"Məktəblərdə dərinləşən xaos cəmiyyəti ciddi narahat edir”- millət vəkili Fazil Mustafa deyir
"Məktəblərdə dərinləşən xaos cəmiyyəti ciddi narahat edir”
Biz indi sosial şəbəkədə hansı dildə təhsil alınmasının zərərini, xeyrini müzakirə edirik. Ancaq pandemiyanın obyektiv, qabiliyyətsiz idarə edənlərin subyektiv təsirləri təhsilimizi elə çökdürəcək ki, bir azdan "hansı dildə olursa olsun, təki elementar səviyyədə təhsil olsun!" tələbini səsləndirməli olacağıq.
Yeni təyin olunan məktəb direktorlarının kimliyi və qohumluq, dostluq, katib və katibəlik əlaqələri ilə tanış olduqca təhsildə hansı ilğıma doğru sürükləndiyimiz daha aydın görünür. Əlbəttə, bu təyinatlarda hazırlıqlı və qabiliyyətli insanların az da olsa, varlığı adama təsəlli verir, ancaq məktəb infrastrukturunda dərinləşən xaos bütün cəmiyyət ciddi narahat etməlidir”.
“Bu mövzuda konkret faktlarla Milli Məclisdə fikirlərimi səsləndirəcəyimə görə, burada sadəcə ayrıca bir məsələ ilə bağlı mənə edilən müraciət üzərindən bir real mənzərəni çatdırmaq istəyirəm.
İsmayıllı rayonu Quşençə kənd məktəbinə vəfat etmiş direktorun yerinə təyinat olunmayıb. Təyin olunanlar da gəlib məktəbin durumunu görəndən sonra qaçıb gedirlər.
Çünki qışda paltosuz dərs keçmək mümkün deyil. Əl yumağa su qıtlığı da var. Məktəbin şagirdlərinin müəyyən hissəsini təhsil şəraitinin keyfiyyətsiz olduğunu görərək valideynlər övladlarını buradan çıxarıb rayon mərkəzindəki məktəbə oxumağa göndərirlər.
Bu da onsuz da kasıb olan kənd əhalisi üçün əlavə məsrəf deməkdir. Dərs saatları olduğu vaxtda analıq məzuniyyətinə çıxmış təcrübəli bir müəllimə indi məktəbə geri dönür və bildirirlər ki, sənə dərs verilməyəcək.
İndi bu müəllimə məhkəməyə müraciət etmək istəyir, ancaq vəkilə ödəməyə pulu olmadığına görə, məndən bir millət vəkili kimi maddi kömək istəyir. Bir təcrübəli müəllimənin itkisini və bunun ağır nəticəsini anlayacaq qafanı görmədiyimə görə, rəsmi qaydada hansısa ünvana bu şikayəti göndərməyi də artıq hesab edirəm.
Məktəbə təkcə Bakıdan baxmaq lazım deyil, həm də kəndlərin içindən baxmaq lazımdır. O halda real mənzərə gözünüz önündə daha aydın canlanacaq” – F.Mustafa qeyd edib.
Millətin vəkilinin sözünə əlavə olaraq qeyd edək ki, Təhsil Nazirliyi qeyri-peşəkar, pedoqoji təcrübədən bixəbər, rüşvət və korrupsiya atəşi ilə alışıb yanan dağıdıcı kadrların cəmləşdirildiyi bazarı xatırladır.
Təhsil Nazirliyinin sonuncu kollegiyasının qəbul etdiyi müdhiş qərarlar qeyd etdiyimiz mənfi halların bariz nümunəsidir.
Emin Əmrullayevin rəhbərlik etdiyi Kollegiya iclası təəssüf ki, hələ də yanlış qərarlar qəbul edir. Kollegiya təcrübəli məktəb direktorlarını, müəllimləri qorumaq, onların bilik və bacarığından istifadə edib təhsili dirçəltmək əvəzinə, cavan, heç bir pedaqoji təcrübəyə malik olmayan, rüşvət, qohumluq, dostluq və digər mənfi hallar əsasında təyin olunan gənc direktorların və müəllimlərin təhsilə vuracağı zərbənin nə qədər dəhşətli olacağını nəzərə almır.
Bu mənada xalq və ölkə ictimaiyyəti millət vəkili Fazil Mustafanın fikirlərilə tam razılaşır və ölkənin təhsil sisteminin işbazların qazanc mənbəyinə çevrilməsindən əndişələnir.
Züleyxa