Insan Hüquqları Komissiyası erməni hərbi cinayətlərini araşdıracaq

Insan Hüquqları Komissiyası erməni hərbi cinayətlərini araşdıracaq
 

Səadət Bənənyarlı: "Onların hesabatlarında əksini tapan faktlar gələcəkdə mütləq digər beynəlxalq təşkilatlar, o cümlədən də BMT tərəfindən nəzərə alınacaq"

Paralel.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən çox uzaqda yerləşən və mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Ombudsman Aparatından verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaq.

Məsələyə hüquq müdafiəçisi Səadət Bənənyarlının münasibətini öyrənməyə çalışdıq. Xanım Bənənyarlı bildirdi ki, İƏT MDİHK beynəlxalq aləmdə tanınmış və nüfuzlu bir təşkilatdır: "Bu təşkilat Azərbayycanın haqq səsini dünyaya çatdırmaq  istiqamətdə çox işlər görə bilər. Bilirsiniz ki, elə 44 günlük müharibədə də bu təşkilat və ona üzv olan ölkələr Azərbaycana çox önəmli siyasi dəstək verdi və bu dəstək post müharibə dönəmində də davam edir. Bu gün İƏT MDİHK-in Azərbaycana bu missiya ilə gəlməsi, ermənilər tərəfindən dağıdılmış şəhərləri, məbədləri - yaşayış və mədəniyyət mərkəzlərini öz gözləri ilə görməsi və onları öz hesabatlarına salması Azərbaycana böyük dəstəkdir. Çünki onların hesabatlarında əksini tapan faktlar gələcəkdə mütləq digər beynəlxalq təşkilatlar, o gümlədən də BMT tərəfindən nəzərə alınacaq. Bu gün ermənilər bir çox ölkələrdə Azərbaycan ərazisində olan Alban kilsələrini özlərininki kimi təqdim edir və guya onların "qayğısına qalır" ki, qoymayın azərbaycanlılar bizim məbədlərimizi dağıdacaq. Birincisi, elə bu fakt araşdırıcı missiyanın gəlişi ilə biz həqiqətləri onlara təqdim edəcəyik ki, bunlar erməni kilsəsi deyil, türk soylu qədim Alban kilsəsidir. Bu məbədlər tikiləndə yer üzündə hələ erməni adlı millət və dövlət yox idi.

Bununla yanaşı, biz otuz il ərzində ermənilərin Azərbaycan məscidlərini necə təhqir etdiyini, yaşayış məntəqələrimizi, şəhərlərimizi necə talan etdiklərini əyani olaraq fakt araşdırıcı missiyaya təqdim etmək imkanına malik olacağıq. Bu çox təqdirəlayiq hadisədir.

Hesab edirəm ki, bizim nüfuzlu alimlərimiz, elm adamlarımız da öz imkanlarından istifadə edib belə beynəlxalq təşkilatların özlərini və ya nümayəndələrini fakt araşdırıcı missiya ilə Azərbaycana dəvət etməlidirlər. Reallıqdarın dünyaya çatdırılmasında bu çox vacib məqamlardan biridir.

Akif Nəsirli

0.022873878479004