Faiq Ələkbərli:"Zəfər həm yeni qələbəmizə, həm də tarixi keçmişimizə maraq oyatdı"

Faiq Ələkbərli:
 

AMEA əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Paralel.az"-a çıqlamasında bildirib ki, son zamanlar türk tarixinə və ədəbiyyatına maraq xüsusilə artıb. O qeyd edib ki, elmi jurnallara, siyasi, tibb, tarix və xarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyacın yaranması heç də təsadüfi deyil: "Elm sahəsində müəyyən irəliləyişlərin əldə olunmasından sonra bu cür əsərlər maraq yenidən oyanıb. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz zəfər həm yeni qələbəmizə, həm də tarixi keçmişimizə maraq oyatdı. Məhz bu səbəbdən xalqımız həm yeni, həm də köhnə tarixini yaxından öyrənməyə çalışır. Ötən il əldə etdiyimiz Qarabağ Zəfəri gənclərimiz arasından yeni üfüqləri oyatdı. Çox sevindirici haldır ki, gənclərimizin bir çoxu türk tariximizlə daha yaxından maraqlanmağa başlayıb. Türkiyənin Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlığı, yəni bir çox anlarda birgə hərəkət etməsi də buna öz müsbət təsirini göstərir. Təbii ki, bu amillər gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm amildir. Ona görə də gənclərimizin türk tarixinə maraq göstərməsini təqdirəlayiq hesab edirəm.

Pandemiya dövrü olduğundan çox təəssüflər olsun ki, Mərkəzi Elmi Kitabxana, Mirzə Fətəli Axundov adına kitabxana və s. kitabxanalarımız tam şəkildə fəaliyyət göstərə bilmir. Ancaq bütün bunlara baxmayaraq gənclərimiz istər əyani, istərsə də virtual formada türk ədəbiyyatları ilə maraqlanırlar. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan gənclərimizin özünə inamını da artırdı və gələcəyə daha nikbin baxmasına müsbət təsir göstərdi.

Ümid edirəm ki, pandemiya tamam bitdikdən sonra istər gənclərimiz, istərsə də dahi mütəffəkirlərimiz, siyasi xadimlərimiz tariximizlə, ədəbiyyatımızla daha yaxından maraqlanacaqlar".

F.Ələkbərli diqqətə çatdırıb ki, orta məktəblərdə ortaq türk tarixinin tədrisinin başlanılması və Zəfər tarixinin tədris olunması gənclərimiz arasında vətənpərvərlik hisslərinin tərbiyəsinə müsbət təsir göstərəcək: "Çünki onlar yeni nəslin nümayəndələridir və Müstəqil Azərbaycanın övladlarıdır. Onlar bu müstəqilliyi nəinki qorumaq, gücləndirmək, eyni zamanda Azərbaycanımızın daha da güclənməsini öz qarşılarında görəcəklər. Onlar indi özlərini 50-60 milyonluq Azərbaycanlı çərçivəsində görürlər.

Bu mənada onlar artıq təkcə Azərbaycan Respublikasının sərhədlərini, yaxud da onun tarixi ədəbiyyatı ilə kifayətlənmək istəmirlər,onlar bütöv Azərbaycanı da öyrənmək istəyirlər. Yəni hədəflərimiz daha da genişlənir. Hədəflərimiz böyüdükcə tarixə, ədəbiyyata və digər məsələlərə marağımız da təbii ki, artır.

Üstəlik də ümumtürk tarixinə və bütöv Azərbaycan tarixi ədəbiyyatına. Təbii ki, yeni nəslin bu məsələ aktiv olmasını təbii qarşılamaq lazımdır. Mənə elə gəlir ki, pandemiyadan bitdikdən sonra bu daha da güclü bir sürət alacaq. Gənclərimizin türk tarixinə, ədəbiyyatına marağı daha da güclənəcək. Bu sahədə çalışmalar, elmi işlər də çox olacaq. Çünki artıq Azərbaycan böyüyür və Türk xalqların birliyi də güclənir".

Paralel.az

0.066854000091553