Dayanacaqlardakı monitorlar kimə və nəyə xidmət edir?
Paytaxtın ictimai nəqliyyata aid dayanacaqlarındakı problemin biri həll olunsa da, digərləri həmişə həllolunmaz qalır. Bu barədə bizə müraciət edənlər avtobus dayanacaqlarındakı məlumat xarakterli monitorların işləməməsindən narazıdırlar: “Avtobus dayanacaqlarındakı monitorların demək olar ki, heç biri işləmr. Bəlkə də mərkəzi yerlərdə bu məsələ həllini tapıb. Lakin paytaxtın qalan rayonlarındakı istənilən dayanacağa getsəniz, monitorların heç birinin işləmədiyini görərsiniz. Həmin monitorlar sərnişinlərin məlumat alması üçün quraşdırılıbsa, biz bu xidmətdən istifadə edə bilmirik. Çünki heç bir monitor işləmir, o, dayanacaqda yalnız görkəm üçün asılıb. Halbuki bu vasitələrin alınması üçün nə qədər vəsait xərclənib. Daimi bir dayanacaqdan istifadə edənlər üçün bu məsələ elə də çətin deyil. Amma yaşlı, ahıl şəxslər və paytaxtın hər yerinə yolu düşənlər üçün monitorların işləməməsi böyük çətinlik yaradır. Biz istifadə etdiyimiz dayanacaqdan hansı avtobusun hərəkət etdiyini bilmək, yolumuzu düzgün istiqamətləndirmək istəyirik. Amma buna görə quraşdırılan monitorlar təyinatı üzrə fəaliyyət göstərmir. Monitorlar işləmirsə, çıxarsınlar, işləməlidirsə, düzəltsinlər”.
Nigar