Gülnisə xala daha "sosial siyasət nağılı"na inanmır
İşdən evə gələndə Gülnisə xalanı yenə doqqazın qırağındakı taxta oturacaqda əyləşmiş gördüm. Torlanmış məsum gözləri yol çəkirdi. Sanki kimisə, nəyisə gözləyirmiş kimi. Yanından ötüb keçənlər də, fərqində deyildi. Bilmirəm yaşının ahıl çağımı, yoxsa tənhalıqmı onu başqalarından fərqli xasiyyətə, görkəmə salıb. Məncə, Gülnisə xalanı görüb də, ona laqeyid olmaq sadəcə mümkün deyil. Gərək düşmən olasan ki, daş ürəyinlə buna biganə qalasan.
Bəndənizsə o kəslərdəndir ki, Gülnisə xalanı görəndə laqeyid qala bilmir, onunla ilgilənməyi boynunun borcu sayır. Amma bu bəndənizin bir vərdişi də var ki, həyat qazandırıb onu, halı üzündən bəlli insanlara necəsən kəlməsini deyə bilmir. O, şablon ifadələri sevmədiyindən deyil, əhvalı çöhrəsindən bəlli olana necəsən deyəndə qəlbində həmin adama küsdüyünü bildiyindəndir. Belə məqamda adam qəlbindən “Məyər mənə baxan necəliyimi görmürmü?”, hissini keçirir səssizcə...
Söhbətə başlamaq üçün "necəsən?"lə giriş etməyə ehtiyac yoxdur. O qədər sözlər var ki, məsələn, mən Gülnisə xalama belə deyirəm: “gəldim ki, bir az söhbətləşək, dərdləşək ay Gülüm”...
Gülnisə xalaya adının qarşısındakı "gül"lə müraciət edirəm daha. Belə deyəndə gülümsəyir, bu gülüş də ki mənə dünyaları bəxş edir. Elə məqsədim, həyat devizim də budur, qəlb sevindirmək, ürək açmaq, ümid vermək.
Gülnisə xala deyir ki, ömür yaşını həmin o anlarla hesabla. Səbəb olduğun gülümsəmələrin sayını ömür yaşın kimi hesabla. Yerdə qalanını ömründən, yaşından sayma, çünki yerdə qalanı faydasız ömürdü. Kimisə güldürdüyün, sevindirdiyin, həyata tutunmasına, ümidlənməsinə səbəb olduğun anlar qədərdi yaşın.
Dediyi kimi yaşamağı öyrəndim mən də. Hazırda həmin yaş, rəqəm neçədir, soruşsanız deyə bilməyəcəm, o yaşı unuduram yaddaşa sığmayacaq qədər çox olduğuna görə.
Keçək əsas məsələyə. Qəhrəmanımın səhhəti o durumdadır ki, aldığı pensiya dərmanlarının pulunu ödəmir. Bədbəxtlikdən ölkəmizdəki “uğurlu” sosial siyasəti aparanlar da ki Gülnisə xalanın durumunda olan vətəndaşların sayını günü-gündən artırır. Hər gün televiziya, sosial media Azərbaycandaki pensiyaçıların sayını o qədər təkrar edir ki, artıq hamı bilir ki, əhalinin təxminən hər 10 nəfərindən biri pensiyaçıdır. Hamısı da cismən ayaqda, ruhən çoxdan ölmüş kəslərdi. Yəni normal insan kimi yaşamırlar, sürünürlər, köçdən geri qalmamaqçün. Hansını dindirirsən qan ağlayır... Əslində hökumətin rəva bildiyi o pensiya ilə adam kimi yaşamağın mümkün olmadığını bu qaydanı qoyanların özləri yaxşı bilir. Xaricdə yaşayıb, geriyə, ana-bacısına pul göndərənlər olmasa, Azərbaycanda əhalinin çoxu gecə yatar, səhər acından ayılmaz. Bax, buna görə Gülnisə xala yeri gələndə deyir ki, ay bala belə sosial siyasət mənim nəyimə lazımdır?
Adam haqlı. Deyir mənim problemimi həll etməyə borclu olan hökumət buna niyə göz yumur, bacarmırsa qırağa çəkilsin, yerini bacaranlara versin. Hər dəfə məni görəndə eyni sualı verir- hökumətin görəvi məni, səni, xalqı yaşatmaq deyilmi, deyir. Cavab verə bilmirəm...
Deyir bir ölkədə ki, sayı bilinməyən oğru, talançı məmur dəstəsi yetişib millətin qanın sörmağa qalxa, bu, həmin hökumətin sosial siyasətinin düzgün yürüdülməməsi deməkdir. Min nəfərin xan kefində yaşaması üçün bir milyon pensiyaçı ölənə qədər sürünür məmləkətimizdə. Dövlətin borcudur vətəndaşını bir qrup nankor, xain haramzadaların əlindən, zülmündən xilas etmək.
Əgər vətəndaş dövlətin dayağı sayılırsa, bəs onda dövlət niyə vətəndaşının həssas vaxtında, pensiya yaşında ona arxa durmur? Aptekdə intihar etmək həddinə gəlir insanlar, dərmanların qiyməti od tutub yanır. Gülnisə xala isə yaşadığı məhlədəki sayı bilinməyən aptekləri əsasını qoltuğuna dayaq edərək gəzir, bir-bir sayır, bir küçədə düz 35 aptek var, deyir. Ölkədə insanların gözünü qamaşdıran diaqnostika mərkəzləri, “Mall”lar Azərbaycan xalqını xoşbəxt edə bilmir. Səlahiyyət sahibləri dövlətin xalqa məxsus pulunu aptek və klinika biznesinə yönəldib, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq. Axı xəstəxana, sanatoriya və apteklərinin ən gəlirli sahə hesab olunduğu bir ölkənin vətəndaşı necə xoşbəxt ola bilər? Bunlar nağıl deyil, reallıqlardı. Nağıllar Azərbaycan televiziyalarında olur. İndi siz deyin, bu xalq gördüyünə inansın, yoxsa televiziyadan eşitdiyinə? Gözü yolda Gülnisə xala da daha bu nağıllara inanmır...
Şahnaz Salehqızı, Paralel.az