Nə əkərsən, onu da biçərsən

 

 

Nə əkərsən, onu da biçərsən  
 

Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılaraq daxili bazarın tələbatını yetərincə və etibarlı şəkildə ödəməsi üçün kənd yerlərində kiçik müəssisələrin yaradılması zəruridir. Bu şəraitin yaradılması üçün də banklar yardımçı olmalıdır, bankların üzərinə burda müəyyən vəzifələr düşür. Banklar sahibkarların güzəştli kredit əldə edə bilməsi üçün rahat və asan şərait yaradarsa, bu proses əlçatan olar.

İqtisadiyyatın dinamik inkişafı, əhalinin həyat şəraitinin yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün sahibkarlara, iş adamlarına dövlət qayğısı olduqca zəruridir. 

 Mərkəzi bankın məlumatına görə Azərbaycanda kredit portfelinin həcmi 14,3 milyard manatdır. Eyni zamanda Mərkəzi bankın öz hesablamaları göstərir ki, kreditlərinin əhəmiyyətli hissəsi Bakı şəhərinin payına düşür. Yəni kredit portflelinin 11,4 milyard manatı  paytaxtımızda sahibkarlara və digər vətəndaşlara verilir.Bütövlükdə regionda fəaliyyət göstərən sahibkarların və rayonlarda yaşayan vətəndaşlarımızın aldıqları kreditin həcmi isə ümumi kredit portfelinin 17%-ni təşkil edir. Bu da o anlama gəlir ki, kommersiya bankları tərəfindən verilən kreditlərin hər 100 manatından 17 manatı rayonlarımıza təqdim olunur. Ekspertlərin fikirincə, rayonlarda fəaliyyət göstərən sahibkarın kredit almaq imkanını artırmaq  üçün  həm bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərinin davam etdirilməsi, həm də,  girov mexanizminin təkmilləşdirilməsi məqsədəuyğundur.   

ABŞ daxil olmaqla inkişaf etmiş ölkələrə məxsus regionlarda fəaliiyət göstərən sahibkarların banklardan kredit əldə etmələri üçün konkret proqramlar tətbiq olunur. Azərbaycanda isə aparılan tədqiqatlar onu göstərir ki, regionlarda kredit portfeli az olduğuna görə, birbaşa girov mexanizmini işə düşür. Hətta banklar regionlarda fəaliyyət göstərən sahibkarlardan onların paytaxtda olan əmlakını da girov qoymalarını tələb edirlər. Yəni bu, Azərbaycan reallığıdır, nağıl deyil.

Regionlarda fəaliyyət göstərən fermerlərə, yaxud aqrobizneslə məşğul olan sahibkarla gəlincə, onların da paytaxtda və digər böyük şəhərlərdə əmlakları olmayanda kredit almaq imkanından məhrum olurlar. O baxımdan, ekspertlər bildirirlər ki, daha məqsədəuyğun olardı ki, girov mexanizminin təkmilləşdirilməsi həyata keçirilsin,

regionlarda fəaliyyət göstərən sahibkarların praktiki olaraq daha təkmil girov mexanizmi ilə kredit alma imkanları yaradılsın. Sahibkarlığın inkişafı fondu, aqrar sektorla məşğul olan fond özlərinə sərf edən şəkildə fəaliyyət göstərəndə o zaman kəndli öz işində istədiyi müsbət nəticəni əldə edə bilmir.

Bu baxımdan xüsusi proqram çərçivəsində aqrar sektorda eləcə də turizmdə çalışan sahibkarlar alacaqları maliyyə dəstəyinin şəffaf və ədalətli şəkildə həyata keçməsini arzu edirlər.

Bəli, son illər bu istiqamətdə reallaşdırılan məqsədyönlü layihələr hesabına özəl sektor yeni inkişaf mərhələsini yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır.

İqtisadçı ekspert Vüqar Bayramovun fikirlərinə görə, həm fermerlərin, həm də aqroturizimlə məşğul olan sahibkarların fəaliyyətlərinin genişləndirilməsi üçün onların maliyyə imkanlarının artırılmasına ehtiyac var. "Kreditləşmə, maliyyə resurslarından səmərəli istifadə etmək kənd təsərrüfatının, eləcə də, aqroturizmin inkişafının əsas istiqamətlərindən biridir. O baxımdan, həm fandreyzinq, həm maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirilməsi,  bu istiqamətdə dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədəuyğun olardı . Bu, praktiki olaraq Azərbaycan üçün yeni aqroturizm sektorunun daha da inkişaf etdirilməsinə və regionların sosial iqtisadi inkişafına xüsusi töhfənin verilməsinə gətirib çıxara bilər”.

 

Şahnaz Salehqızı, Paralel.az

0.019214153289795