Nazirlər dəyişsə də, sistem dəyişmir
Azərbaycanda həkim və müəllim çatışmır
Paralel. az xəbər verir ki, son zamanlar Azərbaycanda həkim və müəllim çatışmazlığı müşahidə olunur. Mənim bu günlərdə müşahidə etdilərim də, bu faktı təsdiqləyir. Bir müddət əvvəi isə deyirdilər ki, Azərbaycanda həkimlər, müəllimlər öz ixtisaslarına uyğun iş tapa bilmədiklərindən, başqa sahələrdə çalışmaq məcburiyyətindədirlər. Maraqlıdır, bu illər ərzində nələr dəyişdi ki, həkim və müəllimlərə təlabat bu səviyyəyə çatdı? Bu, böyük bir araşdırma mövzusudur, mən isə ancaq bugünlərdə görüb- eşitdiklərimi qeyd etmək istəyirəm.
Deyə bilərsiniz ki, son illər ölkəmizdə onlarla məktəb, xəstəxana və digər təhsil və sağlamlıq ocaqları tikilib, istifadəyə verilib. Amma, əsas məsələ bu deyil. Əsas məsələ odur ki, bu sistemlər bərbad vəziyyətdədir. Burada insanların sağlamlığı, təhsil alması, heç kimi narahat etmir. Çünki təhsil və səhiyyə sistemi ən gəlirli biznes sahələrinə çevrilib, bu peşə sahiblərinə təlabatın artması, həm də, by faktorla bağlıdır. Düşünməyin ki, həkimlər xəstələri müalicə edib, pul qazanmaq istəyirlər. Tam əksinə, xəstələrin sağlamlığı həkimlərin böyük əksəriyyətini əsla maraqlandırmır. Bu səbəbdən də, bir dəfə həkimə müraciət edən xəstə, illərlə həkimlərin qəbuluna gəlmək cəzasına məhkum edilir. İllərdir həkimlərin qəbulunda olan, adının açıqlanmasını istəməyən, Abşeron rayonunun sakini olan xanımın dedikləri:»8 ildir həkimlərin əlindəyəm, 5 dəfə əməliyyat olunmuşam, 50 yaşım var, daxilimdə doğranmayan bir yer qalmayıb. Həkimlərdə nə insaf var, nə mürvət. Onları mənim sağlamlığım yox, məndən ala biləcəkləri pul daha çox maraqlandırır. Bir gün pul verməsəm üzümə belə baxmazlar. Adlarını müsəlman qoyublar, müsəlmanda heç olmasa bir damcı Allah qorxusu olar, bunlar isə nə Allahdan, nə də qanundan qorxurlar». Bax belə. Poliklinikalarda, xəstəxanalarda xəstə əlindən tərpənməyin mümkün olmamasının bir səbəbi də budur.
Həkimlərsə, bunu həkim çatışmazlığı kimi qələmə verməyə çalışırlar.»Həkim çatışmır, bu boyda poliklinikada bir həkim var, nə istəyirsiniz bizdən, gedin şikayət edin, ya da növbənizi gözləyin». Bir həkim iş saatı müddətində 20-25 xəstə qəbul edə bilir, növbədə isə həmişə 40-50 adam olur. Bundan isə heç kim narahat deyil, nə xəstəxana və poliklinika rəhbərliyi, nə rayon səhiyyə şöbələri, nə də Səhiyyə nazirliyinin yetkililəri.
Məktəblərdə isə müəllimlər şagirdlərə normal dərs keçməkdə maraqlı olmadıqlarından, yuxarı sinif şagirdlərini repetitor, ibtidai sinif şagirdlərini isə hazırlıq müəlliminə yönləndirirlər. Repetitor və hazırlıq müəllimləri isə adətən, elə orta məktəb müəllimləri olur. Məsələn, Əli müəllim öz şagirdinə başqa bir məktəbdə eyni fənni tədris edən Vəli müəllimi repetitor kimi məsləhət görür. Vəli müəllim də öz şagirdlərinə Əli müəllimi. Yaxud, məktəbdə verilən maaşa qane olmayan müəllim, eks-təhsil naziri Misir Mərdanovun sözləri ilə desək, evinin bir otağında 5-10 nəfərlik sinif açır və ayda 2-3 min manat qazanır.
Bütün bu biabırçılıqlardan əziyyət çəkən isə əsasən, orta və aşağı səviyyədə yaşayan Azərbaycan vətəndaşları olur. Çünki varlılar öz övladlarını bahalı məktəblərə yerləşdirə bilir, kasıblar isə ümumiyyətlə uşaqlarını məktəbə qoymurlar.
Hər iki sahədə nazirlər səviyyəsində dəyişikliklər olsa da, məktəb, bağça, xəstəxana, poliklinika səviyyəsində heç nə dəyişmir.
Yusif