndaşlarımıza imtina cavabı gəlir. İmtina cavabı kifayət qədər çoxdur. Ona görə də əlillik dərəcəsi almaq  hüququ olan vətəndaşımız da digərlərinin qurbanına çevrilir və həmin hüquqdan yararlana bilmir. Texniki səbəbdən və digər səbəblərdən vətəndaşın müraciətinə mənfi cavab verilir”.
Ekspertin sözlərinə görə, problemin həlli üçün müləq elektron mexanizm təkmilləşdirilməli, sistemin şəffaflığı və səmərəliliyi artırılmalıdır. Millət vəkili artıq bununla bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Təklifdə qeyd edilir ki, əlillik statusunun təyinatı üçün müraciət edən şəxslərin yerli səviyyədə müayinəsinin aparılmasına imkan yaradılmalıdır.  
" Rayonlarda əlillik dərəcəsi üçün müraciət edən vətəndaş praktik olaraq elektron sistemdən istifadə edir və onun müraciəti yaşadığı rayonda deyil paytaxtda qiymətləndirilir ki, belə olanda bəzən həmin vətəndaşın səhhəti ilə bağlı tam məlumat əldə etmək mümkün olmur. Hətta tam məlumat əldə edilmədən belə qərarlar verilir. O baxımdan, yerli səviyyədə də, hətta müraciət elektron olsa belə, qiymətləndirmə aparılmasına ehtiyac var. Nəzərə alsaq ki rayonlarda yaşayan vətəndaşlarımız yerli həkimlərə müraciət edir və yerli həkimlərin həmin vətəndaşların səhhəti ilə bağlı qeydləri, bilgiləri var, həmin qeydlərin, bilgilərin də elektron olaraq qəbul edilən qərarda nəzərə alınması daha məqsədəuyğundur”.

Vüqar Bayramov daha sonra qeyd edib ki, qiymətləndirmə komissiyalarının tərkibinə yenidən baxılmalı və təkmilləşdirilməlidir.

Bəli, insanların fikirlərinə və müşahidələrə əsaslanaraq belə qənaətə gəlirik ki, şəffaflığın artırılması üçün  qeyri hökumət təşkilatlarının və ictimai qurumların həmin komissiyalarda təmsil olunması prosesin səmərəliliyi və şəffaflığı üçün vacibdir. Əgər qeyri hökumət təşkilatları vətəndaş cəmiyyəti prosesdə iştirak edərsə şəffaflıq da təmin olunar.
İmtina hallarının çox olması, sistemin tam təkmil olmaması isə vətəndaşlar arasında elektron sistemə qarşı artıq inamsızlıq yaradıb.


Şahnaz Salehqızı, Paralel.az

0.016621112823486