Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Tehranda görüşü nə vəd edir?
Paralel.az xəbər verir ki, Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
Bildirilib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.
Bəlli olduğu kimi, İranın son günlər Azərbaycana yönəlik xarici siyasəti xoşagəlməz görkəm alıb. Bununla yanaşı, İranın xarici işlər nazirinin müvaini Məhəmməd Kazım Səccadpur dostluq missiyası ilə Bakıda səfərdədir. Bütün bunlar göründüyü kimi, ziddiyyət təşkil edir. Bu ziddiyətlərə aydınlıq gətirmək üçün AXP sədri, siyasi təhlilçi Pənah Hüseyinə müraciət etdik. P.Hüseyin bildirdi ki, sözügedən görüş gözlənilən hadisə idi: "Bu il sözügedən üç ölkə rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyi də istisna edilmir. Hesab edirəm ki, bu görüşdə son zamanlar həm İran-Azərbaycan münasibətlərində yaranan problemlər, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik dizaynindəki dəyişikliklər müzakirə ediləcək. İran da bu məsələdə əsas regional dövlətlərdən biridir. Bilirsiniz ki, sentiyabırın 29-da Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq, Türkiyə, İran və Rusiya prezidentlərinin birgə görüşünün planlaşdırılması ilə bağlı artıq xəbərlər yayıldı. Bütün bunlar regionda təhlükəsizlik sisteminə yeni trafik-diplomatik dəyişikliklər edilməsinə cəhdlərin təzahürüdür. Hesab edirəm ki, bu görüş İranla Azərbaycan arasında yaşanan gərginliyi müəyyən qədər azalda bilər".
İranın bir tərəfdən Azərbaycana yönəlik aqresiv siyasət aparması, digər tərəfdən isə münasibətlərin normallaşdırılmasına cəhd göstərən tərəf kimi davranmasına münasibət bildirən siyasi şərhçi vurğuladı ki, İranın siyasəti bu baxımdan ziddiyyətli və yanlışdır: "1994-cü ildən - ermənilərin torpaqlarımızı işğal etdikdən sonra yaranmış status-kvonun saxlanmasında İran maraqlı görünürdü və buna uyğun siyasət aparırdı. İndi davam edən də həmin siyasətin fəsadlarıdır və İran bu siyasətini dəyişməlidir. İranın Azərbaycana yönəlik dost olmayan, bəzən isə düşmənçilik xarakteri alan siyasəti dəyişməlidir, dəyişməsə acısını özü görəcək".
Akif Nəsirli