Kasıb villa sahibləri
Azərbaycanda Gəlir bəyannaməsi niyə işləmir?
Paralel.az xəbər verir ki, mətbuatda, sosial şəbəkələrdə tez-tez varlıların villalarından, mülk və saraylarından görüntülər yayımlanır. Bununla işimiz yox. Kişilərin pulu var, istəyər özünə villa, saray tikər, ictəməz yığar sandığa oturar üstündə, kimin nə işinə qalıb. Amma bu məsələnin də bir əmması var. Məsələ ondadır ki, həmin villal, saray və malikanə sahibləri heç də adi iş adamları deyillər. Sadəcə, dövlətdən ayda 1000, 2000, 3000 manat maaş alan dövlət məmurları, yaxud bu məzlum milləti parlamentdə təmsil edən «millət vəkilləri»dirlər. Bildiyim qədəri, Azərbaycan qanunlarına görə, dövlət məmurlarının və deputatların bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qadağandır. Belə olduğu halda, məmurlar dəyəri milyonlarla ölçülən mülklərə necə sahib olurlar? Azərbaycanda nə üçün Gəlir bəyannaməsi işləmir?
Maraqlıdır ki, kasıb bir ölkə vətəndaşı özünün şəxsi mülkiyyətində olan torpaqda kiçik bir «it damı» tikməyə cəhd eləsə, polisdən, icra hakimiyyətindən, bələdiyyədən, əmlak komitəsindən tutmuş hamı qapının ağzıni kəsir ki, nə tikirsən, niyə tikirsən, pulu haradan qazanmısan və s. Amma ayda 700-1000 manat maaş alan məmur, milyonluq villa tikir, onu heç kim görmür. Bu anormallıq deyilmi? Bir yüksək vəzifə tutan məmurun sahibkarlıq subyektləri barədə mətbuatda məlumat dərc olunmuşdu. O da aşıqlama verərək bəyan etmuşdi ki, «fəxr edirəm ki, ailəmin belə biznes şəbəkəsi var». Bir müddət sonra həmin məmur görəbdən alındı və məlum oldu ki, ailəsinin qurduğu və onun fəxr etdiyi bu biznes şəbəkəsi həmin məmurun rüşvət və korrupsiya yolu ilə dövlətdən və xalqdan oğurladığı pullar hesabına ərsəyə gəlib.
Bu gün Azərbaycanda həqiqətən də rüşvət və korrupsiyaya qarşı mübarizə aparılırsa, Gəlir bəyannaməsinin tətbiq olunmalsına başlanmalı idi. İlk növbədə isə dövlət qulluğunda çalışanlardan Gəlir bəyannaməsi tələb olunmalı idi.
Bu məsələdə ən maraqlı məqamlardan biri də odur ki, jurnalistlərin, blogerlərin, adi vətəndaşların gördüklərini, bildiklərini nədənsə, bunu görməli, bilməli olan qurumlar görmür, bilmirlər. Əslində isə görür, bilirlər, ancaq susurlar. Niyə, nə üçün bax, bu suala cavab verməkdə heç kim maraqlı deyil, bu məmləkətdə.
Bizdən bu qədər.
Yusif Seyid