İcmalara yönəlik ailə turizmi...

 

İcmalara yönəlik ailə turizmi... 
 

Son on ildə turizm bazarında ancaq müsbət tendensiyalar müşahidə olunur. Bu illər ərzində insanların təxminən 1,5 milyardının səyahəti uzaq məsafələrə də əlçatan olub. İstirəhət məqsədli səyahət edən turistlərin təxminən 45%-ə yaxını məhz, ailələrin payına düşür.

Ev turizmi əsasən icmalara yönəlik turizm növü sayılır ki, bu da son dövrdə populyar olmağa başlayıb. Bu turizmin digərlərindən fərqi ondadır ki, bir yerdən digər yerə səfər edərkən  onlar otellərdə və yaxud, böyük məkanlarda deyil, məhz yerli evlərdə qalmağa üstünlük verirlər. Təbii, bu evlər müəyyən şərtlərə və müəyyən standartlara cavab verməlidir ki, gələn qonaqları, turistləri qarşılaya bilsinlər.  Bu turizm növü ikitərəfli faydalıdır, həm gələn turistlər üçün daha ucuz başa gəlir, həm də lokal mədəniyyəti hiss etmək, yerli mətbəxlə tanış olmaq istəyən turislər üçün xüsusən əvəzolunmazdır. Çünki onlar getdiyi yerdə yerli insanlar kimi qalıb yaşayırlar, oradakı yeməklərin dadına baxa bilirlər. Bu, eyni zamanda, qonağı qəbul edən ailə üçün də maddi sərfəlidir. Çünki həmin ailə göstərdikləri xidmətin qarşılığında müəyyən qazanc əldə edir ki, bu da, həm ailə büdcəsinə, həm də dövlətə vergi şəklində müəyyən daxilolmalara səbəb olur. Bu mənada ev turizmi yerli əhalinin gəlir mənbələrindən birini təşkil edə bilir.

Həmsöhbətim Qusar rayon sakini Səmayə Abdullayeva məşğul olduğu ev turizminin gəlirindən razıdır. Pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər olsa da, qaydalara ciddi əməl etdiklərini bildirən Səmayə xanım, builki qazancının da yaxşı olduğunu deyir.

“Qışda da qonaqlarımız olur. Ötən illərdə gələnlər xidmətimizdən razı qaldıqları üçün əlaqə telefon nömrəmizi götürüblər. Bu qış yenə gələcəklər. Biz yerli mətbəximizə aid yeməklər hazırlayırıq qonaqlar üçün. Amma o xidmətin pulunu almırıq”.

 Qeyd edək ki, regionlarda istirahət edən turistlər həm də səmərəli istehlakçıya çevrilirlər, oradakı alış-veriş yerlərinə, bazar və dükanlara müraciət etdikləri zaman. Və sənətkarlıq nümunələrini qiymətləndirərək bu  sahələrin də inkişafını təşviq etmiş olurlar.

 

Şahnaz Salehqızı, Paralel.az

0.028194904327393